13 apr 07:42region

İranda prezident seçkiləri: şanslar necədir? - Süleymani

İranda prezident seçkiləri: şanslar necədir? - SüleymaniMayda İranda prezident seçkiləri keçiriləcək. Hazırda qonşu İslam respublikasında namizədliyini irəli sürən siyasətçilər qeydiyyata alınmaq üçün proseduralardan keçir. Namizədliyin qeydiyyatı müddəti bu həftənin sonunda başa çatacaq, daha sonra 10 gün müddətində namizədlərdən kimin qeydiyyata alındığı və seçkilərə buraxıldığı bəlli olacaq. İndiki prezident Həsən Ruhani namizədliyini hələ irəli sürməsə də, həftə sonuna qədər bunun baş verəcəyi gözlənilir.

Ancaq son dövrlər ABŞ və İsrailin anti-İran bəyanatları bu ölkə daxilində mühafizəkarların mövqelərini müəyyən qədər gücləndirə bilər. Bunun isə islahatçıların namizədi olan indiki prezident Ruhaninin mövqelərinin müəyyən qədər zəifləməsinə gətirib çıxarması mümkündür.

İranın Azərbaycandakı sabiq səfiri, hazırda İran mediasında siyasi icmalçı və təhlilçi kimi çıxış edən Əfşar Süleymani Teleqraf.com-a deyib ki, indi namizədliyin irəli sürülməsi prosesi gedir: “Müxtəlif şəxslər namizədliyini elan edir. Yəqin ki, indiki prezident Həsən Ruhanidə namizədliyini irəli sürüləcək. Eləcə də sabiq prezident Mahmud Əhmədinejat əvvəl bildirmişdi ki, namizəd olmayacaq, amma son xəbərlərə görə, artıq namizədliyini irəli sürüb. Güman etmirəm ki, onun ciddi dəstəyi olsun. Fikrimcə, xalq arasında onun böyük nüfuzu yoxdur. Əlbəttə, müəyyən qədər səs toplaya da bilər. Amma bu maksimum səs toplamaq anlamına gəlmir”.

Ə.Süleymani qeyd edib ki, islahatçıların namizədi böyük ehtimalla indiki prezident Həsən Ruhani olacaq: “Həsən Ruhanini sabiq prezidentlərdən Xatemi dəstəkləyir. Eləcə də rəhmətlik Rəfsəncani də indiki prezidenti dəstəkləyirdi. Yəqin ki, Rəfsəncaninin ailə üzvləri də bu xətti tutacaq. İslahatçıların başqa namizədinin olacağını düşünmürəm”.

Mütəxəssis qeyd edib ki, mühafizəkar qrupdan Seyid İbrahim Rəisi adlı bir din xadimi namizədliyini açıqlayıb: “Bu şəxs əvvəllər Ali Məhkəmə sistemində çalışıb, eləcə də Məşhəddə İmam Rzanın təşkilatına rəhbərlik edib. Belə fikirlər var ki, mühafizəkar tərəf seçkilərdə Seyid İbrahimi Rəisini dəstəkləyəcək. Amma iş ondadır ki, mühafizəkar tərəfdən başqa şəxslər də namizədliyini irəli sürür. Amma Seyid İbrahim Rəisinin sözsüz ki, hakimiyyət içərisində dəstəyi var. Lakin Əhmədinejatın və onun prezident olduğu dövrdə müavinləri olmuş iki şəxsin də namizəd olmaq istəməsi bəzi nüanslar yaradır. Hələlik biz bilmirik ki, bu şəxslər seçkiyə buraxılacaq, yoxsa buraxılmayacaq”.

Müsahibimiz qeyd edib ki, hazırda İranda ümumi seçki ab-havası hiss olunsa da, aktivlik müşahidə edilmir: “Seçki ab-havası var. Amma seçkiyə 20 gün qalmış rəsmən təbliğat başlaya bilər. Hazırda rəsmi təbliğatdan söhbət gedə bilməz. Amma virtual aləmdə, internet şəbəkələrdə müəyyən aktivlik, yazılmalar, xəbərlər müşahidə edilir. Siyasilər arasında seçki havası daha çoxdur. Amma rəsmi təbliğata hələlik müəyyən qədər zaman var. Gələn həftə hansı şəxslərin namizədliyinin qeydiyyata alındığı və seçkilərə buraxılacağı bəlli olacaq”.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 13:46