12 mar 16:11siyaset

“Real”lar və unudulan əsas hədəf - Cəmil Həsənlidən növbəti biabırçı ARQUMENT

“Real”lar və unudulan əsas hədəf - Cəmil Həsənlidən növbəti biabırçı ARQUMENTÖzlərini müxalifətin radikal cəbhəsi adlandıran siyasi partiyalar və bloklar əsas hədəflərini unudublar. Hər bir siyasi qurum yaradıldığı zaman qarşıya qoyduğu əsas hədəflərdən biri seçkilərdə iştirak etməkdir. Bununla da hakimiyyətə olan iddia nümayiş etdirilir. Azərbaycan müxalifətinin bu hissəsi isə əsas hədəfini unutduğu azmış kimi, prezident seçkilərində iştirak edən - haqlı olaraq bu hədəfi realaşdırmağa çalışan partiyaların ünvanına xoşagəlməz ifadələr səsləndirirlər.

Bu partiyalara hücum sosial şəbəkələrdə günlərdir gedir. Və Milli Şuranın sədri Cəmil Həsənli son müsahibəsində səsləndirdiyi fikirlərlə bu hücuma və seçkilərdə iştirak edən partiyaların ünvanına deyilən xoşagəlməz ifadələrə haqq qazandırmağa çalışdı. O, seçkilərdə iştirak edən siyasi təşkilatların müxalif düşərgəni təmsil etmədiyini bildirib:

"Bu gün müxalifətin bəlli bir dairəsi var. Və bu gün Azərbaycan müxalifəti, müxalifət qüvvələri seçkini boykot edir. "Azərbaycan müxalifəti" deyəndə də bilavasitə həmin o dairə nəzərdə tutulur. Ağ Partiyadır, "Qırmızı Partiya"dır, "Sarı Partiya"dır, o birisidir, bu birisidir, onların seçkiyə getməsi ilə heç nə dəyişmir. Çünki bu, müxalifətin iştirak etməsi demək deyil".

Milli Şura sədrinin bu fikrini, ümumiyyətlə, onun təmsil olunduğu müxalifət düşərgəsinin “seçkilərdə iştirak edən siyasi təşkilat müxalif düşərgəni təmsil etmir” tezisinin şərhi üçün ekspertlərə müraciət etdik.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Publika.az-a bildirdi ki, siyasi qurum adlanan hər bir təşkilatın məqsədlərindən biri də seçkilərdə iştirak olmalıdır.

Onun sözlərinə görə, siyasi qüvvələr özlərini elektrota tanıtmalı, platformasını və proqramını cəmiyyətə təqdim etməlidir:

“Onun digər siyasi qüvvələrdən fərqli baxışları nədən ibarətdir”, yaxud da “qarşıya qoyduğu məqsədlərə hansı xüsusi vasitələrlə çatmaq istəyir” kimi suallara cavab verilməlidir. Partiya seçkilərdə iştirakdan imtina edirsə, özünü sistemdən kənar vəziyyətə gətirib çıxarır. Deməli, başqa üsullar barədə düşünür. Onun məqsədi heç də seçki yolu ilə hakimiyyətə gəlmək deyil. Seçkiləri boykot etmək o deməkdir ki, həm öz gücünə inamsızlığı var, həm sosial bazası ilə bağlı, həm də öz daxilində problemləri var. Bütövlükdə isə deyəcək sözü yoxdur. Seçkilərdə favoritlər də, autsayderlər də olur, amma bu, o demək deyil ki, autsayderlər olan partiya seçkilərdə iştirak etməməlidir. Bəs özünü necə tanıtmalı, seçicilərlə necə təmasda olmalı və elektoratın sayını necə artırmalıdır? Görünür, bir çoxları ötən əsrdə qalıb, mübarizənin hansı üsul və vasitələrlə aparıldığını bilmirlər, demokratik üsulu özlərinin fəaliyyətində əsas element kimi qəbul etmirlər. Bu gün qeydə alınan namizədlərə baxsaq, görərik ki, onların 90 faizi siyasi partiyaların nümayəndələridir. Bu o demək deyil ki, seçkilərə qatılan partiyalar qalib gələcəyinə yüz faiz əmindirlər. Sadəcə olaraq sosial bazalarını genişləndirmək, öz platformalarını təqdim etmək istəyirlər”.

Müsahibimiz qeyd edib ki, başqalarına irad tutmaqla, onları aşağılamaqla yüksəlmək mümkün deyil:

“Bu, əslində siyasi qüvvələr arasında münasibətlərin daha da gərginləşməsinə aparan yoldur. Bu, qarşılıqlı təhdidlərə, elektoratın parçalanmasına aparan yoldur. Daha yeni texnologiyalardan istifadə etmək lazımdır, nəinki özünü doğrultmamış, ənənəvi və daim məğlubiyyətlərə gətirib çıxaran üsul və vasitələrdən. Başqalarının şəxsinə deyil, fikirlərinə münasibət birdirmək lazımdır. Baxın, onun irəli sürdüyü platforma realdır, yaxud da reallıqla uyğunlaşırmı, onun seçdiyi üsul və vasitələr nə qədər məntiqlidir, nə qədər ağlabatan və nəticəyə gətirib çıxardandır? Kiməsə adlar qoymaq çox yanlış praktikadır. Təəssüf ki, Azərbaycan müxalifətində bəzi dairələr hə də bu üsulu mübarizə vasitələrindən birinə çeviriblər. Kim seçkilərdə iştirak edirsə, düşünürəm ki, çox düşünülmüş addımdır. Onun nə dərəcədə uğur qazanıb-qazanmayacağı isə başqa məsələdir. Amma geniş miqyasda özünü təqdim etmə imkanı yaranır. Bundan başqa, nümayiş etdirir ki, mən sivil yollarla hakimiyyətə gəlmək istəyirəm. Əgər kimlərsə bunun əksini düşünürsə, onların Azərbaycan siyasətində nə qədər qalacağı barədə sual ortaya çıxır”.

