06 yan 15:37Qarabag

ASALA işğal olunmuş Azərbaycan ərazilərində

ASALA işğal olunmuş Azərbaycan ərazilərindəASALA terrorçusu Mardiros Jamkoçyanın İsveçrənin "L'Hebdo" qəzetinə müsahibəsi yayımlanıb.

Trend-in məlumatına görə, bu şəxs Azərbaycanın işğal olunmuş ərazilərində də fəaliyyət göstərib. Hələ də işğal olunmuş ərazilərə və Ermənistana səfərlər edir. Müsahibədə də bu faktı etiraf edir.

"L'Hebdo" qəzetində "Ferdinand-Hodler küçəsindən olan qatil ilə görüş" adlı müsahibədə şəklin altındakı qeyddə yazılır: “9 İyun Qrupu” 1981-ci ilin iyun ayında Cenevrədə qətl törətmiş Mardiros Jamkoçyanın (şəkildə portreti terrorçuların başı üzərindədir) azadlığa buraxılmasına nail olmaq üçün yaradılmış erməni təşkilatıdır".

Qeyd olunur ki, Ermənistanın "azadlığı" uğrunda Gizli Erməni Ordusunun üzvü olan M.Jamkoçyan 1981-ci ildə Cenevrədə Türkiyə konsulluğunun əməkdaşını qətlə yetirib. Bu hadisədən 35 ildən artıq bir müddətin keçməsinə baxmayaraq, bu erməni döyüşçüsü təəssüf hissi keçirmir:

"Cenevrə, 9 iyun 1981-ci il. Helvetika prospekti və Ferdinand-Hodler küçəsinin kəsişməsində atəş açılır. Sonra daha ikisi. Kəlləsi, ürəyi və çiynindən yaralanan şəxs yerə yıxılır. Bir qədər aralıda bir taksi maşını tüstülənir: onun güllə atəşinə tutulmuş mühərriki partlayır. Bu panikadır. Türkiyə Konsulluğunun katibi Mehmet Savaş Erquz Mardiros Jamkoçyan adlı 21 yaşlı bir gənc tərəfindən qətlə yetirilir. Aylar boyu hazırlanmış bu tapşırığın məqsədi İsveçrədə türk kəşfiyyatının rəhbəri olduğu güman edilən həmin şəxsin aradan götürülməsi idi".

Qətlin müəllifi bilir ki, qətlə iyirmidən artıq şəxs şahidlik edib. O, cəld şəkildə Ferdinand-Hodler küçəsindəki binalardan birinə daxil olur, puloverini dəyişir, tapançasını və istifadə etmədiyi qumbaralarını atır. Binadan çıxdıqdan sonra o, iti addımlarla Sen-Antuan prospekti istiqamətində gedir. O, məhkəmə binasına doğru gedərkən bir qutu siqaret almaq məqsədilə yolda bir köşkün yanında dayanır. Lakin onu tuturlar: yaxınlıqdan keçən birisi onu tanıyaraq polisə xəbər verir. Mardirosu yerə yıxırlar. “Mənim sənədlərim yoxdur” – onun fransızca bildiyi yeganə sözlər bunlar olur. O, həbs edilir:

"İrəvan, 2016-cı ilin payızı. Ermənistan paytaxtının ticarət küçələrindən birində yerləşən kiçik və rahat qəhvəxana – “Café de Paris”də əyləşən Mardiros Jamkoçyan törətdiyi qətlin təfərrüatlarını bizə danışır. Ağarmış saçlarına və peyda olmağa başlayan qırışlarına baxmayaraq, o, yaşı 60-dan artıq olsa da, hərbi görünüşünü qoruyur. Azacıq da olsa vicdan əzabı çəkməyən bu şəxs qətl barədə sanki dünən olmuş kimi danışır. “Mən altı gün ərzində “Jardin anglais”də (gölkənarı bulvarda - red.) yatırdım. Mən silahımı Kornaven vağzalındakı saxlama kamerasında buraxıb Cenevrədə konsulu izləyirdim. Mən fürsəti gözləyib, lazım olan anda hərəkətə keçdim".

