17 apr 08:41siyaset

İqtidar-müxalifət dialoqu gerçəkləşə bilərmi?

İqtidar-müxalifət dialoqu gerçəkləşə bilərmi?Politoloq: “Prezident dialoq dairəsini genişləndirmək niyyətindədir”

2014-cü ildə iqtidar nümayəndəsi ilə müxalifət partiyalarının rəhbərləri arasında dialoq keçirilirdi. Bu dialoqda müxalifət nümayəndələri müxtəlif məsələləri qabardır, bir masa ətrafında iqtidar nümayəndəsi ilə müzakirə edirdilər. Lakin 2014-cü ildən sonra müxalifətlə iqtidar arasında bu formatda dialoqların şahidi olmadıq. Prezident seçkisi ərəfəsində mətbuatda dialoq məsələsi gündəmə gətirilsə də, dəyişən nəsə olmadı.

Bəs seçkidən sonra iqtidar-müxalifət dialoqu mümkündürmü?

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, ölkə başçısının seçkilərdən öncə xarici mətbuata verdiyi müsahibədən bir çox mətləblər aydın olur: “Belə başa düşülür ki, ölkə prezidenti dialoq dairəsini genişləndirmək niyyətindədir. Eləcə də yeni təbrik ənənəsini qoymasına da dialoq arenasının genişləndirilməsi prizmasından yanaşmaq lazımdır. Hesab edirəm ki, indiki vəziyyətdə bu, çox vacib məsələdir. Əslində prezidentin qurmaq istədiyi ictimai nəzarət mexanizminə də təkcə ictimai nəzarət deyil, həm də məşvərət mərkəzi kimi də yanaşmaq lazımdır. Düşünürəm ki, məşvərət mexanizmi elə qurulmalıdır ki, fikirlər hər iki istiqamətə dövr edə bilsin. Yəni əlaqə və əks-əlaqə olsun. Bunun üçün dialoq mexanizminin genişləndirilməsi lazımdır. Hökm deyil ki, burada ancaq prezident seçkisinə qatılan müxalifət iştirak etməlidir. Ölkədə böyük dünyagörüşünə malik olan siyasi partiyalarımız, mətbu orqanlarımız var. Yeri gəlsə indiki reallıqda Azərbaycanda elə mətbu orqanlar var ki, onlar siyasi partiyadan qat-qat güclüdür. Bunların iştirakı ilə dialoq mexanizmini yaratmaq olar. Ən yaxşı nümunə kimi də biz, Heydər Əliyevin qoyduğu bəzi ənənələri yenidən diriltməliyik. Onun məmurlarla, siyasi partiya, QHT-lərlə davranış manerasına indiki, modern prizmadan yanaşmalıyıq. Cəmiyyətdə kifayət qədər bacarıqlı, sağlam qüvvələr var”.

Politoloq bildirib ki, boykotçu müxalifəti də kənarda saxlamaq olmaz: “İndiki boykotçuların da tamamilə fərqli dünyagörüşü var. Ümumilikdə onların kənarda saxlanılmasının tərəfdarı deyiləm. Ancaq indi boykotçuların siyasi davranışında Azərbaycan cəmiyyətinə uyğun olmayan dəsti-xətt müəyyən olundu. Tarixdən bir misal deyim ki, ”Türkmənçay" müqaviləsi imzalanandan sonra İranda din və cəmiyyət münasibətləri elə vəziyyətdə olub ki, Təbrizin müştəhidi Təbatəbai gəlib Azərbaycana, burada çar hökumətini tərifləyib. Yəni biz hər zaman çalışmalıyıq ki, din bizim qəlbimizdə olsun. Din hansı siyasətə, adamlara müdaxilə edirsə, həmin adamların dialoq mexanizmində iştirakı o qədər də məqsədəuyğun deyil.

Çünki bizə lazımdır ki, azərbaycançılıq inkişaf etsin. Azərbaycan cəmiyyətinin öz orijinallığı var. Bütün müsəlman dünyasında ilk dəfə cümhuriyyəti biz yaratmışıq, qadınlara azadlıq vermişik. Biz qadınlara azadlıq verəndə nəinki müsəlman, heç Avropanın yarısı qadınlara azadlıq verməmişdi. Dialoq Azərbaycan cəmiyyətinin modernləşməsinə, dövlətin qüdrətlənməsinə xidmət etməlidir. Boykotçulardan kimsə dialoq mexanizminə qoşulub, sonra da başlayıb hansısa dini ideyalardan danışsın, bu, bizim cəmiyyətə yaramaz. Cəmiyyət o zaman güclü inkişaf edir ki, burada dinin yeri olub. Bu yer də bizim qəlbimizdir. Əgər dini qəlbimizdən kənara çıxarırıqsa, bu zaman fəsadlar olub. Ancaq bu o demək deyil ki, biz həmin qüvvələrlə işləməli deyilik. İqtidar bu qüvvələrlə işləyib, onları başa salmalıdır. Dünyəviliyin miqdarını artırmaqla həm bu adamlarla iş görülür, həm də onların ideyalarına qarşı daha müasir dövlətçilik ideyalarını qoyur".
loading...
XƏBƏR LENTİ