21 fev 11:23Qarabag

Generalın irimiqyaslı müharibə xəbərdarlığının – Səbəbi

Generalın irimiqyaslı müharibə xəbərdarlığının – SəbəbiMüharibənin hər an aktiv fazaya keçəcəyi istisna deyil.

Bunu Axar.az-a Müdafiə naziri Zakir Həsənovun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündəki çıxışını şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, mahiyyətini itirmiş ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyəti Qarabağ münaqişəsinin həllində hərb yolunu aktuallaşdırır:

“Bugünkü şəraitdə sülhdən çox, hərbdən danışılır və müharibənin hər an aktiv fazaya keçəcəyi istisna deyil. Hazırda çox gərgin bir dönəmdir. Azərbaycan, Ermənistan və Rusiyada seçkilər olacaq. Ermənistanda seçkiqabağı vəziyyət Sərkisyanı narahat edir və bu, mütləq öz əksini Qarabağda tapacaq. Bu fonda bölgədə vəziyyət yenidən gərginləşə bilər. Fikir verirsinizsə, Ermənistanın hakimiyyət üzvləri və hərbiçilərinin Dağlıq Qarabağa səfərləri artır. Bu səfərlər elə-belə həyata keçirilmir və gizlində hansısa tədbirlərin görüldüyü istisna deyil. Azərbaycan müdafiə naziri də ola biləcək təhlükəni nəzərə alaraq Silahlı Qüvvələrə irimiqyaslı müharibə xəbərdarlığı edib. Bildiyiniz kimi, Müdafiə naziri general Zakir Həsənov şəxsən cəbhə bölgəsində olub və orada müəyyən istiqamətlər üzərində işləyərək ordumuz qarşısında konkret tapşırıqlar qoyub”.

Polkovnik hesab edir ki, Müdafiə naziri Zakir Həsənovun müharibə xəbərdarlığı bugünkü vəziyyətin tələbindən irəli gəlir:

“Ermənistanın qeyri-konstruktivliyi burada mühüm rol oynayır. Artıq sülh variantı ilə bağlı əsaslar daralır. Çünki nə beynəlxalq qurumlar, nə də böyük dövlətlər buna təminat verir. Prezidentin bu yaxınlarda ölkənin əsas strateji hədəflərini açıqlaması və bunun ardından müdafiə nazirinin son çıxışı Qarabağla bağlı böyük hazırlıqlardan xəbər verir. Hesab edirəm ki, son zamanlar gərginləşən geosiyasi vəziyyətdə Azərbaycana öz torpaqlarını güc yolu ilə azad etmək üçün imkan yaradıla bilər”.

Qeyd edək ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə cəbhə xəttində iki silahlanmış ordunun daim üz-üzə dayandığını vurğulayaraq, müharibənin hər an başlaya biləcəyini istisna etməyib.

Nazir qeyd edib ki, beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının araşdırılması ilə deyil, onu yaradan səbəblərin köklü surətdə aradan qaldırılması ilə məşğul olmalı və münaqişənin bütövlükdə həllinə səy göstərməlidirlər.
loading...
XƏBƏR LENTİ