28 apr 17:03siyaset

Prezidentin keçmiş köməkçisi Qarabağ gizlinlərini AÇDI

Prezidentin keçmiş köməkçisi Qarabağ gizlinlərini AÇDIMilli Şuranın icra aparatının sabiq rəhbəri, prezidentin keçmiş köməkçisi, politoloq Eldar Namazov son günlər cəbhə xəttində baş verən hadisələrə münasibət bildirib.

E.Namazov Publika.az-a açıqlamasında deyib ki, aprelin əvvəlində Ermənistan tərəfi cəbhədə hərbi məğlubiyyətə uğramasından böyük şok keçirdiyi üçün artıq bəlli idi ki, onlar yaxın zamanlarda növbəti təxribata əl atacaq: “Ermənilər orduda yaranmış təlaşı və xaosu aradan qaldırmaq üçün əks hücuma keçməyə çalışacaqlar. Ancaq Ermənistan genişmiqyaslı hərbi hücum əməliyyatları keçirməyə qorxur. Çünki ermənilər Azərbaycan ordusunun gücünü artıq görüb. Ona görə də bu məğlubiyyətin əvəzini Azərbaycanın təmas xəttində yaşayan dinc əhalisindən çıxmağa çalışırlar”.

E.Namazov qeyd edib ki, Ermənistan hərbi birləşmələri dinc əhalini atəşə tutmaqla növbəti dəfə beynəlxalq hüququn tələblərini kobud şəkildə pozur: “Ermənistanın işğal etdiyi Azərbaycanın 7 rayonunda mülki əhali yaşamır. Ona görə də Azərbaycan Ordusu yalnız erməni hərbiçilərinə cavab atəşi açır. Ermənistan tərəfi isə dinc əhalimizə atəş açır. Vaxtilə Ermənistan etnik təmizləmə siyasəti apararaq, Qərbi Azərbaycanda və Dağlıq Qarabağda yaşayan Azərbaycan türklərini oradan zorla çıxarıblar. Ermənilər indi də təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc sakinlərə qarşı ağır silahlardan atəş açaraq, onları narahat edirlər, qorxutmağa çalışırlar. Ancaq güman edirəm ki, yaxın zamanlarda Azərbaycan Ordusu Ermənistanın bu təxribatının da cavabını layiqincə verəcək və erməni hərbiçilərini susduracaq”.

Son zamanlar müharibə çağırışlarının və ritorikasının artmasına da toxunan keçmiş dövlət müşaviri söyləyib ki, burada müharibə məqsəd deyil: “Müharibə bir vasitədir. Əsas məqsəd Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır. Biz dünya təcrübəsində çox görmüşük ki, hər hansı münaqişələr on illərlə danışıqlar yolu ilə həll edilməyən zaman hərbi əməliyyatlar bərpa olunur, yeni vəziyyət və güclərin balansı yaranır. Bunun nəticəsində isə hər hansı sülhə yaxınlaşmaq olur. Vaxtilə Misir ilə İsrail arasında baş verən müharibəni buna misal çəkmək olar. Güman edirəm ki, yaxın vaxtlarda Azərbaycan Ordusu növbəti dəfə genişmiqyaslı hərbi əməliyyatlar keçirməyi lazım bilsin. 1998-ci ildə Dağlıq Qarabağla bağlı təklif edilən “mərhələli sülh planına” həm Azərbaycan, həm də Ermənistan tərəfi razılıq vermişdi. Ancaq o zaman Rusiyanın təzyiqi və dəstəyi ilə Serj Sarkisyan və Robert Koçaryan prezident Levon Ter-Petrosyanı məhz bu təklifə razılıq verdiyi üçün iqtidardan devirdilər. Hazırda bu hadisələrin üzərindən təqribən 17 il vaxt keçir. Ötən 17 il ərzində bəlli oldu ki, Azərbaycan və Ermənistan arasında yeganə razılaşma “mərhələli sülh planı”dır. Sadəcə olaraq indi Serj Sarkisyanın bu barədə öz xalqına etiraf etmək üçün siyasi iradəsi çatmır. Əgər Sarkisyanın iradəsi çatsaydı, o zaman erməni xalqına etiraf edərdi ki, “biz 17 ildir sizi aldatmışıq və yalan söyləmişik. Biz elə düşündük ki, Azərbaycan müəyyən müddətdən sonra Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Ancaq indi bəlli olur ki, Azərbaycan heç zaman Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq, əksinə müharibə yolu ilə bu torpaqları azad etməyə hazırlaşır və sairə. Ona görə də bizim o zaman rədd etdiyimiz və Ter-Petrosyanın razı olduğu “mərhələli sülh planına” qayıtmalıyıq”. Bu gün Serj Sarkisyanın bunları etiraf etməyə nə vicdanı, nə də iradəsi çatır. Ona görə də indiki vəziyyət Ermənistanı müharibəyə sürükləyir. Bu müharibədə də Azərbaycan Ordusu son əməliyyatlar zamanı sübut etdi ki, yenidən hərbi əməliyyatlar başlasa, bunun nəticələri ermənilər üçün acınacaqlı olacaq”.
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47