09 noy 17:20musahibe

Arzu Nağıyev: “İşğalçılar Qarabağdan çıxmayınca...”

Arzu Nağıyev: “İşğalçılar Qarabağdan çıxmayınca...”“Trend” informasiya agentliyinin baş direktor müavini Arzu Nağıyevin AzNews.az-a müsahibəsi

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?

Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan fiqurlarla “Yaxın plan” rubrikası altında müsahibələr təşkil edir. Məqsədimiz ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.
Bu dəfəki müsahibimiz siyasi analitik, “Trend” informasiya agentliyinin baş direktor müavini Arzu Nağıyevdir.

- Cənab Nağıyev, bildiyiniz kimi ABŞ noyabrın 5-də İrana tətbiq olunacaq sanksiyaların ikinci mərhələsinə start verdi. İran rəhbərliyi isə həmin sanksiyalarla bağlı səsləndirdiyi bəyanatlarda qorxmadığını deyir. Sizcə, bu bəyanatlar özünə təsəllidir, yoxsa, İranın güvəndiyi qüvvələr var?


- Trampın seçkiqabağı verdiyi həssas bəyanatlardan biri ondan ibarətdir ki, Şimali Koreya və İran nüvə proqramından əl çəkməsə, eyni zamanda İranın terrorizmi maliyyələşdirmə məsələsi davam etsə, regionda İsrailə qarşı tətbiq olunan hər hansı bir məsələdə onlara sanksiya tətbiq olunacaqdır. Əsas məsələ də nüvə proqramı ilə bağlıdır. Birinci mərhələdə o qədər də ciddi sanksiyalar tətbiq olunmamışdı. Artıq noyabrın 5-dən sanksiyaların ikinci mərhələsi başlayıb. Bu mərhələ, demək olar ki, bütün bank, neft sektorunu, ümumilikdə İranı əhatə edir.

Ruhaninin verdiyi bəyanatlar tam şəkildə problemi həll etmir. Onun əsas güvəndiyi mənbələr Rusiya, Çin və bir sıra başqa dövlətlərlə olan əlaqələridir. Təbii ki, İranın iqtisadi vəziyyətində problemlər olacaq. Çünki artıq rialın dollar və digər valyutalara nisbətdə məzənnəsində kəskin azalma var. Bu bahalaşma, iqtisadi problemlərlə nəticələnə bilər. Təbii ki, İran Hürmüz körfəzini bağlamaq şansını da əldə edə bilər. Lakin bu da hərbi qarşıdurma ilə nəticələnə bilər. Yəni cənab Ruhani bəyanatlar versə də, bu çox ciddi şəkildə iqtisadi, siyasi və hərbi baxımdan İrana təsir edəcək. Hətta bu, vətəndaşlar arasında narazılığa səbəb ola bilər. Sanksiyaların birinci mərhələsi tətbiq olunanda biz belə narazılıqların şahidi olmuşuq.

- Sanksiyalardan söz düşmüşkən, qeyd edim ki, həm də Rusiyanın baş naziri Dimitri Medvedyev Ukrayna tərəfindən tətbiq olunan sanksiyalara cavab olaraq Ukraynaya qarşı sanksiyaların tətbiq olunması üçün sənəd imzalayıb. Bu barədə nə deyə bilərsiniz?

- Bilirsiniz ki, Rusiyanın Ukraynada öz maraqları var. Məlumdur ki, Donbas məsələsinə görə Rusiya Ukraynada müharibə elan edib. Ukraynaya hansı sanksiyaları tətbiq edə bilər ki? Artıq müharibənin elan olunması ən ağır sanksiyalardan daha ağırdır. Ukrayna ilə Rusiyanın demək olar ki, iqtisadi, siyasi əlaqələri yoxdur. Ən böyük problem Donbasla bağlıdır. Bu gün Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək üçün mübarizə aparır. Rusiyanın Krımı ilhaq etməsi məsələsi gündəmdədir. Məhz buna görə də Rusiya Ukrayna qarşıdurması davam edəcək.

Düşünmürəm ki, Ukrayna tam şəkildə Rusiyanın tətbiq etdiyi sanksiyalardan asılıdır. Çünki Rusiyanın özünə də Qərb tərəfindən məhz Ukrayna problemlərinə görə böyük sanksiyalar tətbiq olunub.

- Gürcüstanda keçirilən Prezident seçkilərini necə şərh edərdiniz?

- Mən əvvəllər də belə bir proqnozla çıxış etmişdim ki, üç qrupun namizədi var. Birinci, Salome Zurabişvilidir. Hansı ki, “Gürcü arzusu” partiyası tərəfindən tam şəkildə dəstəklənir.

İkinci, Qriqor Vaşadze, Saakaşvili tərəfdarı olan 10 partiya tərəfindən dəstəklənir. Üçüncü, Baxtadzenin “Avropa Gürcüstanı” partiyasıdır. Salome Zurabişvili və Qriqor Vaşadzenin ikinci tura keçməsi gözlənilən idi. Çünki Gürcüstanda əsas seçki prosesində iki təbəqədən istifadən olunub: varlı təbəqə və kasıb təbəqə. Onların hər biri ayrı-ayrılıqda həm Vaşadzeni, həm də Zurabişvilini təbliğ edən və dəstəkləyən təbəqələrdir. Bu da gözlənilən idi. Düşünürəm ki, dekabrın 2-də keçiriləcək ikinci tura çox ciddi hazırlıqlar gedir.

