12 mar 14:13musahibe

Paşinyan Xankəndidə Bakıya “meydan oxuyur”? – Rüsvayçı “revanş”

Paşinyan Xankəndidə Bakıya “meydan oxuyur”? – Rüsvayçı “revanş”Analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Ermənistanın Baş naziri Nikol Paşinyanın danışıqlar öncəsi məntiqsiz görünən aqressiyası nə ilə bağlıdır?


- İlk növbədə Paşinyanın bu addımları niyə atdığını müəyyənləşdirmək lazımdır. Paşinyan ardıcıl olaraq bir neçə müstəvidə uğursuzluğa düçar olub. Birinci olaraq, onun Avropa səfəri və Avropa İttifaqındakı rəsmilərlə görüşünə diqqət çəkmək lazımdır. Görüşlərin hər birində Dağlıq Qarabağ separatçı rejiminin ayrıca bir subyekt kimi danışıqlar prosesinə cəlb olunmasının mümkünsüzlüyü onun diqqətinə çatdırıldı. Digər tərəfdən, ərazi bütövlüyü məsələsinin önəmli faktor olduğu həm Avropa İttifaqı Nazirlər Şurasının sədri, həm də xarici işlər üzrə komissarı tərəfindən ona bildirildi. Eyni zamanda, danışıqlar prosesinin uzadılması istiqamətində fərqli addımların yolverilməz olduğu vurğulandı və bildirildi ki, status-kvonun saxlanılması yolverilməzdir. Yəni danışıqlar prosesi ön şərt olmadan davam etdirilməlidir. Bunlar, şübhəsiz ki, Ermənistana qarşı kifayət qədər ciddi təpkilərdir. Həmçinin, Paşinyanın Avropa İttifaqından iqtisadi müstəvidə dəstək almaq cəhdləri də səfər çərçivəsində nəticə vermədi. Yəni Paşinyan tam uğursuzluğa düçar oldu. Bu uğursuzluğun ardınca isə növbəti bir uğursuzluq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son bəyanatı oldu. Orada da açıq şəkildə danışıqların formatının dəyişməsinin mümkünsüz olduğu, həmçinin ərazi bütövlüyü ilə bağlı Helsinki Yekun Aktının prinsipləri xüsusi olaraq, vurğulandı. Bütün bunlar Paşinyanın bu günə qədər irəli sürdüyü iddialarının üzərindən xətt çəkilməsi anlamına gəlir. Paşinyanın bütün bunlardan hiddətləndiyi göz önündədir.

- Ermənistan Təhlükəsizlik Şurasının iclası niyə Azərbaycanın işğal olunmuş ərazisində keçirilir?

- Paşinyanın Xankəndiyə səfəri əslində isterik, erməni cəmiyyətinə hesablanmış populist addımdır. Yuxarıda qeyd etdiyim iflasdan sonra Paşinyanın Ermənistandakı rəqibləri onu ciddi şəkildə ittiham etməyə başlayıb. Bütövlükdə Dağlıq Qarabağ məsələsi ilə bağlı tutduğu kursun, yol verdiyi səhvlərin onun üçün ciddi problemlər yaratdığı göz önündədir. Hətta qeyd olunur ki, Sərkisyan hakimiyyətdə qalsaydı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi nəticələr əldə oluna bilərdi. Yəni artıq bu formada ittihamlar ona qarşı səsləndirilir. Digər tərəfdən, Paşinyan iqtisadi müstəvidə verdiyi vədləri yerinə yetirmədiyi üçün də ona qarşı erməni cəmiyyətində etirazlar güclənməkdədir. Həmçinin də separatçı rejim, onun ətrafında olan və onu Ermənistandan stimullaşdıran qüvvələr bu prosesdə iştirak edirlər. Paşinyan məhz buna görə Dağlıq Qarabağa səfər etdi. O, bununla müqavimət göstərmək istədiyini, prosesdə fərqli mövqe sərgiləməyəcəyini, revanş edəcəyini göstərmək istədi. Əslində bu faktın özü də Paşinyanın növbəti səhvi kimi qiymətləndirilə bilər. Çünki separatçı rejimin danışıqlar prosesində subyekt kimi iştirak etməməsinin əsas səbəblərindən biri Azərbaycan torpaqlarınıın Ermənistan tərəfindən işğal edilməsi faktıdır. Hazırda oradakı separatçı rejimi himayə edən, qoruyan, bütövlükdə həmin ərazilərdə olan erməni hərbçilər də Ermənistanın silahlı qüvvələrinin nümayəndələridir. Belə olduğu təqdirdə Paşinyanın həmin əraziyə səfər etməsi, hərbi xidmətdə olan oğlu ilə şəkil çəkdirib paylaşması bir daha Ermənistanın işğalçı tərəf olduğunu, əslində Dağlıq Qarabağ adlı hər hansı bir subyektin olmadığını sübuta yetirən amildir.

