24 may 11:11siyaset

“Rüstəm İbrahimbəyovun mənəviyyatı da günahsız insanların qanına bulaşıb”

“Rüstəm İbrahimbəyovun mənəviyyatı da günahsız insanların qanına bulaşıb”Rüstəm İbrahimbəyovun bu günədək ermənilərin ünvanına səsləndirdiyi sevgi dolu fikirlər, Rusiya və ABŞ mətbuatına verdiyi müsahibələrdə Azərbaycan torpaqlarının işğalında ermənilərin deyil, hansısa mücərrəd geosiyasi proseslərin günahkar olduğunu dilə gətirməsi təəccüblənmək üçün əsas qoymur. İbrahimbəyovun filmi Əkrəm Əylislinin “Daş yuxular” romanının məntiqi davamıdır. Bu adamlar erməni lobbisi və diasporunun dəstəyi ilə ədəbiyyat və kinematoqrafiya sahəsində yüksək beynəlxalq mükafatlara sahiblənmək istəyirlər.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib. O qeyd edib ki, Rüstəm İbrahimbəyov 2013-cü ildə “Rosbalt” agentliyinə verdiyi müsahibədə ermənilərin Azərbaycan xalqının düşməni olmadığını, onların da azərbaycanlılar kimi faciə qurbanları olduğunu deyib. İbrahimbəyov bildirib ki, Dağlıq Qarabağ təkcə torpaq deyil, həm də əsasən ermənilərdən ibarət olan əhalidir.

Bu adamın yanaşması göz önündədir və bu yanaşma erməniliyə xidmət edir. Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli və bu qəbildən olan digər adamlar Dağlıq Qarabağı Azərbaycandan qoparmağa çalışan qüvvələrin uzun illərdir ki, yemlədiyi, formalaşdırdığı “ictimai diplomatlar”dır və onlar çox təhlükəli bir missiyanı həyata keçirirlər. “Daş yuxular”, “Qafqaz üçlüyü” kimi “ssenarilər”in məqsədi azərbaycanlıların vəhşi obrazını formalaşdırmaqdan, erməni separatizminə və işğalına haqq qazandırmaqdan ibarətdir.

Elçin Mirzəbəyli bildirib ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonlarımızın işğalını və Dağlıq Qarabağın “müstəqilliyi” ilə bağlı iddialarını ermənilərin azərbaycanlılarla birgəyaşayışının mümkün olmaması ilə əlaqələndirirlər. Bu, onların Azərbaycana qarşı istifadə etdikləri əsas iddiadır. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər, Xocalı soyqırımının tanıdılması istiqamətində atılan addımlar isə bunun əksini sübuta yetirir. Təsdiq edir ki, ermənilər azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar, soyqırımı törədiblər. Dünyaya təqdim etdiyimiz həqiqətlərin qarşılığında onların ortaya qoyacaqları heç bir fakt, sübut yoxdur. Bu səbəbdən də sapı özümüzdən olan baltalar bədii təxəyyüllərini işə salaraq öz yalanlarına bədii-emosional don geyindirməyə cəhd göstərirlər. Bu prosesdə iştirak edən istənilən şəxsin, o cümlədən Rüstəm İbrahimbəyovun Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına xidmət etdiyini sübuta yetirməyə ehtiyac yoxdur.

Elçin Mirzəbəyli əlavə edib ki, Dağlıq Qarabağın və ətraf rayonların işğalı prosesi ermənilərin şüurlarına yeridilmiş faşist ideologiyasından – “böyük Ermənistan” xülyasından qaynaqlanır. Bu ideyanın daşıyıcıları nəinki azərbaycanlıları, bütövlükdə bütün türkləri, müsəlmanları, bölgə xalqlarını yer üzündən silmək istəyirlər. Bu zaman İbrahimbəyovun bu qanlı niyyətinin həyata keçirilməsində iştirak edən ASALA terrorçularından, hərbi cinayətkarlardan, soyqırımı təşkilatçıları və icraçılarından fərqi olmadığını görə bilərik. Əgər Qarabağda soyqırımı həyata keçirən erməni hərbi cinayətkarlarının əli Azərbaycan xalqının qanına bulaşıbsa, onlarla mahiyyət etibarilə eyni missiyanı həyata keçirən Rüstəm İbrahimbəyovun mənəviyyatı da günahsız insanların qanına bulaşıb. Bu qanı təmizləmək və İbrahimbəyov kimilərin alnındakı xəyanət damğasını silmək heç zaman mümkün olmayacaq.
loading...
XƏBƏR LENTİ