Doğulduğu Beyrut şəhərində təlim keçmiş Mardiros Ermənistanın "azadlığı" uğrunda Gizli Erməni Ordusunun – ASALA-nın üzvüdür. Məhz Livandakı vətəndaş müharibəsi zamanı erməni məhəlləsini qoruyarkən o, silahlardan istifadə etməyi öyrənmişdi. O, tapşırığı yerinə yetirmək üçün Cenevrəyə göndərilməzdən əvvəl 17 yaşından etibarən Cənubi Livanda təlim düşərgələrində təlim keçib. O dövrdə ASALA çoxlarının bixəbər olduğu qondarma "erməni soyqırımı" barədə dünya ictimaiyyətini xəbərdar etmək məqsədilə silahlı hücumlar həyata keçirirdi. Onun fəaliyyət üsulu sadədir: o, bütün Avropa ərazisində Türkiyənin maraqlarını hədəfə alır.

“9 İyun Qrupu”nun yaradılması

Mardiros Jamkoçyanın həbsinin ardınca ASALA onun azadlığa buraxılması üçün bir qrup yaradır: “9 İyun Qrupu”. İsveçrədə bədnam ad çıxarmış qrup elə həmin 1981-ci ilin 19-22 iyul aralığında dörd bomba partlayışı törədir. Sürix aeroportunda və Federal Sarayın (İsveçrə Parlamentinin binası - red.) önündə törədilən ilk iki partlayış insan tələfatı ilə nəticələnməsə də, Lozanna şəhərindəki “Uniprix” mağazasının qadınlar bölməsində törədilən partlayış nəticəsində 26 nəfər bədən xəsarəti alır. Bundan da ciddisi, iyulun 22-də Cenevrənin Kornaven vağzalında saxlama kamerasına qoyulan bombanın partlaması idi ki, nəticədə bir nəfər həlak olmuş və dörd nəfər yaralanmışdı.

Bu təzyiqlərə baxmayaraq, İsveçrə güzəştə getmir: o, Mardirosu 1981-ci ilin dekabrında on beş il müddətinə qapalı rejimli həbsxanada saxlanılmaqla azadlıqdan məhrum edir. 1982-ci ildə Los-Anceles şəhərindəki SBS İsveçrə bankının qarşısında törədilmiş növbəti partlayışdan sonra vəziyyət sakitləşir və ASALA Beyrutdan birtərəfli qaydada atəşkəs elan edir. Uzun illər keçdikdən sonra Mardiros bu gün etiraf edir ki, o bu partlayışlara qarşı idi: “Mən həmişə kor-koranə zorakılığı pisləyirdim. Mən nə üçün həbsxanada olduğumu bilir və bununla bağlı problem yaşamırdım. Mən törətdiyim əməlimlə fəxr edirəm”.

M.Jamkoçyan on beş illik həbs müddətinin iki il yarımını Cenevrədə keçirdikdən sonra Orba köçürülür. Həmin illəri o, qəribə də olsa, xoş xatirələrlə yada salır. O, fransız dilini öyrənir və sonra imtahan verərək federal diplom alır. “Mən heç zaman yuxudan korluq çəkməmişəm. Həkimlər düşünürdülər ki, mən ya dəliyəm, ya da narkotiklərin təsiri altındayam. Onlar hamısı mənə sakitləşdirici vermək istəyirdilər. Bütün həbsxanadakılar bunlardan qəbul edirdilər! Mənim isə heç vaxt buna ehtiyacım olmayıb. Mənim yuxu dərmanım hər axşam yarım litr yoğurt idi”, - deyərək o, gülə-gülə bildirir.

Nümunəvi davranışına görə, o, on iki ilin tamamında azad edilir və daha iki ili şərti cəza ilə Cenevrədə keçirir. Bundan sonra o, Ermənistana getmək arzusunu bildirir. Lakin problem onda idi ki, onun sənədləri yox idi və Sovet İttifaqı da dağılmaq üzrə idi.

Qəhrəman kimi qarşılanma

İsveçrə ondan tez bir zamanda “canını” qurtarmaq istəyir, lakin İsveçrənin yaşayış icazəsi olmadan onu harasa göndərmək olmur. Mardiros rişxəndlə gülə-gülə öz söhbətinə davam edir: “Mən onlara dedim: “Siz həqiqətən də istəyirsiz ki, mən burda qalım?” Bir həftə sonra onlar mənə etibarlılıq müddəti bir ay olan pasport verdilər ki, mən öz ölkəmə qayıdım. O pasportu hələ də saxlayıram”. Ölkəsinə qayıtdıqdan sonra onu qəhrəman kimi qarşılayırlar. Dağlıq Qarabağ uğrunda Azərbaycanla müharibə gedirdi. Onu dərhal cəbhəyə göndərirlər.

