22 fev 10:49region

İranı nə gözləyir: Təğyiri-libas olan dərvişlər və... – Şərh

İranı nə gözləyir: Təğyiri-libas olan dərvişlər və... – Şərhİrandakı iğtişaşlar korun-korun yanan ocağa bənzəyir. Bəzən tüstüləyir, bəzən qəfildən alışır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, bir neçə gün əvvəl İsfahanda lokal xarakterli, qısamüddətli etiraz dalğası başladı:

“Yenə də qadınlar çadralarını başlarından çıxararaq yerə atmağa başladılar. Düzdür, asayiş keşikçiləri prosesləri tez bir zamanda nəzarət altına alıb onu lokallaşdıra bildilər, amma Tehranda başlayan etiraz aksiyaları miqyasına görə digər aksiyalardan çox böyükdür. Qeyd olunur ki, iğtişaşlar Tehrana gələn dərviş liderlərindən olan Nemətullah Riyahinin həbs edilməsindən və dərvişlərin yaşadığı məhəllənin hökumət qüvvələri tərəfindən mühasirəyə alınmasından sonra baş verib. Təğyiri-libas olub islam dinini, tərki-dünyalığı təbliğ edən dərvişlər bu dəfə fərqli missiya yerinə yetirməkdədirlər. Kiçik bir aksiya böyüyərək qısa müddətdə Tehranın bir rayonunu bürüyən bir hadisəyə çevrilib. Yerli əhali də onlara qoşulub və bu zaman siyasi xarakterli şüarlar səsləndirilməyə başlayıb. Çox maraqlıdır ki, siyasi xarakterli şüarları səsləndirənlər arasında ən aktivləri dərvişlərin özləri olub. Dini təbliğatla məşğul olan adamlar birdən-birə siyasiləşib siyasi şüarlar səsləndirməyə başlayıblar”.

Q.Hüseynli hesab edir ki, bu, İranda insanların siyasiləşməsinin bir göstəricisidir:

“Əgər dini kəsim, yaxud dini təbliğatla məşğul olan insanlar da artıq siyasi çıxışlar etməyə başlayıbsa, bu, çox təhlükəli nəticələrə gətirə bilər. Güman edirəm ki, dərviş hərəkatı asayiş qüvvələri tərəfindən çox ciddi zərbə aldı. Bu zərbənin dərvişlər mühitində doğuracağı rezonans bundan sonra İran üçün proqnozlaşdırılması çətin olan nəticələrə gətirib çıxara bilər. Çünki dərvişlər İranda müəyyən imtiyazları və xüsusi missiyası olan, sayları da az olmayan bir kəsimdir. Onlar ictimai rəyin formalaşdırılmasında, yönləndirilməsində çox böyük, çevik və dinamik rol oynayırlar. Bu səbəbdən İran hakimiyyəti cəmiyyətin ən kövrək kəsiminə cəza tədbirləri görməklə özünə qarşı böyük narazı elektorat formalaşdırmış oldu”.

Politoloq əlavə edib ki, dərvişlərin Tehran şəhərinin böyük bir rayonunu öz tərəflərinə çəkə bilmələri və onlarla birlikdə hüquq-mühafizə orqanlarına qarşı mübarizə aparıb siyasi şüarlar səsləndirmələri İran inqilabı tarixində ilk dəfə baş verir:

“Bu hadisənin təlqin gücü var. Yəni, başqa dini kəsimləri, hətta ola bilsin şiə məzhəbinin digər kəsimlərini də öz təsiri altına ala biləcək bir təlqin gücü mövcuddur. Əgər bu təlqin gücü inkişaf etsə, yayılmağa başlasa ölkənin mülki əhalisi içərisində də böyük təbliğati gücə çevrilə və nəticə etibarilə İranda qarşıdurmanın yeni mərhələsi başlaya bilər”.

Qeyd edək ki, Tehranda baş verən son iğtişaşlar zamanı 5 nəfər ölüb. Onlardan üçü polis əməkdaşı, iki nəfər isə “Bəsic” könüllülər briqadasının üzvüdür. İğtişaş törədən Qonabad dərvişləri Nematollahi sülaləsindədir, onlar İranda geniş yayılmış sufi cərəyanının üzvləridir. Bu qrupun rəhbəri olan Nur Əli Tabəndə Tehranın Pasdaran xiyabanında yaşayır.
loading...
XƏBƏR LENTİ