14 apr 19:53siyaset

"ATƏT və AŞPA müşahidəçiləri sifariş yerinə yetiriblər"

"ATƏT və AŞPA müşahidəçiləri sifariş yerinə yetiriblər""Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının əsas tərkib hissəsi olan vətəndaşların seçki hüququ ən yüksək səviyyədə təmin olunub. Ölkəmizdə keçirilən bütün seçki proseslərində biz bunu müşahidə edirik. Bütün texniki imkanlar ən yüksək səviyyədə təmin edilir və insanlar sərbəst, azad şəkildə səs verirlər. Bu mənada aprelin 11-də keçirilən prezident seçkiləri ölkəmizin demokratik inkişaf yolunda növbəti uğurudur. Ölkə əhalisinin 74,30 faizinin iştirak etdiyi səsvermədə seçicilərin 86,03 faiz səsini qazanan cənab İlham Əliyev növbəti dəfə ölkə Prezidenti seçildi. Bununla da xalq ölkənin parlaq gələcəyinə səs vermiş oldu. Lakin bu uğuru həzm edə bilməyən bəzi dairələr qərəzli yanaşmaları ilə demokratik şəraitdə baş tutan seçkini ləkələməyə cəhd edirlər”.

Avrasiya.net xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ATƏT və AŞPA müşahidəçilərinin seçki ilə bağlı qərəzli hesabatları ölkəmizin uğurlarını gözü götürməyən bəzi dairələrin sifarişi əsasında hazırlanıb: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının ölkəmizdə keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı hazırladıqları hesabatlar ədalətsiz və qeyri-obyektivdir. Bu, onların ucuz və köhnə taktikasıdır. Bu cür təşkilatlar insan hüquq və azadlıqlarından bir vasitə kimi istifadə edərək müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq edir və öz qaranlıq maraqlarını həyata keçirməyə çalışırlar. Ölkəmiz müstəqillik tarixində zaman-zaman bu cür qərəzli münasibətlərlə rastlaşıb, ancaq demokratiya və müstəqillik yolundan dönməyib. Hesab edirəm ki, bu cür hesabatlar ölkəmizin daxili və xarici siyasi kursuna, eyni zamanda dünyada artan nüfuzuna hansısa formada təsir edə bilməz.”

"İki sahil” qəzetinin baş redaktoru qeyd edib ki, ATƏT və AŞPA-nın nümayəndələri ilə yanaşı, seçkiləri izləmək üçün ölkəmizə bir çox xarici dövlətlərin, həmçinin beynəlxalq təşkilatların müşahidəçiləri gəlmişdilər: "Onlar ölkə üzrə bir çox seçki məntəqələrində oldular və səsvermə prosesini canlı olaraq izlədilər. Bundan sonra sözügedən müşahidəçilərin hesabatlarında, eyni zamanda nüfuzlu xarici KİV-də səsvermənin demokratik, şəffaf şəkildə keçirilməsi ilə bağlı kifayət qədər müsbət, obyektiv fikirlər səsləndirildi. Təəssüf ki, ATƏT və AŞPA müşahidəçiləri yenə də bu uğurlara qara eynəkdən baxdı, seçkilərin nəticələri ilə bağlı qərəzli fikirlər səsləndirdilər. Mən deyərdim ki, bu hesabatlar seçkidən əvvəl hazırlanıb və qeyri-obyektivlikdən başqa bir şeyi əks etdirmir.”

Vüqar Rəhimzadə vurğulayıb ki, ATƏT və AŞPA müşahidəçiləri Ermənistanda və digər ölkələrdə seçki pozuntularına göz yumur, heç bir münasibət bildirmir, Azərbaycana gəldikdə isə ədalətsizlik nümayiş etdirirlər: ”Onlar başa düşməlidirlər ki, Azərbaycan xalqı öz seçimini edib. Onlar isə bu seçimə qarşı çıxmağa çalışırlar. Bu isə qəbuledilməz və yolverilməzdir.”
loading...
XƏBƏR LENTİ