Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi – separatçı haqda sensasion faktlar » Avrasiya.Net
 
18 iyl 22:28region

Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi – separatçı haqda sensasion faktlar

Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi – separatçı haqda sensasion faktlarHümbətovun İrəvana və Qarabağa səfərini təşkil eləmiş erməni alim: “O, mənə guya talış hərəkatı üçün bir siyahı verdi və 260 min avro istədi…”

Azərbaycan dövləti və xalqına qarşı xəyanətkar mövqeyinə görə ölkədən qovulan, qondarma “TMR” başçısı Ələkrəm Hümbətovun gerçək siması son Gəncə hadisələrində bir daha özünü göstərdi. Azərbaycan dövlətini, daxili sabitliyi hədəf alan və qarışıqlıq yaratmaq niyyəti güdən həmin hadisələrin əsas fiquru – terrorçu Yunis Səfərovu “el qəhrəmanı” edənlərdən biri də məhz o oldu. Bununla bir daha Gəncə hadisələrində “xarici iz” özünü göstərmiş oldu.

Özünü talış xalqının lideri sayan, lakin talış olmayan, daha çox Azərbaycanın cənubunda uğursuz separatçı hərəkatın lideri və uzun müddət xaricdə bu hərəkatın təbliğatçısı kimi tanınan Hümbətov bu azmış kimi, sonralar Ermənistanın və Dağlıq Qarabağdakı erməni separatçılarının müdafiəçisi rolunda çıxış eləməyə başladı. 2013-cü ildə hətta erməni şərqşünas-alim, İrəvandakı Rusiya-erməni (slavyan) Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru Qarnik Asatryanın dəvəti ilə İrəvanda və Xankəndində oldu, Azərbaycan əleyhinə bəyanatlar səsləndirdi. Ölkəmiz əleyhinə ermənilərlə birgə hansısa planlarda iştiraka cəhd elədi.

Ancaq bunlar əbəs cəhdlər idi və boşuna getdi. Əsas da ona görə ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda yüzlərlə şəhid vermiş, xalqımızın yerdə qalan hissəsi ilə ət-dırnaq kimi olan talış xalqı, onun ziyalı kəsimi nə Hollandiyada sığınacaq tapmış Ə.Hümbətovu, nə də Moskvada gizlənən digər avantürist-separatçı Fəxrəddin Aboszadəni öz lideri, özününkü kimi qəbul eləmədi, onları rədd və çıxdaş elədi , onlara öz layiqli yerlərini göstərdi, Azərbaycan dövlətinə sadiqliyini bir daha nümayiş etdirdi.

Belə görünür ki, artıq erməni tərəfi də Hümbətovdan məsafə saxlamağa çalışır. “Talış milli televiziyası” təxribatçı ada malik tv-də 2018-ci il iyulun 4-də getmiş material və həmin materialda yer alan fikirlərlə bağlı “Qolos Armenii” nəşrinə müsahibə verən Qarnik Asatryanın söylədikləri hər halda, belə qənaət yaradır.

Verilişdə Ələkrəm Hümbətovdan incik şəkildə iddia olunur ki, daha o, əvvəlki Hümbətov deyil, talış xalqının maraqlarına arxa çevirib və guya artıq Azərbaycanın ərazi bütövlüyü və bu ərazi bütövlüyü çərçivəsində yalnız Talış Mədəni Muxtariyyətin tərəfdarı kimi çıxış edir, sırf öz şəxsi maraqları naminə yaşamağa başlayıb, hətta müəyyən siyasi gedişlər hesabına onun Azərbaycan hakimiyyətindən umacağı var və s.

Bu fonda onun 2013-cü ildəki İrəvan və Xankəndinə səfərləri və o zaman verdiyi bəyanatlara, etdiyi jestlərə, verdiyi mesajlara bir daha diqqət yönəldilir. Qeyd olunur ki, “Azərbaycandan qovulandan sonra Hollandiyada yaşayan Ələkrəm Hümbətov öz xalqının hüququ uğrunda mübarizədən tamamilə kənara, sanki kölgəyə çəkilib, talış məsələsi isə onu artıq az maraqlandırır”.