O dövrün ordu başçısı olan Vazgen Sarqsyanın çox yaxın adamına çevrilən Mardiros onunla birlikdə yüksəlir. O zaman müdafiə naziri və Dağlıq Qarabağda hərbi əməliyyatlara cavabdeh bir şəxs olan V.Sarqsyan 1995-ci ildə baş nazir olur. M.Jamkoçyan isə 1997-ci ilədək onun cangüdənlərindən biri olur.

Sonra o, dörd illik müddətə ABŞ-a köçür. Bu dövr barədə ondan soruşanda, o, ciddi görkəm alır, lakin heç bir izahat vermir. Daha sonra yenidən ölkəsinə qayıdır. 2000-ci illərin əvvəllərində o, minaların zərərsizləşdirilməsi üzrə mütəxəssis olaraq fəaliyyətə başlayır və etimad qazanmaq üçün adını dəyişir. Mardiros adı dəyişib Martirosa, Jamkoçyan isə Zamxoçyana çevrilir.

Tez-tez səyahət edən birisinə çevrilərək o, BMT-nin minalara qarşı beynəlxalq konfranslarında iştirak etmək məqsədilə tez-tez İsveçrəyə səfər edir. Qalan dövrlərdə isə Ermənistanın sərhədləri boyu səfərlər edərək hələ də bitməyən müharibədə qoşunların önündə çıxışlar edir.

Bununla belə, uzun illər ötməsinə baxmayaraq, Mardiros özünün tarixi düşmənini – Türkiyəni unutmur: "Mən həmişə ASALA-nın üzvü olacağam"

ASALA hərəkatının tarixi

1975-ci ildə yaradılmış və 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş Ermənistanın "azadlığı" uğrunda Gizli Erməni Ordusu təşkilatının əsas məqsədi Türkiyəni qondarma "erməni soyqırımı"nı tanımağa vadar etmək idi.

Marksist-Leninist yönümlü ASALA qondarma "erməni soyqırımı"nın tanınmasından əlavə, həmçinin hazırkı Türkiyə ərazisinin şərqinin böyük bir hissəsini əhatə edən ərazilər hesabına “böyük Ermənistan” yaratmağa çalışırdı. Bu iddialar, xüsusilə, Vudro Vilsonun 1920-ci ildə imzaladığı Sevr müqaviləsinə əsaslanırdı.

İsveçrədə, eləcə də ABŞ-da, Livanda və Fransada fəaliyyət göstərən ASALA, xüsusilə, Avropa və ABŞ-da Türkiyə maraqlarına qarşı yönəlmiş terror aktları nəticəsində 46 nəfərin ölümünə və 299 nəfərin yaralanmasına görə məsuliyyət daşıyır.

Bu hərəkat Beyrutda Akop Akopyan, erməni əsilli isveçrəli keşiş Ceyms Karnusyan və yazıçı Kevork Acemyan tərəfindən 1975-ci ildə Livanda gedən vətəndaş müharibəsi zamanı təsis edilib. Üzvlərinin əksəriyyəti erməni əsilli livanlılar idilər. Onlardan da biri M.Jamkoçyan idi ki, onun valideynləri Türkiyənin şərqindən qaçmışdılar.

Özünün pik dövründə yüzlərlə üzv və təəssübkeşdən ibarət hərəkat 1988-ci ildə A.Akopyanın Afinada öldürülməsindən sonra nüfuzdan düşməyə başladı. Bununla belə, ASALA-nın məqsədlərindən biri olan qondarma "erməni soyqırımı"nın ictimailəşdirilməsinə nail olundu. Əvəzində, Türkiyə onu tanımadı və ASALA-nın yoxa çıxmasınadək onun çoxlu sayda üzvünün qətlinə göstəriş verdi. Ermənistanda həqiqi qəhrəmanlara çevrilmiş bu təşkilatın üzvləri 90-cı illərdə orduda və hökumətdə yüksək vəzifələr tuturdular.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-06-2017, 13:11
24-06-2017, 10:37
23-06-2017, 16:32
23-06-2017, 16:21