21 noy 15:48region

İvanişvili azərbaycanlılara nələr söz verdi, nələr etdi?

İvanişvili azərbaycanlılara nələr söz verdi, nələr etdi?Gürcüstan demokratikləşir, ciddi siyasi mübarizə və ictimai fəallıq poliqonunu xatırladır. Bu sevindiricidir.

Axar.az xəbər verir ki, bu sözləri “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib. O bildirib ki, milli azadlıq mübarizəsinin hədəflərindən birini Gürcüstanın timsalında yaşayırlar:

“Mühafizəkar zehniyyətlə yeni, demokratik zehniyyətin mübarizəsi göz önündədir. Demokratiyanın və ümumiyyətlə islahatların Saakaşvili modeli o qədər sürətli və heyranedici idi ki, bu sürətə vərdiş etmək və ya ondan daha sürətli islahat modelini tətbiq etmək mümkünsüz idi. Keçid dövrü üçün baş verənlər inqilabi yeniliklər idi. Təbii olaraq, postsovet zehniyyəti bu sürətə və pozitiv dinamikaya hazır deyildi.

Saakaşvili dönəmində proseslərin bəhrəsini hər kəs bu və ya digər formada dadsa da, sovet mühafizəkar düşüncəsi tamamilə aradan qalxmamışdı. Bdzina İvanişvili oliqarx və fikrimcə, mühafizəkar xəttin nümüyəndəsi olaraq bəlli səbəblərdən 6 il öncə hakimiyyətə yiyələnə bildi. O, hakimiyyətə pulla, yəni daha çox siyasi kapitalla gəldi. Bütün narazı təbəqə İvanişvili tezislərinə aldandı və demokratiyanı yana itələyərək, daha gözəl gələcək arzusu ilə kapitalı seçdi. Amma o, nə sürətlə gedə, nə verdiyi vədlərə əməl edə bildi”.

Z.Məmmədli vurğulayıb ki, İvanişvili hətta bizim orada yaşayan soydaşlarımıza da bir çox vədlər vermişdi:

“Toponimləri bərpa edəcəyinə, qanunsuz yolla mənimsənilmiş torpaqları kəndliyə qaytaracağına, soydaşlarımızı ən yüksək dövlət vəzifələrinə, hətta icra başçısı, nazir kürsüsünə təyin edəcəyinə, əmək haqları və təqaüdləri bir neçə dəfə artıracağına söz versə də, heç birini yerinə yetirmədi. Bu azmış kimi rayon prefekti və parlament seçkiləri vaxtı soydaşlarımızın halal haqqını məhz saxtakarlıqla əlindən aldı. Məhz onun diqtəsi ilə 2014-cü ildən ictimai fəal olaraq mənim Gürcüstana girişimə əsassız qadağa qoyuldu. Bunun ardınca hər il iyul ayının 26-da Dmanisidə keçirilən, artıq türk dünyasına nüfuz etmiş və soydaşlarımızın milli mədəniyyətinin nümayiş meydanı olan mədəni-kütləvi tədbir - “Borçalı Türklərinin Elat Mədəniyyəti günü” tədbirini - Elat bayramını faktiki yasaqladı. Soydaşımın varlığına dözümsüzlük nümunəsi göstərərək Elat bayramının adını və məzmununu dəyişərək “Dmanisoba” ilə əvəzlədi. İnteqrasiya prosesində bir sıra humanitar layihələr məhz bu hakimiyyətin diqtəsi ilə durduruldu. Unutmayaq ki, 6 ildir Gürcüstanı İvanişvilinin komandası və pulu idarə edir”.

Z.Məmmədli vurğulayıb ki, yalanlar seriyası yenə davam etməkdədir:

“Rusiyanın marağına uyğun olaraq Gürcüstanın milli qüruruna təcavüz hesab oluna biləcək “Rusiya ilə müharibəni Saakaşvili başladı” kimi təhdidedici bəyanatlar da bu komandaya aiddir. Unutdu ki, gürcü insanı bu məsələlərdə kifayət qədər həssasdır. İvanişvilinin indiki namizədi Zurabişvilinin antitürk ovqatı da artıq heç kimə sirr deyil”.

Z.Məmmədlinin sözlərinə görə, artıq prezident seçkisinin birinci turunun nəticəsi ümumi götürəndə müxalifətin xeyrinə yekunlaşıb:

“Cənab İvanişvili populizmlə gəldi. Amma hesablaya bilmədi ki, demokratiyanı dadmış Gürcüstan insanının müqayisə imkanları yetərincədir. Saakaşvilini öz ölkəsindən didərgin salsa da, unutdu ki, Saakaşvilinin səpdiyi həqiqət toxumlarının cücərtiləri meydanlardadır. Unutdu ki, gürcü seçicisi və onun içərisində soydaşlarımız İvanişvili zehniyyətinin saya salmadığı qara kütlə deyil. O ayıqdır. Onu pulla, yalan vədlərlə əla almağın mümkün olmadığını artıq İvanişvili komandasının ağıllı təbəqəsi duymaqdadır. Ən son şans olaraq seçicinin duyğuları ilə oynamağa başladı, kredit borclarını ödəyəcəklərini bəyan etməklə, seçicini dolayı yolla ələ almağa cəhd edirlər. Düşünürəm ki, Knyazlıq ənənələrini qoruyan və onunla öyünən gürcü millətini bu cür ucuz vasitələrlə aldatmaq mümkün olmayacaqdır”.

Z.Məmmədli bildirib ki, Gürcüstan insanı müvəqqəti kənara qoyduğu demokratiyaya, demokratik islahatlara yenidən qucaq açmaqda, mühafizəkar əski düşüncə ilə birdəfəlik vidalaşmaqdadır:

“Eyni zamanda, öz milli-mənəvi saflığı ilə nümunə olan soydaşımız da ona dəyən zərbələrin, Gürcüstanı səhv səmtə aparmaq istəyən komandanın yanlışlıqlarının fərqindədir. İnanırıq ki, soydaşlarımız da daxil Gürcüstan seçicisi birinci turda göstərdiyi qətiyyəti 28 noyabr təkrar seçki günü də göstərəcək, daha da səfərbər olunaraq demokratiyanı, demokratik islahatlar xəttini, Saakaşvili modelini seçəcək”.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu 28 noyabrda keçiriləcək. İkinci turda birləşmiş müxalifətin namizədi Vaşadze ilə hakim Gürcü Arzusunun dəstəklədiyi müstəqil namizəd Zurabişvili mübarizə aparacaq.
loading...
XƏBƏR LENTİ