“Lakin son aylar bir çoxu üçün o gözlənilməz şəkildə fəallaşıb, ancaq talış xadimi statusunda yox, sanki Azərbaycanın ərazi bütövlüyünün tərəfdarı olaraq”, – deyə materialda iddia olunur və bu xüsusda bəzi detallara toxunulur. Bu detallar isə onun Azərbaycan dövlətinə gerçək münasibətini ortaya qoyur.

Məsələn, Hümbətovun 2013-cü ildəki səfərindən danışan Asatryan müsahibəsində deyir: “O vaxt Hümbətov özü mənimlə əlaqəyə çıxdı və Ermənistana gəlmək istədiyini dedi. Yəni bu, erməni tərəfinin yox, onun şəxsi təşəbbüsü olub. Siz təsəvvür edə bilmərsiniz ki, 3 nəfərin – Hümbətov, onun oğlu Tural və Hollandiyadan olan kuratorunun səfəri və burada bir həftə qalması üçün sadiq dostlarım hesabına böyük bir məbləği toplamaq üçün mən hansı əziyyətlərdən keçdim. Doğrudur, Ermənistanın Milli Təhlükəsizlik Xidməti onun üçün sanballı mühafizə ayırdı… Onun səfəri Azərbaycanda talış etnik faktorunu qəti olaraq markalamış oldu. Talışlar əmin oldular ki, biz ermənilər talışlara necə münasibət bəsləyirik. Hümbətov bəlkə özü də istəmədən “talış hərəkatı”nın (dırnaqlar bizimdir – “YM”) inkişafına böyük töhfə verdi. Ancaq bu səfərin guya Azərbaycanın layihəsi olması haqda verilişdə irəli sürülən iddia haqda heç nə deyə bilmərəm. Bilmirəm. Yalnız bunu deyə bilərəm ki, ola bilsin həmin səfərlə o, sonradan Azərbaycan hakimiyyətindən hansısa dividentlər almağa çalışıb. Lakin onun xüsusən də səfərin ilk günlərində necə qorxması və nə dərəcədə ehtiyatlı olmasından çətin ki, Azərbaycan üçün “faydalı” olmaq istəməsi görünürdü”.

Erməni alimin iddiasına görə, “talış işləri” Hümbətovu xüsusi maraqlandırmayıb: “O, daha çox ondan danışırdı ki, biz Azərbaycanda hakimiyyəti dəyişdirməliyik. Hətta gülməli şeylər iddia edirdi. Məsələn, deyirdi ki, talış mafiyası Azərbaycanda çox güclüdür və çalışmaq lazımdır bu mafiyanın köməyi ilə talışlar parlamentə nüfuz eləsin və orada çoxluqda olsun. O, hətta talış mafioz qruplaşmasından birinin Azərbaycan prezidenti seçilməsini mümkün sayırdı. Deyirdi ki, yalnız o halda “talış problemi” (dırnaqlar bizimdir – “YM”) həllini tapa bilər. Bilmirəm, onun özü buna inanırdımı? Ola bilsin, bu yaxınlarda öldürülən kriminal avtoritet Rövşən Lənkəranskinin şəxsiyyəti onda belə ümidlər yaratmışdı… Mənə elə gəlir, bu adam hələ də 90-cə illərin ab-havası ilə yaşayır və özünü Xalq Cəbhəsinin fəalı kimi hiss edir. Onun düşüncəsində “Talışıstan” müstəsna olaraq Azərbaycanda müəyyən şəxsi hədəflərə çatmaq üçün bir rıçaqdır”.

