25 noy 11:19Qarabag

Saakyan təlaşda: hər 3 həmsədr ölkəyə niyə getdi?

Saakyan təlaşda: hər 3 həmsədr ölkəyə niyə getdi? Qarabağ separatçılarının lideri Bako Saakyanın bu gün Rusiyaya səfər etməsi politoloqların diqqətini çəkib.

Axar.az xəbər verir ki, bundan öncə Saakyan Fransa və ABŞ-a getmiş və telemarafonda iştirak etmişdi. Ancaq Saakyanın telemarafonda iştirakının prosesin görünən tərəfi olduğunu hesab edənlər az deyil.

ATƏT-in Minsk Qrupu həmsdərlərinin noyabrın ilk günündə bölgəyə səfərinin dərhal ardından Paşinyanın Dağlıq Qarabağa gəlməsi və burda 5 noyabra qədər “qısamüddətli məzuniyyət götürüb” qalması, noyabrın ikinci yarısından başlayaraq isə Qarabağ separatçılarının rəhbərinin Minsk Qrupunun həmsədr olduğu hər 3 ölkəyə ardıcıl səfəri hansısa prosesin getdiyini ehtimal üçün əsaslar yaradıb.

Bəzi müşahidəçilər ATƏT-in Minsk Qrupunun konkret təkliflərlə gəldiyini, buna görə də Paşinyanın Saakyanla təcili müzakirəyə ehtiyac hiss etdiyini, separatçı liderin bu səfərlərində isə erməni diaspor nümayəndələri ilə görüşərək, sözügedən ölkələrin rəhbərliyinə təsir etməyə çalışdığını bildirirlər. Ehtimallardan biri odur ki, Boltonun səfərindən sonra bir daha aktuallaşan işğaldakı ərazilərin qaytarılması məsələsinin ilin sonuna qədər reallaşması üçün Ermənistana təzyiqlər artır və bu məsələdə Rusiya da mövqe ortaya qoyub. Belə ki, ən azı 5 rayonun geri qaytarılması gündəmdədir.

Ancaq politoloq Elxan Şahinoğlu da daxil olmaqla, bəzi müşahidəçilər fərqli düşünürlər. Belə ki, bu səfərlərə Bakının verdiyi reaksiyanın kəskin olduğunu əsas gətirən politoloqlar proseslərin Azərbaycanın maraqlarına cavab vermədiyini hesab edirlər. Hətta E.Şahinoğlu ehtimal edir ki, həmsədrlər separatçıları danışıqlara tərəf kimi daxil etməyə çalışır.

Müşahidəçilərin Saakyanın bu səfərlərinə baxış fərqində xüsusi məqam da burdan qaynaqlanır. Bəzi ehtimallara görə, Bakı uyğun həll variantına mane olmaq üçün erməni diasporunun imkanlarından istifadə etməsi yönündə apardığı fəaliyyətə görə Saakyanın səfərlərinə etiraz edir. Ehtimal olunur ki, Ermənistanda 9 dekabr seçkisindən sonra Ermənistan işğal etdiyi ərazilərdəki silahlı qüvvələrini çıxartmaqdan başqa seçim imkanı qalmayıb. Qarabağ separatçılarının liderinin ardıcıl səfər “həyəcanı” da burdan qaynaqlanır.
loading...
XƏBƏR LENTİ