13 dek 17:16region

“Ermənistanda və Dağlıq Qarabağda guya kürd muxtariyyətinin olduğuna aldanmış İraq yazıçısına həqiqəti göstərdim”

“Ermənistanda və Dağlıq Qarabağda guya kürd muxtariyyətinin olduğuna aldanmış İraq yazıçısına həqiqəti göstərdim”“Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman İraq Prezidentinin dəvətilə həmin ölkədə bir neçə günlük səfərdə olub. Baş redaktor səfərinin məqsədi, keçirdiyi görüşlər və əldə olunan nəticələrlə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşüb.

Tahir Süleyman bildirib ki, həmin səfərin ərsəyə gəlməsində İraqda yaşayan bir yazıçının xüsusi əməyi olub: “İraqın Süleymaniyə şəhərində Mahmud Sənqavi deyilən bir yazıçı var. O həm də İraqdakı bölgələrdən birinin peşmərgə komandiridir. O mənə zəng vurub bildirdi ki, Azərbaycana səfər etmək istəyir. Səfərinin məqsədini soruşduqda bildirdi ki, bəzi məsələləri aydınlaşdırmaq məqsədilə bura gəlmək istəyir. Sən demə, həmin yazıçı saxta erməni təbliğatının təsiri altına düşərək, Ermənistanda və Dağlıq Qarabağ ərazisində kürdlərin yüksək yaşayış səviyyəsi və muxtariyyətlərinin olmasına inanıb, öz millətinin güzəranı ilə yaxından tanış olmaq üçün Ermənistana, oradan da işğal altında olan ərazilərimizə səfər edib. Nəticədə həmin ərazilərdə nə kürd millətinə, nə də hansısa muxtariyyətə rast gəlib. O soruşub ki, bəs hanı kürd muxtariyyəti? Məlum olub ki, orada yaşayan kürdlərin hamısını ermənilər qovub ölkədən çıxarıblar, onların hamısı Azərbaycanda məskunlaşıb. Məhz bu maraq onda Azərbaycanı görmək istəyini yaradıb. İstəyirdi ki, gəlib burada Ermənistandan qovulan kürd və azərbaycanlı ailələrlə görüşsün, bütün reallıqları öz yaradıcılığında qeyd etsin. Mən onu ölkəmizə dəvət etdim”.

Tahir Süleyman deyir ki, həmin yazıçı bilet alıb Azərbaycana ucub gəlsə də, obyektiv səbəblərə görə onun ölkəyə buraxılmasına icazə verməyiblər: “Bu ilin noyabr ayı idi. Mən sanatoriyada müalicə olunurdum. Mənə həmin adam zəng etdi ki, onu aeroportda saxlayıblar. Səhər ora getdim. Məlum oldu ki, həmin adam işğal altında olan ərazilərə ölkəmizin icazəsi olmadan səfər etdiyi üçün, onun ölkəyə buraxılması mümkün deyil. İraqın səfirinin iştirakı ilə biz onunla Bakı Hava Limanında qısa müddətə görüşə bildik. O dedi ki, qanunlara tabe olmaqdan başqa əlacı yoxdur. Azərbaycanda onunla edilən rəftardan razı qaldığı üçün, söz verdi ki, ölkəsinə gedən kimi həmin ölkənin Prezidenti adından 10 nəfəri İraqa dəvət edəcək. Gedəndən 10 gün sonra dediyinə əməl etdi. İraq Prezidentinin adından 10 nəfər jurnalist, yazıçı, deputat və şairlərdən kimələrisə seçib aparmağı bizim öhdəmizə buraxdılar. Bütün səfər xərcləri onlar tərəfindən qarşılanırdı. Mən bir çox yoldaşlara həmin səfərdə iştirak etməklə bağlı müraciət etdim. İraqın təhlükəsizliyi baxımından çoxları həmin səfərdə iştirak etməkdən ehtiyat etdi. Mən bir jurnalist əməkdaşımızla həmin səfərə yollandım. Bakıdan Ərbilə təyyarə ilə getdik. Oradan Prezident Administrasiyasının avtomobilləri bizi götürüb Süleymaniyəyə apardılar. İki gün Süleymaniyədə qaldıqdan sonra, bizi xüsusi təyyarə ilə Bağdada apardılar”.

Baş redaktor bildirir ki, iki gün Bağdadda qalandan sonra onlar İraqın Prezidenti Bərhəm Salehlə görüşüblər: “Bizimlə görüşündə İraqın Prezidenti Azərbaycan Prezidentinə olan xüsusi hörmət və ehtiramından danışdı. Bərhəm Saleh vaxtilə mərhum Prezident Heydər Əliyevlə keçirdiyi görüşləri də yada salaraq, dahi şəxsiyyətə bəslədiyi hörmətini ifadə etdi. Ölkə başçısı dedi ki, bir neft ölkəsi olaraq Azərbaycanla iqtisadi-siyasi əlaqələrin daha da möhkəmlənməsində maraqlıdırlar. Həmçinin, söz verdi ki, yanvar ayının 20-nə yenidən 10 nəfərlik nümayəndə heyətini İraqa dəvət edir. Mən istərdim ki, bizim ölkələrimiz arasındakı əlaqələr daha da möhkəm olsun. Bu istiqamətdə mühüm işlər də görülür. İndiyə qədər İraqda Azərbaycanın səfirliyi yox idi. Bu yaxınlarda açılıb. Biz istərdik ki, Süleymaniyə və Ərbildə də Azərbaycanın konsulluğu açılsın. Çünki həmin ərazilərdə türkmənlərlə kürdlər kompakt yaşayırlar. Hazırda Türkiyə ilə yanaşı, dünyanın 80-nə yaxın ölkəsinin o şəhərlərdə konsulluğu fəaliyyət göstərir. Bu istiqamətdə bizim İraq Prezidenti ilə də fikir mübadiləmiz oldu.

Tahir Süleyman daha sonra bildirdi ki, o, 2013-cü ildə də bir nümayəndə heyətilə İraqa səfər edib və oranın parlamentində Xocalı faciəsi ilə bağlı geniş tədbir keçirib: “Mən bu dəfə də İraq Prezidentindən xahiş etdim ki, Azərbaycanın üzləşdiyi faciələrlə bağlı imkanı çatan yerlərə məlumatlar versin. Çünki belə bir faciələri onlar da öz ölkələrində yaşayıblar”.
loading...
XƏBƏR LENTİ
Bu gün, 07:51
Bu gün, 06:57
Dünən, 14:07
Dünən, 14:02