02 may 09:50siyaset

Bakı Paşinyanın arzusunu necə məhv edir...

Bakı Paşinyanın arzusunu necə məhv edir...Paşinyan kimi siyasi səfehlərin arzuları Azərbaycan xalqının iradəsinə dəyib çilik-çilik olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Paşinyanın Qarabağ mövqeyinə münasibət bildirərkən deyib. O vurğulayıb ki, Paşinyanın ordunun xərclərini artıracağı ilə bağlı bəyanatları xülyadır:

“Əgər Ermənistanın iqtisadi imkanları olsaydı, Sərkisyanın dövründə orduya ayrılan xərclərin miqdarını artırar, ordunun təchizatını daha yüksək qurar və yeni silahlar alardı. Ermənistanın büdcəsi, istehsal gücü Paşinyanın xəyallarla süslənmiş arzularını yerinə yetirməyə imkan vermir. Özü də Ermənistan getdikcə iqtisadi baxımdan daha da çökür, çünki Azərbaycan onu bütün layihələrdən təcrid edir. Yəni Paşinyan kimi inqilabi əhval-ruhiyyədə hakimiyyətə gəlmək istəyib belə bəyanatlar verən şəxslər Ermənistanda çox olub. Amma sonda bunların hamısı puç olub gedib”.

Politoloq Paşinyanın xalqların öz müqəddaratını təyin etmək hüququ ilə bağlı bəyanatlarına da münasibət bildirib:

“Dünyada 5500 xalq var. O millət və xalqlardan yalnız 202-i öz müqəddəratını təyin edərək, dövlətini qura bilib. Ermənistan da 1 dəfə Azərbaycanın tarixi torpaqlarında öz müqəddəratını təyin edib və özünə dövlət qurub. Yəni Ermənistan o “xoşbəxt” xalqlardandır. Bir xalqa iki dəfə öz müqəddəratını təyin etmək hüququ verilmir. Ora Azərbaycan torpaqlarıdır, həmin torpaqlarda ikinci erməni dövlətinin yaradılmasına yer-göy dağılsa da, heç kim imkan verməyəcək”.

Politoloq vurğulayıb ki, Dağlıq Qarabağın üçüncü tərəf kimi danışıqlar prosesində iştirakı məsələsi bundan əvvəl də dəfələrlə qaldırılıb:

“Dağlıq Qarabağın iki icması var: erməni və azərbaycanlı. Əgər bu icmaları tərəf kimi danışıqlar prosesinə qatmaq istəsələr, bu barədə düşünmək olar. Ancaq təkcə erməni tərəfinin iştirakı ilə Qarabağı üçüncü tərəf kimi danışıqlar prosesinə qoşmaq mümkün deyil. Erməni icması, əslində, Azərbaycan dövlətçiliyinə qarşı qiyam qaldırmış bir ovuc – ortalama 30-4 minlik quldur dəstədir. İndi bunlar hansı haqla, iddia ilə Azərbaycanın düz mərkəzində guya dövlət qurubmuş kimi danışıqlara qoşulsun?! Bu xülyadır və boş söhbətlərdir. Azərbaycan bu iddiaları hələ 1-2 il əvvəl rədd edib. Bu iddialar heç vaxt gündəmə gələ bilməz”.

Qeyd edək ki, erməni müxalifətinin lideri Nikol Paşinyan ötən gün baş nazir seçkisi ilə bağlı Ermənistan parlamentindəki müzakirələrdə Qarabağ məsələsində heç bir kompromisə getməyəcəyini deyib.
loading...
XƏBƏR LENTİ