12 dek 11:07Qarabag

Ermənilər Cəbrayıla köçürülür...

Ermənilər Cəbrayıla köçürülür...Lavrovun Dağlıq Qarabağ bağlı son bəyanatı birbaşa ermənilərin mənafeyinə xidmət edir.

Bunu Axar.az-a Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun tərəflərin Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə razılıq verdiyini ifadə edən bəyanatı barədə danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Lavrovun bu bəyanatı açıq-aşkar Azərbaycan torpaqlarının anneksiyasına bəraət qazandırmaqdır:

“Lavrovun bu diplomatik manevri özündə işğalçının başı altına yastıq qoymaq siyasətini ehtiva edir. Bəyanatda Azərbaycanın ərazi bütövlüyünün dilə gətirilməməsi açıq-aşkar Ermənistanın və Qarabağ separatçılarının qorunması cəhdidir. Ermənilərə hazırda lazım olan Dağlıq Qarabağın hüdudlarından kənardakı əraziləri erməni əhalisi ilə məskunlaşdırmaqdır. Fikir verin, Cəbrayılda bir neçə kənddə ermənilərin məskunlaşdırılması prosesi başlayıb. Erməni maliyyəsi hesabına xaricdən gətirilən quraşdırılma birmərtəbəli evləri burada yerləşdirməklə bu prosesi sürətləndirmək istəyirlər”.

Danışıqlar prosesinin artıq səmərə vermədiyini deyən politoloq hazırda Ermənistana yeganə təsir vasitəsinin güc olduğunu vurğulayıb:

“Ermənilərin işğal edilmiş ərazilərimizdə məskunlaşması prosesi dayandırılmırsa, BMT-nin məlum qətnamələrinə zidd olan bu prosesi Azərbaycan özü dayandırmağa məcburdur. Azərbaycan beynəlxalq vasitəçilərdən, o cümlədən Rusiyadan ədalətli yanaşma gözləyir”.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həllinin əsaslanmalı olduğu prinsiplərin təsdiqləndiyini açıqlayıb. Bildirilir ki, həmsədr ölkələr Helsinki Yekun Aktı və orada göstərilən güc tətbiq etməmə, güc tətbiqi ilə təhdid etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsiplərini əsas götürərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında birgə mövqedən çıxış etdiklərini bir daha təsdiq edirlər.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46