14 mar 11:16region

Bako Saakyan ABŞ-da kimə lazımdır?

Bako Saakyan ABŞ-da kimə lazımdır?Bəlkə də bu sualın cavabı yazının axırında verilməlidir. Amma bəri başdan deyək ki, əslində nəinki ABŞ-ın, hətta Ermənistanın “böyük bacısı” adlandırılan Fransanın da Ermənistanla bağlı hər hansı geosiyasi və geoiqtisadi maraqları yoxdur.

Baxmayaraq ki, arabir Fransanın bəzi şirkətlərinin Qarabağda qızıl hasilatı ilə məşğul olması haqda informasiyalar səslənir, ümumilikdə hər iki ölkə Ermənistanı investisiya və iqtisadi əməkdaşlıq baxımından də perspektivsiz sayır.

Bir daha deyirik ki, Yerevanı özünün bölgədə “forpostu” adlandıran və daim onu himayə edən Rusiyadan fərqli olaraq, nə ABŞ-ın, nə də Fransanın bu ölkə ilə bağlı hər hansı geosiyasi planı yoxdur. Hər iki ölkəni Ermənistana və Dağlıq Qarabağa müəyyən diqqət ayırmağa vadar edən bir səbəb var ki, bu da həmin ölkələrdə yaşayan erməni əsilli seçicilərdir.

Bako Saakyanın növbəti ABŞ “səfər”inə də bu prizmadan yanaşmaq lazımdır. İlk öncə nəzərə almaq lazımdır ki, Konqres və ABŞ hökuməti tamamilə fərqli təsisatlardır. Bako Saakyanın ABŞ-a bu “səfər”i də həmişə olduğu kimi Konqresdəki erməni lobbisinin dəstəyi ilə baş tutub və erməni separatçı bu səfərdən bir az “ağlaşma” qoparmaq, bir azca da dilənməkçün istifadə etmək niyyətindədir.

Amma sözsüz, bu, ABŞ hökumətini məsuliyyətdən tamamilə azad etmir. Təbii ki, hökumət sferasında Saakyana hər hansı diqqət ayrılması istisna olunur. Fəqət, hamıya aydındır ki, ABŞ-a viza məsələsini onun Konqresi deyil, hökuməti həll edir. Bu baxımdan heç sözsüz, hökumət Azərbaycanın notasında ifadə olunmuş narazılığı və iradları araşadırmalı və nəzərə almalıdır, Dağlıq Qarabağın erməni separatçılarına Ermənistan vətəndaşı kimi ABŞ vizası verilməsi praktikasına son qoymalıdır.

Bundan başqa, Konqres daim Dağlıq Qarabağ separatçılarına maliyyə yardımı ayırır. ABŞ hökumətinin bu məsələdə də görə biləcəyi işlər var, çünki həmin məsələyə də ciddi şəkildə təsir etmək iqtidarındadır.

Hökumət istəsə həmin maliyyə yardımını ciddi şəkildə azalda, onun verilməsini ləngidə və ya çətinləşdirə bilər. Bu, hazırda ABŞ prezidentinin apardığı maliyyə siyasətinə də uyğun bir addım ola bilərdi, çünki prezident D.Tramp ciddi şəkildə bir çox istiqamətlərdəki maliyyə yardımlarının dayandırılmasına cəhd edir.

İstər-istəməz sual yaranır: doğrudanmı, Dağlıq Qarabağın erməni separatçıları ABŞ üçün NATO-dan, BMT-dən, digər strukturlardan və yaxud dövlətlərdən daha önəmlidir? Axı Tramp bütün bu istiqamətlərdəki maliyyə yardımlarını ciddi şəkildə ixtisar etmək istəyir...

Bu, məsələnin bir tərəfidir. Digər detalsa budur ki, Ukraynaya, daha konkret desək, Krıma və ya Şərqi Ukraynaya görə həmin ABŞ hökuməti Rusiyaya qarşı sanksiyalar tətbiq edir, Dağlıq Qarabağ separatçılarına isə maliyyə yardımı ayırır! Hansı məntqilə izah edək bunu? Yoxsa bunları da ABŞ Konqresinin “şıltaqlığ”ı kimi yozmaq lazım gəlir?

Dəfələrlə yazmışıq ki, “ikili standartlar” ifadəsini sevmirik. Gəl, belə siyasəti təsnif etmək və ona qiymət vermək üçün başqa bir ad da yoxdur.

Təbii, ABŞ-ın belə davranışının arxasında ciddi geosiyasi motivlərin dayandığını zənn etmirik. Ən azı ona görə ki, bu ölkənin Cənubi Qafqazda hələ ki, aşkar geosiyasi planları yoxdur, üstəlik, onun bir dövlət kimi kiçik Azərbaycanla da hər hansı probleminin olduğu duyulmur. Əksinə, Azərbaycanın energetika sahəsindəki çalışmaları, NATO-nun və yaxud ABŞ-ın həyata keçirdiyi müxtəlif tədbirlərdə fəal iştirakı dəfələrlə ABŞ siyasətçiləri və diplomatları tərəfindən yüksək dəyərləndirilib.

Ona görə də məsələ yenə bir amilə dirənir: o, da erməni əsilli seçicilərdir. Amma ABŞ siyasətçiləri ölkənin fundamental maraqlarını cari siyasi maraqlarına qurban verməkdə nə qədər haqlıdırlar? Təəssüf, bu sualın ağlabatan, məntiqli cavabı verilmir.

Sözsüz, hər yeni hökumət seçkilər vaxtı verilən vədlərin ziddinə olaraq maksimum dərəcədə Ermənistanla Azərbaycan arasında balans gözləməyə çalışır, Dağlıq Qarabağın erməni separatçılarına tula payı kimi kiçik maliyyə yardımları ayırmaqla erməni əsilli seçicilərin səsini itirməməyə cəhd edirlər.

Amma elə vəziyyətlər olur ki, orada “balans” gözləməyin özü bir cinayətdir: təcavüzkarla təcavüzə məruz qalan arasında balans gözləmək nə dərəcədə düzgündür?

Ola bilsin ki, amerikalı siyasətçilər özlərini daha praqmatik hesab edirlər. Fəqət, praqmatizm də müəyyən həddədək, bir sərhədə qədər məqbuldur - əxlaqi relyativizmə çevrilənə qədər! Bəli, hətta praqmatizm belə, əxlaqi relyativizmə çevriləndə artıq dözülməz və iyrənc olur...

Hüseynbala Səlimov
loading...
XƏBƏR LENTİ