- Azərbaycan tərəfinin Paşinyanın son addımlarına cavabı necə olacaq?

- Paşinyan atdığı addımlarla yenidən özünün iddialarını təkzib etdi və özünü rüsvayçı vəziyyətə saldı. Bu baxımdan onun bu “revanşları” danışıqlar prosesinə hər hansı təsir göstərməyəcək. Əslində onun Azərbaycan prezidenti ilə görüşü, prinsip etibarı ilə Paşinyan üçün münaqişənin həlli istiqamətində sonuncu bir şans kimi dəyərləndirilməlidir. Azərbaycan tərəfi Paşinyana indiyə qədər daha öncə verdiyi müəyyən bəyanatların yerinə yetirilməsi, danışıqlar prosesinin irəliləməsi və Ermənistanın işğalçı mövqeyindən əl çəkməsi üçün kifayət qədər şans verib. Göründüyü kimi, bu baş vermədi. Belə olduğu təqdirdə beynəlxalq ictimaiyyət də onun əleyhinə çevrilməyə başladı. Çünki Paşinyan təkcə region dövlətlərini deyil, bütövlükdə dünya birliyini də aldatdı, yalan danışdı və növbəti manipulyasiyaya yol verdi. Bu baxımdan biz artıq beynəlxalq müstəvidə Ermənistana olan təzyiqlərin şahidi oluruq. Növbəti mərhələdə əgər danışıqlar prosesi nəticə verməsə, düşünürəm ki, bundan sonra Azərbaycanın atacağı addımlar kifayət qədər sərt olacaq. O zaman həm Paşinyanın müharibə ritorikasına və Dağlıq Qarabağla bağlı sərgilədiyi absurd iddialara son qoyulacaq, həm də işğalçı rejimə qarşı təkcə Azərbaycanın deyil, eyni zamanda beynəlxalq güclərin də təzyiqləri güclənəcək.

- ATƏT-in Minsk Qrupunun son bəyanatının ardınca ordumuz genişmiqyaslı hərbi təlimlərə də başladı. Bu təlimlər nəyəsə işarədir?

- Nikol Paşinyan hakimiyyətə gələndən sonra Azərbaycan Ordusu ilk genişmiqyaslı hərbi təlimlərini keçirir. Bu təlimlər birbaşa Ermənistana mesaj xarakteri daşıyır. Azərbaycanın keçirdiyi hərbi təlimlər Paşinyanda isterika, qorxu yaradır. O, işğal altında olan Azərbaycan ərazilərinə gəlməklə, oğlu ilə şəkilini yaymaqla, qorxmadığını nümayiş etmək istəyir. Amma təbii ki, biz Aprel döyüşlərində bütövlükdə Ermənistan cəmiyyətinin kiçik bir əməliyyatdan necə qorxuya düşdüyünün şahidi olmuşduq. Paşinyan Azərbaycanın arsenalında olan bütün potensial işə düşərsə, Ermənistanın aqibətinin necə olacağını indidən düşünsə, daha yaxşı olar.
loading...
XƏBƏR LENTİ