17 okt 09:02Qarabag

Gizli Qarabağ danışıqları: Rusiyanın yeni təklifi...

Gizli Qarabağ danışıqları: Rusiyanın yeni təklifi...Son proseslər göstərir ki, Moskva Dağlıq Qarabağ məsələsinin tənzimlənməsinə dair yeni həll variantı irəli sürməyə hazırlaşır.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Düşənbə görüşü əslində Soçidə Dağlıq Qarabağ ətrafında keçirilən görüşün nəticəsi hesab edilə bilər:

“Liderlər Soçidən sonra Bakıda tamamilə bağlı qapılar arxasında söhbət aparıblar. Üstəlik, Rusiya son zamanlar tez-tez Qarabağ məsələsinin həlli yolunda əlindən gələni edəcəyini bəyan edir. Bu da Moskvanın Dağlıq Qarabağ məsələsinin tənzimlənməsinə dair yeni həll variantı irəli sürməyə hazırlaşdığını açıq göstərir. Hətta Rusiya Xarici İşlər naziri Sergey Lavrov və müavini Qriqori Karasinin son açıqlamalarından sonra bu həll variantının konturları da yavaş-yavaş açılmağa başlayıb. Rusiyanın yeni təklifi Kazan, Sankt-Peterburq görüşlərinin, eləcə də Madrid prinsiplərinin nəticələrinə əsaslanır. Düzdür, rusiyalı politoloqlar yeni həll variantını 5 rayonun qaytarılması ilə əlaqələndirirlər. Azərbaycan tərəfi isə bu mərhələdə Qarabağa keçici status verilməsini qətiyyətlə rədd edir. Ancaq 7 rayon geri qaytarılarsa, Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın status məsələsi ilə bağlı müəyyən polemikalara girə bilər”.

Q.Hüseynli bildirib ki, Rusiya Qarabağ probleminin həllində yeni təkliflə çıxış etmək qərarına Qərbin Cənubi Qafqaz uğrunda mübarizədə aktivləşməsindən sonra gəlib:

“ABŞ nümayəndə heyətlərini durmadan Cənubi Qafqaza göndərir. Bugünlərdə Boltonun regiona səfəri gözlənilir. Trampın “yaxın vaxtlarda məsələnin həllində ciddi irəliləyişlərin şahidi ola bilərsiniz” açıqlamasından sonra ABŞ-ın növbəti fəallığı Moskvanı müəyyən qədər ürküdüb. Mümkündür ki, Ermənistandakı seçkilərə qədər Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilsin və proseslər müəyyən qədər irəliyə aparılsın. Bu mənada Azərbaycan XİN başçısının Lüksemburqda “bağlı qapılar arxasında eşitdiklərimiz bizə irəli getmək imkanları barədə müsbət impuls verir” açıqlaması da yerinə düşür. Bir sözlə, Rusiya problemin həllində təşəbbüsü əlinə alır. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ probleminin çözülməsində buzlar əriməyə başlayıb”.

Politoloq bu kontekstdə Ermənistan Prezidenti Armen Sərkisyanın məhz Rusiyanın göstərişi ilə əvvəlcə Moskvaya, sonra isə Dağlıq Qarabağa səfər etdiyini düşünür:

“Sərkisyan Moskvada Lavrov və Karasinlə görüşlər keçirdi. Çox güman ki, o, müəyyən təlimatlar aldıqdan sonra dərhal Dağlıq Qarabağa yollandı. Ermənistan prezidentinin guya məhsul bayramında iştirak üçün Şuşaya yollanması sadəcə bir bəhanə idi. Sərkisyan birbaşa Moskvanın tapşırığı ilə sülh prosesində müəyyən irəliləyiş əldə etmək üçün qondarma “dqr”in başçısı ilə görüşüb. Çünki Moskva hazırda Sərkisyanı özünə daha yaxın bilir. Artıq Moskvada və Ermənistanda da danışıqlar prosesində ipləri ələ keçirən Armen Sərkisyanın Rusiya ilə normal əlaqələr qurduğuna şübhə yeri qalmır”.
loading...
XƏBƏR LENTİ