05 okt 15:34region

Rusiyanın ABŞ-dakı casuslarını satan polkovnik sağdır - Şok

Rusiyanın ABŞ-dakı casuslarını satan polkovnik sağdır - ŞokABŞ-da Rusiya casus şəbəkəsini satan Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş polkovniki Aleksandr Poteyev sağdır.

Axar.az xəbər verir ki, bu iddia ilə “BuzzFeed” saytı çıxış edib. Jurnalistlərin apardığı araşdırma nəticəsində bəlli olub ki, Poteyev Floridada yaşayır. 2016-cı ildən ştatda yaşayan polkovnik burada müəyyən əməllərinə görə cərimələnib, hətta respublikaçı kimi qeydiyyatdan keçərək səs verib.

Saytın əməkdaşları Poteyevlə əlaqə saxlamağa və görüşməyə çalışsalar da, heç bir uğur əldə etməyiblər. Bununla belə “BuzzFeed” Poteyevin sağ olmasıyla bağlı məlumatı keçən il əldə etdiyini, amma Mərkəzi Kəşfiyyat İdarəsinin Poteyevin həyatını təhdid altında qoymamaq üçün onu yayımlamamağı xahiş etdiyini bildirib.

Qeyd edək ki, Poteyevin ölümü haqqında məlumat 2016-cı ilin iyulunda yayılıb. Lakin indiyə qədər heç bir rəsmi qurum bu məlumatı təsdiq etməyib. Bəzi ekspertlər sonradan məlumat yayaraq, polkovnikin ölümü haqqında dezinformasiyanın onun gizlədilməsi üçün yayıldığını iddia ediblər.

2010-cu ildə Poteyev ABŞ xüsusi xidmət orqanlarına Rusiyanın ABŞ-dakı casus şəbəkəsi haqqında məlumat verib. Poteyev xüsusilə, ABŞ-da Rusiyanın ən dəyərli casuslarından olan Rusiya Xarici Kəşfiyyat Xidmətinin generalı Mixail Vasenkovu Vaşinqtona satıb. Sonradan Poteyevin özü şəxsən Vasenkovun dindirilməsində iştirak edib və onun Rusiyanın lehinə casusluq etdiyini etiraf etməsini istəyib.

Məhz Poteyevin sayəsində sonradan Nyu Yorkda məşhur rusiyalı kəşfiyyatçı Anna Çapman da yaxalanıb.

2010-cu ildə olan həbslərdən sonra Rusiya öz casuslarını ABŞ kəşfiyyatçıları ilə dəyişdirməyə razılıq verib. Nəticədə Rusiya casusları qarşılığında ABŞ-a 4 Rusiya vətəndaşını təhvil verib. Bu şəxslərdən üçü dövlətə xəyanətdə ittiham edilib. Moskvanın Vaşinqtona təhvil verdiyi adamlar arasında Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal da yer alıb.

Poteyevin özünə gəlincə isə, o, Rusiyadan saxta pasportla qaça bilib. Belə ki, Dudoçkin soyadı ilə saxta pasport hazırlayan polkovnik əvvəlcə Belarus, daha sonra isə Ukraynaya gedib. Buradan isə o, Almaniyaya keçərək, ABŞ-a uçub. 2011-ci ildə Rusiya məhkəməsi onu qiyabi şəkildə dövlətə xəyanətdə ittiham edərək, 25 il həbsə məhkum edib.
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36