06 apr 07:35siyaset

Mövlud Çavuşoğlu: "Ankara Bakını müharibəyə təhrik etməyib"

Mövlud Çavuşoğlu: "Ankara Bakını müharibəyə təhrik etməyib"Türkiyənin Azərbaycana kömək etməyə hazır olması, Ankaranın Bakını müharibəyə sürükləməsi mənasına gəlmir.

Bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində bildirib.

“Türkiyənin lazım gəldikdə Azərbaycanı dəstəkləməyə hazır olması barədə bəyanatı Ankaranın Bakını müharibəyə təhrik etmək mənasına gəlmir... Biz qardaş Azərbaycana əsgərlərin həlak olması ilə bağlı başsağlığı veririk. Azərbaycanı lazımi anda dəstəkləmək onu müharibəyə sürükləmək anlamına gəlmir”, - deyə Mövlud Çavuşoğlu İranın Ramsar şəhərində azərbaycanlı və iranlı həmkarları Elmar Məmmədyarov və Məhəmməd Zəriflə görüşünün yekununda bildirib.

“Hansısa ölkə gəlib Azərbaycana məxsus Dağlıq Qarabağ bölgəsini işğal edir, sonra da Azərbaycan və Türkiyəni günahkar göstərməyə çalışır. Bu cür mövqe həm İslama, həm də insanlığa ziddir. Səmimi və ədalətli olmaq lazımdır. İşğal olunan ərazilər Azərbaycana məxsusdur”, - deyə Çavuşoğlu qeyd edib.

Çavuşoğlu bir sıra İran KİV-lərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın guya Dağlıq Qarabağda müharibəni təhrik etməsi barədə yaydıqları xəbərlər qara təbliğatdan başqa bir şey deyil: “Qardaş və dost ölkədən verilən bu cür şərhlər bizdə məyusluq hissi yaradır. Onlar həqiqəti əks etdirmir. Biz bu məsələdə həmişə dəqiq mövqedən çıxış etmişik. Ankara daim Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həll olunmasını dəstəkləyib”.

Nazir qeyd edib ki, Minsk Qrupu indiyədək münaqişənin həlli üzrə öhdəliklərini icra etməyib. “Sonuncu gərginliyə gəldikdə isə, Ermənistan atəşkəs rejimini pozub, bu isə toqquşmalara səbəb olub. Biz bu toqquşmaları alqışlamırıq. Türkiyə həmişə qardaş Azərbaycanı dəstəkləməyə hazır olduğunu bəyan edib. Biz bunu gizlətmirik, lakin eyni zamanda da atəşkəs rejiminin tezliklə təmin edilməsinə çağırırıq. Bu isə o deməkdir ki, Ankara münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan uzun illərdir ki bu təşəbbüsləri dəstəkləyir”, deyə XİN rəhbəri əlavə edib.
loading...
Reklam
XƏBƏR LENTİ