12 apr 10:35region

İsrail və İran açıq savaşa girir?

İsrail və İran açıq savaşa girir?Qarşıdakı günlərdə İranın bölgədəki geosiyasi gücünü zəiflətmək üçün müxtəlif istiqamətlərdə proseslər həyata keçirilə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy İsrailin Suriyanın hərbi aerodromunu vurması məsələsini şərh edərkən deyib. O bildirib ki, son dövrdə Suriyadakı proseslərdə İran faktoru İsraili ciddi şəkildə narahat edir:

“Prosesin başından etibarən İsrail Suriyanın qarışmasında, bölgədə ona təhlükə ola biləcək ölkələrin zəifləməsində hər nə qədər maraqlı görünsə də, birbaşa Suriya daxilindəki proseslərdə açıq tərəf olmağı seçməyib. Daha çox baş verən hadisələrdən faydalanmağa çalışıb və özü üçün risk təşkil edən hadisələrə öz maraqlarına uyğun şəkildə müdaxilə etməyə çalışıb. Bu çərçivədə də İsrail həm Suriyada, həm də Livanda özü üçün təhlükə təşkil etdiyi ərazilərə hərbi hava hücumu təşkil edib. Çünki bu proseslər başda İsrailə geosiyasi rəqib, onun maraqlarına ziddiyyət təşkil edəcək qonşu ölkələrin zəifləməsi olaraq səciyyələnirdisə, artıq o zəifləmə ilə paralel ortaya başqa bir risk çıxıb. Hazırda regionda İsrail üçün ən böyük təhlükə İranın getdikcə öz maraqlarını Yaxın Şərqdə gücləndirməsidir. Yəni Suriya rejimi zəiflədi, amma bütün regionda İranın gücü artdı”.

N.Cəfərsoy qeyd edib ki, əslində ABŞ-ın İrana yönəlik sərtləşən mövqeyində İsrail amilinin də rolunu qeyd etmək mümkündür:

“Hazırda Suriyada Əsəd rejimi devrilmədiyi üçün bölgədə İsrailin arzu etdiyi geosiyasi vəziyyət yaranmadı. Bundan başqa, İsrail üçün maraqlı məsələlərdən biri də bölgədə kürd dövlətinin yaranması idi. Bu məsələ İsrail tərəfindən tez-tez gündəmə gətirilirdi. Bu çərçivədə də İsrail zaman-zaman proseslərə kənardan müdaxilə etməyə çalışır. İsrail üçün ən önəmli risk təşkil edən amillərdən biri də Livandakı Hizbullah təşkilatıdır ki, İranın bu təşkilata çox ciddi dəstəyi var. Mövcud vəziyyətdə əgər əvvəl İsrail Livan üzərindən İran təhdidini hiss edirdisə, bu gün artıq bu təhlükə Suriyada da getdikcə güclənir”.

N.Cəfərsoy vurğulayıb ki, artıq Suriyada baş verən proseslərin aktuallığı İsrail üçün artıb:

“Dolayısı ilə hərbi əməliyyatlar, İsrailin bu prosesə müdaxiləsi birbaşa Suriya üzərindən deyil, Livandakı Hizbullaha yönəlik müəyyən bir əməliyyatlar şəklində özünü göstərə bilər. İranın Suriyadakı geosiyasi gücünü zəiflətmək üçün İsrail bölgədəki ABŞ amilindən də istifadə etməyə çalışacaq. Belə ki, ABŞ-ın proseslərə qoşularaq, Suriyada Əsəd rejiminin zəiflədilməsi üçün hərbi hava müdaxiləsi etməsi, ya da bölgədə ABŞ-ın gücünü artırmaqla Suriyada İranın fəaliyyətinin daha açıq, daha sərt şəkildə hədəfə alması İsrail üçün xüsusi önəm kəsb edə bilər. Digər tərəfdən, İsrail Suriyaya Livan üzərindən birbaşa müdaxilə edə bilər. Əgər bu baş verərsə, bölgədə açıq bir savaş ehtimalını da istisna etmirəm”.

Qeyd edək ki, İsrail Hərbi-Hava Qüvvələri Suriyaya zərbə endirib. İran İsrailin bu addımına cavab veriləcəyini açıqlayıb.
loading...
XƏBƏR LENTİ