05 okt 10:53region

İrəvan hərbi büdcəni artırdı: hansı gəlirlə?

İrəvan hərbi büdcəni artırdı: hansı gəlirlə?Ermənistanda belə bir qərarın verilməsi iqtisadiyyatı çətin vəziyyətdə olan bir ölkə üçün ciddi problemlər yarada bilər.

Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli Ermənistanın 2019-cu il üçün nəzərdə tutulan dövlət büdcəsi layihəsində hərbi xərclərin artırılması ilə bağlı qərara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ötən il Ermənistanın hərbi büdcəsi ümumi büdcənin təqribən 10 faizi həcmində - 468 milyon dollar idi:

“Bu il isə bu rəqəm 13,6 faiz artırılır və 528,7 milyona qaldırılır. Təbii ki, hərbi xərclərin birdən-birə bu qədər artırılması Ermənistan iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Çünki hərbi xərclər artdıqca sosial xərclərin azalması baş verəcək. Ermənistanın elə bir böyük iqtisadi potensialı və gəlir mənbələri yoxdur ki, paralel olaraq həm sosial, həm də hərbi sahədə eyni dərəcədə büdcə artımına qərar verə bilsin. Hərbi xərclər sosial və digər xərclərin kəsilməsi hesabına artırılır. Bunun başqa yolu yoxdur. Amma görünən odur ki, indiki hökumət düşünür ki, xalqdan gələn sosial sifariş bu yöndədir. Çünki Azərbaycanın hərbi büdcəsi sürətlə artır. Azərbaycanın həm büdcəsini, həm də hərbi xərclərini artırması Ermənistanda narahatlıqla qarşılanır.

Yəqin ki, yeni rəhbərlik bunu nəzərə alaraq, Ermənistan cəmiyyətini “sakitləşdirmək” üçün belə bir addımın atılmasına qərar verib. Amma sosial vəziyyəti ağır olan ölkələrdə hərbi xərclərin artırılması heç bir iqtisadi məntiqə sığmır və nəticəsi yaxşı olmayacaq”.

Ekspert onu da qeyd edib ki, Ermənistan hərbi xərcləri nə qədər artırsa da, bu, Azərbaycanın hərbiyə xərclədiyi vəsaitdən qat-qat az məbləğ olacaq:

“Azərbaycanın bu sahədə üstünlüyü davam edəcək. Hazırda Azərbaycanda hərbi, hərbi sənaye və hüquq-mühafizə orqanlarına xərclənən məbləğ ümumi büdcənin 30 faizə qədərini təşkil edir. Azərbaycan müdafiə xərclərinə, hüquq mühafizə orqanlarına, təhlükəsizlik xərclərinə təqribən 4 milyard vəsait ayırıb ki, Ermənistanın bütövlükdə dövlət büdcəsi o qədər deyil”.

Qeyd edək ki, Ermənistan 2019-cu il üçün nəzərdə tutulan dövlət büdcəsi layihəsində hərbi büdcə xərclərini gözlənilmədən 528,7 milyon dollara qədər artırıb. Cari illə müqayisədə (hərbi büdcə 2018-ci ildə 468 milyon dollar olub – red.) bu, 13,6% artım deməkdir. Müdafiə Nazirliyi artıq indidən gələn il hərbi büdcənin daha çox yeni silah-sursat alınması üçün istifadə ediləcəyini bildirib.

Bu, Ermənistanın 2008-ci ildən bu yana ikinci ən böyük hərbi büdcəsidir.
loading...
XƏBƏR LENTİ