Lakin Astryan Hümbətovun Xankəndidəki çıxışını təqdir edərək bildirir: “Orada o, yaxşı çıxış elədi. Dedi ki, Arsax (Dağlıq Qarabağ – red.) xalqının uğurlarından riqqətə gəlib. Bildirdi ki, Artsax (Dağlıq Qarabağ – red.) xalqın çiçəklənib tərəqqi eləməsi üçün müstəqil olmasının parlaq nümunəsidir və istərdi ki, onun xalqı da “arsaxlılar” kimi öz azad ölkəsində yaşasın. Bu zaman o, iddia edirdi ki, talışların birinci Qarabağ müharibəsində ermənilərə qarşı iştirakı türk-azərbaycanlıların məqsədyönlü siyasətindən qaynaqlanan faciəvi tarixi anlaşılmazlıqdır və təntənəli şəkildə vəd elədi ki, belə bir şey daha təkrarlanmayacaq. Hümbətov pafoslu tərzdə “Talışlar heç vaxt ermənilərin əleyhinə getməyəcək, mən sizə söz verirəm!”, dedi.

“Həmin verilişdə Ələkrəm Hümbətovun erməni tərəfinə hansısa hərəkət sxemi təqdim elədiyi və “talış hərəkatını”nın maliyyələşməsi üçün pul istədiyi bildirilir. Siz bunu təsdiqləyirsinizmi”, – sualına erməni şərqşünas belə cavab verib: “Açığı, bu suala cavab verməkdə tərəddüd edirəm. Yalnız onu deyə bilərəm ki, onun Bakıda guya talış hərəkatı üçün mühüm addım olacaq Talış Mədəni Mərkəzi yaratmaq layihəsindən savayı heç bir hərəkət planlı yox idi… Səfərin son günü o, mənə guya talış hərəkatı üçün maddələrdən ibarət bir siyahı verdi və 260 min avro istədi”.

Qeyd edək ki, az öncə Ələkrəm Hümbətov “mühacir talış hökuməti”ni yaratdığını bəyan edib və sədr kimi təyin elədiyi Şahin Mirzəyevə (Bir neçə il öncə Ermənistana qaçan xain – “YM”) “kabineti” formalaşdırmağı tapşırıb. Astryan bununla bağlı bildirib: “Bu, onun mahiyyətinə xasdır. Siz yəqin bilirsiniz ki, bu – Talışıstan hökuməti deyil, Azərbaycan tərkibində talış muxtariyyət hökumətidir. Yəni dünya təcrübəsində görünməmiş bir şey! Çünki mühacir hökumətlər sonradan muxtar qurum yox, müstəqil dövlət elan olunmaq üçün yaradılır. Bu başabəla hökumətin üzvləri haqda hələ ki heç nə məlum deyil. Ancaq onun sədri Şahin Mirzəyev hətta heç talış da deyil, türkdür və talışca bilmir. Bütün bunlar Bakının təhriki ilə növbəti layihə olduğunu göstərir”.

Müsahibınin sonunda Astryan Ə.Hümbətovla bağlı xəyal qırıqlığına uğradığını etiraf edir. “Ələkrəm Ələkbəroviç dəyişməyib. O, həmişə belə düşünüb, belə olub. Sadəcə, mənə elə gəlir ki, o, Ermənistanda olmasından birincisi, Azərbaycandan divident almaq üçün istifadəyə cəhd edib; ikincisi, bu alınmayanda ermənilərdən guya talış hərəkatının ehtiyacı üçün hansısa kömək almağa çalışıb – hansı kömək ki, mən əminəm, onun şəxsi ehtiyaclarına yönələcəkdi. Ancaq görəndə ki, heç nə çıxmadı, o saat öz adi təbiətinə, əsl simasına tapındı və özünü həyatda indiyədək necə aparmışdısa, elə apardı – Azərbaycanın əsl patriotu kimi… Deyilənlərə görə, Hümbətov azərbaycanlılara xoş gəlmək üçün Hollandiyanın harasındasa qoyulmuş Xocalı genosidi abidəsinə vaxtaşırı baş çəkir və hər yerdə deyir ki, ermənilər Xocalı soyqırımını törədiblər”, – deyə erməni başabəla şərqşünas sonda həyasızcasına iddia edib… (“Yeni Müsavat”)
loading...
XƏBƏR LENTİ