27 noy 18:14region

Ermənistan öz siyasətinin qurbanı olur - Araşdırma

Ermənistan öz siyasətinin qurbanı olur - AraşdırmaErmənistanda ali məktəb tələbələrinin “Hərbi xidmət və hərbi qulluqçunun statusu barədə” qanuna görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi qaydaları dəyişir. Təhsilini davam etdirmək üçün yalnız Ermənistan Müdafiə Nazirliyi ilə müvafiq saziş imzalayan tələbələrə möhlət veriləcək. Möhlət alan şəxs seçdiyi ixtisasla yanaşı, müvafiq hərbi hazırlıq keçməli və təhsilini başa vurduqdan sonra Müdafiə Nazirliyi tərəfindən seçilən hərbi hissədə, lakin artıq üç il (zabit rütbəsi və vəzifəsində) qulluq etməlidir.

Bu fikirlər analitik Elçin Mirzəbəylinin “Ermənistanda hərbi xidmətə çağırışdan möhlət davasının əsas səbəbləri” adlı araşdırmasında yer alıb. Onun sözlərinə görə, bütün bunlar Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətində həm müddətli, həm də müddətdən artıq xidmət keçən hərbi qulluqçularla bağlı ciddi problemlərin olduğunu göstərir:

“Yəni Ermənistan silahlı qüvvələri təkcə əsgər qıtlığı deyil, həm də zabit çatışmazlığı yaşayır. Ermənistan gənclərinin hərbi qulluq keçməmək üçün ölkəni həmişəlik tərk etmələri heç kimə sirr deyil. Rəsmi statistikaya görə, yalnız Aprel döyüşlərindən sonrakı 3 ay ərzində Ermənistanı tərk edənlərin sayı 60 min nəfərdən çoxdur ki, onların da böyük əksəriyyətini gənclər təşkil edir. Amma qanunla bağlı gün işığına çıxan başqa bir reallıq da var: Ermənistan gəncləri nəinki əsgər, hətta öz ölkələrinin silahlı qüvvələrinin zabiti olmaqdan belə imtina edirlər. Ermənistan rəhbərliyi gəncləri hərbi məktəblərə cəlb edə bilmir və ordudakı zabit qıtlığını təhsillərini davam etdirmək üçün hərbi xidmətdən möhlət hüququ alsınlar deyə Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur olan şəxslərin hesabına təmin etmək istəyir. Bu fakt həmçinin Ermənistan KİV-nin körüklədiyi vətənpərvərlik şoularının da heç bir əsası olmadığını, əksinə silahlı qüvvələrlə vətəndaşlar arasında ciddi bir uçurumun yarandığını nümayiş etdirir”.

Analitik bildirib ki, Azərbaycanla Ermənistanın bu və ya digər sahədə müqayisə edilməsinin tərəfdarı deyil, lakin mənzərə aydın olsun deyə bəzi məqamları açmaq lazımdır:

“Azərbaycanda ali təhsilin bakalavriat pilləsində təhsil alan bütün tələbələr istisnasız olaraq hərbi xidmətdən möhlət hüququna sahibdir. Prezident İlham Əliyevin 2016-cı il 21 iyun tarixli sərəncamı ilə magistrantlar və doktorantlara da hərbi xidmətdən möhlət hüququ verilib. Bunun artıq ilkin müsbət nəticələri də var. 2017-2018-ci tədris ili üçün magistraturaya qəbul olan oğlanların sayı əvvəlki illə müqayisədə 1593 nəfərdən 2771 nəfərə yüksəlib, başqa sözlə, 74 faiz artıb. Azərbaycanda peşə təhsili alanlara da növbəti təhsil pilləsinə keçmək üçün həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcək. Bu, “Peşə təhsili haqqında” qanun layihəsində də öz əksini tapıb. Qanunun 4.1.36 maddəsində bildirilir ki, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.

Təqdim etdiyim statistika və real faktlar Azərbaycan dövlətinin vətəndaşların fasiləsiz təhsil almaq hüququna verdiyi önəmlə yanaşı, ölkədəki demoqrafik vəziyyəti, silahlı qüvvələrimizdə şəxsi heyətlə bağlı hər hansı bir problemin yaşanmadığını, Azərbaycan Silahlı Qüvvələrinin zabiti adını daşımağın hər bir Azərbaycan vətəndaşı üçün şərəf məsələsi olduğunu nümayiş etdirir”.

E.Mirzəbəyli qeyd edib ki, Ermənistanda orta ümumtəhsil müəssisələri ilə bağlı vəziyyət də kifayət qədər acınacaqlıdır:

“Bu ölkənin elm və təhsil naziri Levon Mkrtçyanın açıqlamasına görə, 2017-cü il ərzində ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 14 məktəb fəaliyyətini dayandırıb və hazırda fəaliyyətdə olan digər məktəblərə birləşdirilib. Son 10 il ərzində Ermənistanda məktəblilərin sayı 100 min nəfər azalıb. Ölkədə yeni məktəblərin tikintisi isə az qala sensasiya xarakterli hadisə sayılır. Bu illər ərzində Ermənistanda 30-a yaxın məktəbin yarıdan çoxu ianələrin hesabına inşa edilib. Hazırda Ermənistanda 1385 məktəb fəaliyyət göstərir. 2012-ci ildə isə bu rəqəm 1450 məktəb təşkil edib. Bu isə o deməkdir ki, son 5 il ərzində Ermənistanda 65 məktəb fəaliyyətini dayandırıb. Bütün bunlar Ermənistandakı demoqrafik vəziyyəti və təhsilin real mənzərəsini müəyyən etmək üçün yetərlidir. Bu mənzərənin əsas səbəbi isə Ermənistanın öz işğalçılıq siyasətini davam etdirməsidir”.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46