Ukraynadakı Azərbaycan təşkilat sədrləri barışıblar - FOTO » Avrasiya.Net
 
19 iyl 18:44region

Ukraynadakı Azərbaycan təşkilat sədrləri barışıblar - FOTO

Ukraynadakı Azərbaycan təşkilat sədrləri barışıblar - FOTO Azərbaycan diasporunun say baxımından çoxluq təşkil etdiyi Ukraynada Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ilk dəfə birləşdirici konfrans keçirilib.

Modern.az saytı xəbər verir ki, bu tədbirdə indiyə kimi bir-birilə münaqişəli vəziyyətdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının üzvləri eyni masa arxasında əyləşiblər.

Bu, Azərbaycanın xaricdəki diaspor təşkilatları arasında bir ilk olub.

Belə ki, iki ən böyük diaspor təşkilatının rəhbəri – “Birləşmiş Ukrayna Azərbaycanlıları Diasporu”nun sədri Hikmət Cavadov və “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi”nin sədri Rövşən Tağıyev Dövlət Komitəsi rəhbərliyinin təşəbbüsü ilə barışıblar.

Xatırladaq ki, bu təşkilatlar vaxtilə Ukrayna Azərbaycanlıları Konqresinin parçalanmasından sonra yaranıblar.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyi Ukraynaya səfər proqramı çərçivəsində hər iki təşkilat liderini bir araya gətirərək, uzun illər küsülü qalan icma rəhbərləri arasında soyuqluğa son qoyub.

Bu parçalanmaya son qoyulması Ukrayna azərbaycanlıları diasporunun gələcəyi üçün optimist vədlər verir və yerli strukturun vahid mərkəz kimi daha effektli və təsirli fəaliyyət göstərəcəyinə zəmin yaradır.

Qərara gəlinib ki, hər iki təşkilatın nümayəndələrinin iştirakıyla birgə İşçi Qrupu yaradılsın və bu İşçi Qrup yaxın bir ay ərzində Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasını yaratmaq layihəsi üzərində işləyib razılığa gəlinsin.

Tədbirdə iştirak edən bütün tərəflər səfirlik, Diaspor Komitəsi və diaspor təşkilatları belə bir zamanda birləşmənin vacib olduğunu bildiriblər. Və bundan Azərbaycan dövlətinin faydalanacağına inandıqlarını bildiriblər.

Dövlət Komitəsinin rəhbərliyi diaspor rəhbərlərinə bildirib ki, bundan sonra heç bir kəsə qarşı ayrı-seçkiliyə yol verilməyəcək və bütün işlər Azərbaycan naminə aparılacaq.

Müxtəlif məlumatlara görə, hazırda Ukraynada 500 minə qədər azərbaycanlı yaşayır.
loading...
XƏBƏR LENTİ