17 apr 17:46region

Serj Sarkisyan Ermənistanın baş naziri oldu

Serj Sarkisyan Ermənistanın baş naziri olduErmənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkənin baş naziri olub.

Xatırladaq ki, bu gün parlamentdə hökumət başçısı seçkisi keçirilib.

S.Sarkisyan bu vəzifəyə yeganə namizəd olub və seçki alternativsiz şəraitdə baş tutub. Onun namizədliyini parlamentdə 58 deputatı olan Respublikaçılar Partiyası və qanunverici orqanda 7 deputatla təmsil olunan “Daşnaksütyun” Partiyasından ibarət koalisiya irəli sürüb.

Parlamentdə 9 deputatla təmsil olunan və Nikol Paşinyanın başçılıq etdiyi “Çıxış” müxalifət bloku isə baş nazir seçkilərini boykot edib və səsverməyə qatılmayıb. Qanunverici orqanda müzakirə və səsvermə keçirilərkən müxalif deputatlar öz tərəfdarları ilə birlikdə Yerevanda S.Sarkisyanın baş nazir olmasına qarşı etiraz aksiyası keçiriblər. Amma müxalifətin mövqeyi nəzərə alınmayıb.

Parlamentin 105 deputatından əksəriyyətinin dəstəyini alan S.Sarkisyan baş nazir olub. Səsvermədə 93 deputat iştirak edib. Onlardan 76-sı Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.

* * *14:40

Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı iclas başlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Serj Sarkisyan Ermənistan parlamentində deputatların suallarına cavab verir.

İclasda 15 deputat iştirak etmir. İclas 90 deputatın iştirakı ilə davam edir. Spiker Ara Babolyan “kvorum var” deyə bildirib.

Hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan çıxışında Azərbaycan Ordusunun təhlükəsini xatırladıb və qeyd edib ki, “Azərbaycan faktoru bizim ölkəmizə güclü liderin lazım olduğunu göstərir”.

O, Sarkisyanın baş nazir seçilməsinin vacib olduğunu bildirib.

“Bu, Ermənistanın təhlükəsizliyi və Dağlıq Qarabağa görə lazımdır”, - deyə Baqdasaryan iddia edib.

Sarkisyan çıxışında təhlükəsizliyin bir nömrəli prioritet olduğunu bildirib: ““Aydındır ki, hakimiyyətə gələcək siyasi qüvvə idarəetmə vasitəsilə vətəndaşlardan səs aldığı proqramın icrasını gerçəkləşdirəcək. Hakimiyyət Respublika və Daşnaksütyun partiyalarının proqramlarını reallaşdıracaq.

Bizim Qarabağ probleminin sülh yoluyla həlli ilə bağlı mövqeyimiz dəyişməyib, erməni ordusunun gücləndirilməsi və modernləşdirilməsi isə gündəlik işimizin predmetidir”.

Qeyd edək ki, çıxışlardan sonra səsvermə olacaq. Əgər bu gün baş nazir seçilməsə, o zaman 7 gün sonra yeni namizəd irəli sürülməlidir. İkinci mərhələdə də baş nazirin seçilməsi mümkün olmasa, parlament buraxılmalı və növbədənkənar seçkilərə gedilməlidir. Lakin ekspertlər Sarkisyanın bu gün baş nazir seçilməsi ehtimalının güclü olduğunu hesab edirlər.

Yerevan küçələrində müxalifət kütləvi etiraz aksiyası keçirir.
loading...
XƏBƏR LENTİ