Siyasi şərhçi Azər Həsrət Cəmil Həsənlinin əvvəl sayğı göstərdiyi bir alim və siyasət adamı olduğunu deyib. Son zamanlar, xüsusən 2013-cü il prezident seçkisindən sonra onun nə etdiyinin fərqində olmadığını deyən şərhçi C.Həsənlinin konkret siyasi qüvvələrə qoşulduğunu, açıqlamalarının heç bir ciddi məntiqə və arqumentə uyğun gəlmədiyini bildirib.

“Yəni, bu adam batdıqca batır. İndi onun “seçkilərə qatılanlar real müxalifəti təmsil etmir” deməsi, üzücü bir şeydir. Çünki, Azərbaycanda müxalifətçilik heç də onun arzu etdiyi kimi, mütləq radikal şəkildə olmamalıdır. Müxalifətçilik ağılla hərəkət etmək, qurucu yanaşma nümayiş etdirmək və proseslərin önündə getməkdir. Azərbaycanda qurucu konteksdə müxalifətçilik edən konkret siyasi qüvvələr var. Həmin qüvvələrin bir hissəsi öz namizədi ilə prosesə qatılıb və prezident seçkilərində iştirak edir. Cəmil Həsənlinin “real” dediyi siyasi qüvvələrə gəlincə, ötən şənbə günü biz onların real gücünü gördük. Onlar bir neçə min adamı belə mitinqə toplaya bilmədilər. Azərbaycanda 5 milyondan çox seçici var və onların 50 minini bir araya gətirə biləcək gücü yoxdur. 50 min nədir, normalda 5 mini bir araya toplaya bilmirlər. Budurmu, onların real siyasi müxalifəti? Təbii ki, deyil. Azərbaycan seçicilərinin böyük əksəriyyəti bu gün proseslərdə iştirak edir. İstər iqtidar, istərsə də müxalifət tərəfdən hər kəs öz mövqeyini sərbəst ifadə edir. Səsvermə günü də Azərbaycanda kütləvilik müşahidə ediləcək və istənilən şəxs istədiyi namizədə səsini verə biləcək. Bunun fonunda Cəmil Həsənlinin belə fikirlər səsləndirməsi təbii ki, reallıq hissini itirməsindən irəli gəlir”, - o deyib.

Azər Həsrət təssüfünü ifadə edib ki, Cəmil Həsənli Azərbaycan elminə böyük töhfələr verə biləcəyi halda, əsas işini bir kənara ataraq siyasi avantüristlərə qoşulub və heç bir məntiqi əsası olmayan fikirlər səsləndirir:

“Nə edək, biz bir söz deyə bilmərik, bu onun öz seçimidir. Amma Azərbaycandakı reallıqlar tamam fərqlidir və Azərbaycan xalqı da bu cür çağırışlara heç bir əhəmiyyət vermir”.

Müsahibimiz hesab edir ki, müxalifətin sözügedən düşərgəsində formalaşan “radikal müxalifət heç bir halda hansısa məsələdə eyni fikirdə olmaz, hakimiyyəti bütün hallarda sərt şəkildə tənqid etməlidir, heç bir halda dialoq qurula bilməz” kimi yanaşma xəstə təxəyyülün nəticəsidir:

“Heç uzağa getməyək, qonşu Türkiyədə müxalifətdə olanlar tənqidlərini də səsləndirirlər, hakimiyyətlə razılaşmırlar da. Amma xalqın, dövlətin mənafeyinə xidmət edən məsələlərdə müxalifət iqtidarla eyni masa arxasına oturur, razılığa gəlir və birgə addımların atılmasına "yox" demirlər. Azərbaycanda hakimiyyət illərdir ki, radikal qanadında yer almış insanlara çağırışlar edir, onları masa arxasına dəvət edir və müzakirələr açmağa çalışır, amma təəssüf ki, bu adamlar bu və ya digər bəhanələrlə müzakirələrdən yayınırlar. Bilirlər ki, hakimiyyət bunlara ümummilli məsələlərdə işbirliyi təklif edəcək. Bu insanlar “hakimiyyətlə heç bir məsələdə bir araya gəlmək mümkün deyil” yalanının açılmaması üçün Azərbaycan hakimiyyətinin çağırışlarına müsbət reaksiya vermirlər. Bu da onların dağıdıcı olmasından irəli gəlir. Bu insanların məqsədi ölkədə vətəndaşların rifahının yüksəldilməsi deyil, öz məqsədlərini istənilən üsulla həyata keçirməkdir. Təbii ki, zəif və ümumxalq dəstəyindən məhrum olduqlarına görə heç nəyi dəyişdirə bilmir, öz xeyirlərinə heç bir addım ata bilmirlər”.
loading...
XƏBƏR LENTİ