25 noy 11:17musahibe

İrana ağır zərbə vuruldu: ABŞ-la gizli danışıqlar realdır?

İrana ağır zərbə vuruldu: ABŞ-la gizli danışıqlar realdır?İqtisadçı Natiq Cəfərlinin Axar.az-a müsahibəsi:

- Neft qiymətlərinin aşağı düşməsi ABŞ-ın İran planını reallaşdırmasına nə dərəcədə kömək edəcək?


- Əslində burada maraqlı bir neçə məqam var. Sentyabr-oktyabr aylarında ABŞ tərəfindən belə bir açıqlama var idi ki, noyabr ayının 6-dan İrana qarşı sanksiyaların yeni dalğası İran neftinin satışına qadağa qoyacaq. Bu da neft qiymətlərinin yüksəlməsinə səbəb oldu. ABŞ-ın bu məsələyə baxışı dəyişdi. Çünki neft qiymətlərinin yüksəlməsi istər-istəməz ABŞ-ın rəqib saydığı ölkələrin, o cümlədən, İranın və Rusiyanın gəlirlərinin artmasına səbəb olacaq bir faktora çevrilirdi. Ona görə də noyabr ayının 6-da sanksiyaların yeni mərhələsi elan edilərkən neft satışına olan qadağa tətbiq edilmədi. Hətta İranın 8 ölkəyə neft satışına icazə verildi ki, bu da elə İran neftinin 95%-nin satıldığı ölkələr idi. Ona görə də sanksiyaların ikinci mərhələsi, əksinə, neft qiymətlərinə kəskin zərbə vuran faktora çevrildi və neft qiymətlərinin aşağı düşməsinə təsir edən birinci amil rolunu oynadı. Təbii ki, neftin qiymətlərinin (son iki aya nəzər salsaq) 87 dollardan 58 dollara qədər sürətlə aşağı düşməsi neftdən asılı olan ölkələrin, o cümlədən, İran və Rusiyanın gəlirlərinə mənfi təsir göstərəcək. İranın əsas gəlir mənbəyinin neftdən asılı olduğunu düşünsək, Tehrana daha böyük zərbə dəyəcək. Çünki Rusiyanın başqa təbii resursları daha çoxdur və iqtisadiyyatı İran qədər neftdən asılı deyil. Amma əsasən də xarici valyutaların ölkəyə daxil olması baxımından İranın iqtisadiyyatında neftdən kəskin asılılıq var. Ona görə, təbii ki, neft qiymətlərinin enməsi dolayısı ilə İran iqtisadiyyatına ciddi təsir göstərəcək.

- Bu gün İranda sanksiyaların təsirləri nə dərəcə hiss olunur?

- Rialın dəyərdən düşməsi, valyuta qıtlığının yaranması, ölkədə ciddi inflyasiya faktorunun qeydə alınması və qiymətlərin sürətlə bahalaşması ABŞ-ın İrana qarşı apardığı sanksiya siyasətinin artıq bariz nümunəsinə çevrilib.

- Bəs İran geri addım ata bilərmi?

- Hətta düşünürəm ki, İran və ABŞ arasında artıq hər hansı bir formatda, ictimaiyyətə məlum olmayan və gizli saxlanılan danışıqlar, çox güman ki, gedir. İsveçrə üzərindən belə danışıqların olması ehtimalı çox yüksəkdir. İran əgər həmin şərtləri qəbul edəcəksə, bu danışıqlar nəticə verəcək. Əslində ABŞ-ın şərtləri çox açıqdır: Suriyadan İranın tamamilə geri çəkilməsi, İraqın daxili işlərinə müdaxilənin sona çatdırılması, Yəməndə husilərə verilən dəstəyin kəsilməsi və s. Yəni ABŞ ətraf ölkələrdə İranın son zamanlar əldə etdiyi nəticələrin tamamilə sıfırlanmasını hədəfləyir. Burada nüvə məsələsi ikinci dərəcəlidir. Mən belə düşünürəm. Əsas məsələ İranın regional güc olmasının qarşısını almaq və onu regiondan geri çəkilməyə vadar etməkdir. Əgər bu sadalanan istiqamətlər üzrə İran təklifləri qəbul etsə və geri çəkilsə, o zaman ABŞ və İran arasında növbəti razılıq əldə oluna bilər. Bu zaman sanksiyaların tamamilə aradan götürülməsi də mümkündür.

- İranın ABŞ-ın şərtlərini qəbul etməsi rejimin sonu olmazmı?

- Doğrudur, bunun çox qısa bir zamanda olacağını düşünmək olmaz. Çünki İran rəhbərliyi daxilində artıq elə bir vəziyyət yaranıb ki, ABŞ-a qarşı ciddi güzəştlər edilsə, xalqın qarşısında durmaq qeyri-mümkün olacaq. Çünki İranda antiamerika təbliğatı illərdir çox güclü gedib. İran əhalisinin ciddi bir antiamerika yanaşması formalaşıb. Əgər İran rəhbərliyi ABŞ-a ciddi güzəştlərə getsə, bu zaman daxildə siyasi böhranın yaranmasını müşahidə edəcəyik. Amma bunun rejimin sonunu gətirib-gətirməyəcəyini hələ ki, söyləmək olmaz.
loading...
XƏBƏR LENTİ