16 may 07:32region

Türkiyə Qüdsü niyə Kıprıs və Qarabağdan daha çox sevir?

Türkiyə Qüdsü niyə Kıprıs və Qarabağdan daha çox sevir?Fələstin məsələsinə Türkiyədə müşahidə etdiyimiz xüsusi həssaslıq bizdə bir çox insanda qıcıq doğurur.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, bu münasibəti təkcə Türkiyənin indiki prezidentinin və iqtidar partiyasının siyasi-ideoloji xətti, dünyagörüşü, bölgə siyasəti ilə izah etmək yanlışdır:

"Türkiyədə bütün dövrlərdə Fələstin məsələsinə həssas münasibət mövcud olub, hətta bir çoxlarınıza qəribə gələ bilər, 1980-ci ildə hərbi çevriliş yolu ilə iqtidarı ələ keçirmiş xunta rejimi də bu baxımdan istisna deyil. Həmin il Knesset Qüdsün İsrailin paytaxtı elan olunmasını nəzərdə tutan qanun qəbul etmişdi, Türkiyə isə buna cavab olaraq İsraillə diplomatik əlaqələrini əvvəlcə 2-ci katiblik, daha sonra isə katiblik səviyyəsinə endirmişdi. Türk xalqının Fələstin və Qüds həssaslığının dini və tarixi səbəbləri var. Bu, ən əvvəl hamının bildiyi kimi, Qüdsün müsəlmanların da müqəddəs şəhəri olması ilə əlaqədardır. İslamın müqəddəslərindən olan Əqsa məscidi orada yerləşir. Əqsa müsəlmanların ilk qibləsidir və “Quran”da bəhs olunan peyğəmbərlə bağlı isra-merac möcüzəsində adı çəkilir. Peyğəmbər merac gecəsi Allah tərəfindən Məscidi-Haramdan (Kəbənin də aid olduğu ibadət yeri) Məscidi-Əqsaya aparılıb, oradan isə səmaya - İlahinin hüzuruna qaldırılıb. Yəni səmavi dinlərdəki hekayələrin insanların, toplumların, millətlərin həyatına, dünyadakı nizama yüzillər, minillər boyu necə təsir etdiyini və etməkdə olduğunu görürsünüz. Sonradan peyğəmbər Məscidi-Əqsanı Məscidi-Nəbəvi və Məscidi-Haram ilə birlikdə ziyarət edilməsi zəruri olan 3 məkandan biri kimi qeyd edib”.

Politoloq vurğulayıb ki, indi fələstinlilərin və dünyadakı digər inanclı müsəlmanların, o cümlədən türk xalqının qəzəbinə belə bir müqəddəs məkanın biryolluq itirilməsi təhlükəsinin yaranması səbəb olub:

"Paytaxtı Qüds (ən azı Şərqi Qüds) olan müstəqil Fələstin xəyalının puç olması fələstinlilər üçün ən ülvi arzunun gözləri önündə məhvi deməkdir və çox əzablıdır. 14 mayda Qəzzada yaşananlar - minlərlə insanın az qala intihara yürüməsi buradan qaynaqlanır".

Politoloqun sözlərinə görə, Türkiyənin Fələstin həssaslığının digər səbəb isə onların bir neçə əsr həmin torpaqlara hökm etmələridir:

"İndiki İsrail və Fələstin torpaqları 400 il Osmanlının nəzarətində olub, bu səbəblə türk insanı o torpaqların taleyinə, əvvəlki təbəənin ah-naləsinə biganə qala bilmir və şüuraltı olaraq özünü həmin ərazilərin və oradakı məzlumların qorunmasına məsul hiss edir".

Ş.Cəfərli qeyd edib ki, digər tərəfdən, Fələstin imperializmə və sionizmə qarşı mübarizənin ön cəbhəsidir və bu mənada artıq simvollaşıb:

"Türkiyənin qeyri-mühafizəkar kəsimi üçün bu, önəmli məsələdir. Türk solçuları (Dəniz Gəzmiş-filan) 1968-69-cu illərdə bölgəyə gedərək Suriya və Livandakı kamplarda təlim almışdılar. Onların məqsədi fələstinlilərin mübarizəsinə dəstək verməklə yanaşı, həm də Türkiyə daxilindəki mübarizə üçün lazımi hazırlığa yiyələnmək idi".

Politoloq bildirib ki, Fələstin probleminin Türkiyədə milli məsələ olduğunu söyləmək olar:

"Nə Kərkük-Mosul, nə Doğu Türküstan, nə Krım, nə də Qarabağa, hətta mən deyərdim, Kıbrıs məsələsinə belə, bu səviyyədə münasibət və yanaşma yoxdur, yəqin ki, olmayacaq".
loading...
XƏBƏR LENTİ