06 fev 11:59region

Ermənistanın hakim dairələrindəki mənbə: “Qarabağda eskalasiya gözləyirik”

Ermənistanın hakim dairələrindəki mənbə: “Qarabağda eskalasiya gözləyirik”Rusiyanın “Kommersant” qəzeti Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinin Ermənistanda yeni konstitusiya əsasında həyata keçirilcək hakimiyyət dəyişiklikləri ilə demək olar eyni vaxta təsadüf edəcəyinə diqqəti cəlb edir. Belə ki, aprelin 18-də Ermənistan parlament üsul-idarəçiliyinə keçəcək. Prezident Serj Sərkisyanın baş nazir postuna keçəcəyi gözlənilir. Simvolik posta çevriləcək prezidentliyə isə onun həmfamili-Ermənistanın Londondakı səfiri Armen Sərkisyanın parlament çoxluğu tərəfindən seçilməsi planlaşdırılır.

Qəzet qeyd edir ki, Azərbaycandakı növbədənkənar seçkilərdə prezident İlham Əliyevin qalib gələcəyinə şübhə yoxdur. Və ehtimal edilir ki, hər iki münaqişə tərəfində təxminən eyni vaxtda baş verəcək bu siyasi hadisələr Qarabağa dair hansısa aralıq qərarın qəbulu ilə bağlı ola bilər. Bu qənaəti qəzetlə erməni siyasi texnoloq Vigen Akopyan bölüşüb. Akopyana görə iln birinci yarısında hər iki ölkədə liderlərin seçkisinin keçirilməsi tərəflərə imkan verə bilər ki, Dağlıq Qarabağ münaqişəsinə dair “yüksək dərəcədə legitimlik tələb edən” hansısa aralıq qərarlar qəbul etsin.

Yeri gəlmişkən Azərbaycanda növbədənkənar seçkilərin təyin edilməsinin Qarabağa dair hansısa güzəştlərlə bağlı ola biləcəyinə dair versiyanı bundan əvvəl Azərbaycanda deputat Rasim Musabəyov da irəli sürmüşdü.

Lakin Ermənistan hakim dairələrindəki yüksək rütbəli mənbə “Kommersant”la söhbətində “daha az optimist” olduğunu deyib və bildirib ki, əksinə, Dağlıq Qarabağda yeni eskalasiya gözləməyə meyllidir.

Hərçənd “Kommersant”ın Bakıda və İrəvanda söhbətləşdiyi digər mənbələr növbədənkənar seçkilərin Qarabağa dəxli olmadığı qənaətindədir.
loading...
XƏBƏR LENTİ