12 iyn 11:04siyaset

Müsavat-AXCP qarşıdurması yeni və daha amansız mərhələdə TƏRS BAXIŞ

Müsavat-AXCP qarşıdurması yeni və daha amansız mərhələdə TƏRS BAXIŞPartiyalararası gərgin münasibətlər yenidən qızışır

Ənənəvi müxalifət düşərgəsində iki "ana müxalifət" iddiası ilə çıxış edən partiyalar - Müsavat və AXCP arasındakı gərginliklər yenidən qızışır. Belə ki, bu dəfə Müsavatda baş verən istefaların ardınca, cəbhəçilərin istefa verənləri öz tərəflərinə cəlb etmək cəhdləri yeni qalmaqalların yaranmasına səbəb olub. Xüsusilə sosial şəbəkələrdə baş alıb-gedən söyüş və təhqirlərdən də aydın görünür ki, bu dəfəki savaş daha amansızlığı ilə seçiləcək. Ə.Kərimlinin adamları Arif Hacılını məxsərəyə qoyaraq, onun başqanlığı dövründən onlarla insanın partiyanı tərk etdiyini yazırlar. Beləliklə, AXCP-nin əbədi və əzəli "mehriban düşməni" olan Müsavat partiyası ilə də münasibətlərinin son həddədək pisləşməsi, köhnə məsələlərin qabardılması, bir daha bütün kartları açıq edir.

Müsavatın saxtakarlıq yolu ilə seçilmiş başqanı Arif Hacılı eyni ifadələrlə Əli Kərimlini "vurmağa" səy göstərir

Onu da qeyd edək ki, "Milli Şura"dakı "müttəfiqlikdən" öncə, onlarla birliklərdə təmsil olunan hər iki partiya lideri son anda azğın düşmənlərə çevrilərək, bir-birlərinin siyasətlərini həzm etməyiblər. Məsələn, hələ 2000-ci il parlament seçkilərində Müsavat partiyasının başqanı İsa Qəmbər mərhum Elçibəyin xeyrinə geri çəkilməyərək, öz namizədliyini irəli sürmüşdü. O, həmin vaxtlar mətbuata müsahibəsində qeyd etmişdi ki, əgər Ə.Kərimli öz partiya liderinə "bitmiş siyasətçi" damğasını vurursa, nəyə görə də Müsavat partiyası öz siyasi ambisiyasını irəli sürməməlidir.

Bu gün eyni məsələ təkrar olunur. Müsavatın saxtakarlıq yolu ilə seçilmiş başqanı A.Hacılı eyni ifadələrlə Ə.Kərimlini "vurmağa" səy göstərir. Məsələn, o öz çevrəsinə deyib ki, Ə.Kərimli vaxtilə lideri Əbülfəz Elçibəyə xəyanət etdi, onu devirərək, AXCP-ni ələ aldı. Müsavatda isə pis-yaxşı başqan dəyişikliyi oldu və bu seçkilər yolu ilə reallaşdırıldı. Yəni A.Hacılı demək istəyir ki, İ.Qəmbərin başqanlıqdan getməsi Elçibəyin AXCP sədrliyindən qeyri-formal şəkildə uzaqlaşdırılması ilə bənzər deyil. Ona görə də, o, həm də keçmiş elçibəyçi kimi mərhum liderinin qisasını Kərimlidən almaq niyyətindədir.

Müsavatçıların AXCP sədri Əli Kərimliyə qarşı antipatik hissləri "palata"nın parçalanması və dağılması ilə müşahidə olunmuşdu

Gəlin AXCP və Müsavat qarşıdurmalarının son qarşıdurma illərinə nəzər salaq: 2003-cü ilin prezident seçkilərində qısa müttəfiqlik edən hər iki siyasi təşkilat arasında növbəti qalmaqal yaşandı. Belə ki, Müxalifətin Koordinasiya Mərkəzi adlı qurumda İ.Qəmbəri müdafiə edəcəyini bəyan edən Ə.Kərimli son anda AMİP rəhbəri Etibar Məmmədovu dəstəkləmişdi.

2005-ci ilin parlament seçkilərində boykot taktikasını tutan Ə.Kərimli bununla Müsavata qarşı "öldürücü" zərbə vurmuş oldu. Nəticədə, bir daha sübut olundu ki, ümumiyyətlə, nə AXCP, nə də ki, Müsavat partiyası heç vaxt hər hansı adda olan siyasi qurumda bir araya, yekdil fikrə gələ bilməyəcək.

Beləcə, 2013-cü ilin "Milli Şura" olaylarına qədər hadisələr davam etdi. İndi isə növbəti və daha kəskin savaşın baş qaldırması an məsələsinə çevrilib.

Lakin onu da xatırladaq ki, "Milli Şura"dan öncə, artıq fəaliyyətinə xitam verilmiş "İctimai Palata"da da bu kimi halların yaşanması davamlı olub. Müsavatçıların AXCP sədri Ə.Kərimliyə qarşı antipatik hissləri "palata"nın parçalanması və dağılması ilə müşahidə olunmuşdu.

Bu kimi davamiyyət isə ənənəvi müxalifətin fiasko tendensiyasının reallaşmasına yetərincə təkan verəcək

Göründüyü kimi, yarandığı gündən yalnız aşırı radikal düşərgənin inhisarı uğrunda mübarizə ilə yadda qalan, şəxsi maraqların vasitəçisinə çevrilən fikir ayrılığı artıq tam aydınlığa qovuşduğu üçün keçmiş "müttəfiqlər" bu cür açıq savaşa başlamaq məcburiyyətindədirlər. Çünki hansısa əməkdaşlıq nağılı artıq partiya üzvlərinə belə inandırıcı görünmür. Mübarizə o qədər açıq müstəvidə gedir ki, A.Hacılı ilə Ə.Kərimlinin bir-birilərinə qarşı apardıqları kampaniya sıravi partiya üzvləri tərəfindən də, hiss edilir ki, özünü sosial şəbəkələrdə tam çılpaqlığı ilə sərgiləməkdədir.

Beləliklə, yenidən başladılan əks-təbliğat kampaniyası isə növbəti mərhələyə keçid alıb. Bu kimi davamiyyət isə ənənəvi müxalifətin fiasko tendensiyasının reallaşmasına yetərincə təkan verəcək.

Rövşən Nurəddinoğlu
loading...
XƏBƏR LENTİ