06 sen 17:45siyaset

Əli Kərimli yeni hücum planı üzərində işləyir

Əli Kərimli yeni hücum planı üzərində işləyirHəbsdən azad olunmuş REAL partiyasının sədri İlqar Məmmədovun keçirdiyi və siyasi-ictimai rəydə birmənalı qarşılanmadığı mətbuat konfransının ardınca, ona qarşı təmsil olunduğu düşərgədən hücumların ediləcəyi proqnozları da özünü doğrultmaqdadır. Xüsusilə, bu il keçirilmiş prezident seçkiləri zamanı AXCP sədri Əli Kərimlinin hələ o vaxtlar həbsə olan İlqar Məmmədova sosial şəbəkədə reytinq faizində uduzması faktı artıq yeni müstəvidə savaş meydanına çevriləcək.

İlqar Məmmədovun debat qazanmaq şansı yoxdur

Əbəs deyil ki, REAL sədri sözügedən mətbuat konfransında ənənəvi düşərgədəki partiyalarla bağlı əməkdaşlıq fikirlərindən yayındı. Bunun əvəzinə isə iqtidarla debata çıxacağını deyərək, düşərgədaxili reytinqinə xal toplamağa cəhd etdi.

Düzdür, İlqar Məmmədovun hakim partiyanın istənilən siyasətçi üzvü ilə belə, debata çıxmaq şansı, daha dəqiq desək, debatı qazanmaq şansı yoxdur. Çünki daha öncələr o, bir dəfə debata çıxaraq, məğlub olmuşdu. Bu baxımdan, onun "debat məsələsi” yalnız özünə siyasi divident qazanmaq məqsədi güdür. Lakin qayıdaq yenidən AXCP məsələsinə...

Əldə etdiyimiz məlumata görə, artıq AXCP düşərgədaxili olan-qalan rıçaqlarını saxlamaq üçün müdafiə deyil, hücum planı qurmaqdadır. Bu məqsədlə Əli Kərimlinin yaxın ətrafı ilə bir neçə dəfə müzakirələr aparması barədə də informasiyalar var. Cəbhəçilərə yaxın olan mənbədən aldığımız xəbərə görə, bu dəfə də sosial şəbəkələr üzərindən REAL-a, yəni İlqar Məmmədova qarşı savaş aparacağını gizlətməyən Kərimli eyni zamanda, Avropadakı "siyasi mühacirləri” də bu işə qoşmağı planlaşdırıb.

Əli Kərimli kimlərə və nə üçün maliyyə vəsaiti ayırıb?

Xüsusilə, milli xəyanətkarlar statusunu qazanmış Orduxan Teymurxanı, Tural Sadıqlını və Sevinc Osmanqızını öz tərəfinə cəlb etməkdən ötrü AXCP sədrinin onlara maliyyə ötürəcəyi ilə bağlı məlumatlar mövcuddur. Onların qarşısına qoyulan vəzifələrdən biri də İlqar Məmmədova qarşı əks-təbliğat aparmaq məsələsidir. Eyni zamanda, Qənimət Zahidin də "Turan tv” vasitəsilə anti-REAL kampaniyasına qoşulmaq planları qüvvədə qalır. Məhz bu vasitə ilə apreldə keçirilən sosial sorğudakı məğlubiyyətinin əvəzini çıxacağını düşünən AXCP sədri mövcud planları vasitəsilə İlqar Məmmədovu dalana sıxışdırmağa çalışır.

Ancaq daha bir maraqlı nüans yalnız AXCP sədrinin deyil, eyni zamanda başqa müxalifət partiyalarının da REAL partiyasının sədrinə qarşı müsbət mövqe sərgiləməmələridir.

İstehza obyektinə çevrilmiş "üç hissəli” mətbuat konfransı

Misal üçün, VİP sədri Əli Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, Ağ partiya sədri Tural Abbaslı və başqaları da İlqar Məmmədovun artıq istehza obyektinə çevrilmiş "üç hissəli” mətbuat konfransındakı fikirlərini ciddi qiymətləndirmirlər. Buna misal olaraq, REAL sədrinin rəhbəri olduğu siyasi təşkilatın "cümhuriyyətiçi” olmasını bir neçə dəfə təkrarlamasıdır. Halbuki, bu gün ölkədə fəaliyyət göstərən bütün partiyalar da iddia edirlər ki, sağ, yaxud sol, eləcə də orta mərkəzçi olmasından asılı olmayaraq, onların hər biri cümhuriyyətçilik faktorlarına əsaslanırlar. İlqar Məmmədovun isə özünü və partiyasını ayrıca "cümhuriyyətçi” kimi təqdim etməsi əlbəttə ki, digər siyasi təşkilatların narazılığı ilə qarşılanmaqdadır. Bu baxımdan, onu qarşıda daha ağır hücumlar gözləyə bilər.

Beləliklə, REAL partiyasının sədri keçirdiyi ilk mətbuat konfransındaca, irəli sürdüyü qeyri-obyektiv fikirləri ilə özünü çətin vəziyyətdə qoyub. Bu vəziyyətdən istifadə edəcək ən əsas siyasi təşkilat isə yuxarıda adı çəkilən AXCP-dir. Hər halda, siyasi ictimaiyyət də başlanacaq AXCP-REAL siyasi savaşının nəticələrini görəcək.

Rövşən RƏSULOV
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36