- Sizcə, hansı namizədin şansı daha çoxdur?

- Məhz hakimiyyətin dəstəklədiyinə görə Zurabişvilinin şansı daha çoxdur.

- Yəqin ki, Ermənistanda gedən proseslərdən də xəbərdarsınız. Paşinyanın baş nazirlikdən imtina etməkdə məqsədi nə idi? O, nə planlaşdırır?


- Hesab edirəm ki, Paşinyan baş nazirlikdən imtina etməklə səlahiyyətlərini saxlayıb. Məhz parlamentdə iki dəfə onun baş nazir seçilməməsi də siyasi gediş idi. İki dəfə seçkidən qalib çıxmadığına görə artıq parlamentin buraxılmasına hazırlıq idi. Bu yeni parlamentin seçilməsi istiqamətində siyasi gediş idi. Məhz buna görə də Paşinyan demək olar ki, öz istəyinə çatdı. Parlamentin buraxılmasına nail oldu. Bundan sonra parlament seçkilərinə gedəcək və çalışacaq ki, öz tərəfdarları hətta mitinq yolu ilə Qarabağ kartından istifadə edərək daha çox səs toplasın və parlamentdə çoxluq təşkil etsin.

- Həmçinin, orada Bələdiyyə seçkiləri keçirildi və Paşinyanın “Mənim addımım” partiyası qalib gəldi. Bu, hakimiyyətə öz tərəfdarlarını yığmaq kimi şərh oluna bilərmi? Ümumiyyətlə, sizcə, seçkilər nə qədər şəffaf keçdi?

- Paşinyan bələdiyyə seçkilərinə getməmişdən öncə özünə uyğun olmayan, siyasi kursunu dəstəkləməyən, Sarkisyan tərəfdarı olan bir sıra qubernatoru işdən azad etmək kimi bir siyasi gediş etdi. Əsas məqsədi ondan ibarət idi ki, yerlərdə onu dəstəkləyən qüvvələr hakimiyyətə gəlsin. Seçkilərin nə qədər şəffaf və ya qeyri-şəffaf keçirilməsi artıq digər qrupların verdiyi bəyanatlarda özünü göstərirdi. Elə yerlər var idi ki, orada heç Paşinyanın dəstəklədiyi adamlar keçmədi. Ancaq demək olar ki, bir çoxlarında Paşinyan öz adamlarının qələbə çalmasına nail oldu. Məlum məsələdir ki, o, bütün yerlərdə öz adamlarını hakimiyyətə gətirməklə parlament seçkilərində mütləq şəkildə dəstəklənməyə çalışır.

- Bəs, Paşinyanın qəfil Qarabağ səfərinin səbəbləri nə idi?

- Dağlıq Qarabağ məsələsi Ermənistanda bir nömrəli prioritet kimi seçki öncəsi oynanılan kartdır. Məhz buna görə Dağlıq Qarabağ məsələsinin həlli də, miqrasiya məsələləri də, əsgərlərin və əsgər analarının narazılığı da – hamısı məhz Dağlıq Qarabağla bağlıdır. Xaçaturovun vəzifədən getməsinə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilən bəyanatlara baxmayaraq, Dağlıq Qarabağ prioritet istiqamət olaraq onun siyasi karyerasında qalmaqdadır.

- ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar, İrandan əsasən neft alan ölkələrlə ABŞ-ın diplomatik əlaqələrinin kəsilməsini tələb edir. Sizcə, hazırkı vəziyyətdə Ermənistan ABŞ-la münasibətləri bahasına İrandan qazı ala biləcək?

- Bilirsiniz, xarici siyasətdə dostluq, qardaşlıq məfhumu yoxdur, ümumi maraqlar var. Bu gün Ermənistanla İran arasında olan münasibətlər onlara aid məsələlərdir. Təbii ki, əgər ABŞ-ın tətbiq etdiyi sanksiyalara həmin proseslər düşərsə, birmənalı şəkildə həmin sanksiyalar ABŞ tərəfindən Ermənistana qarşı tətbiq olunacaqdır.

- ATƏT-in Minsk qrupu həmsədrləri BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş keçirdi. 3 saatlıq görüşdən sonra hər iki tərəfdən də güzəştlərə gedilməsi tələb olundu. Azərbaycanın güzəştə getməsi kimi bir ehtimal varmı?

- ATƏT-in Minsk qrupunun həmsədrləri məhz ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun, Rusiya prezidenti Putinin, Fransa prezidenti Makronun regiona səfərindən sonra bu məsələlərin daha da ciddiləşməsinə çalışırlar. Lakin təəssüf doğuran məqam ondan ibarətdir ki, yenə də gərginliyin azaldılması məsələsi ortalıqdadır. Təəssüflər olsun ki, deklarativ bəyanatlardan bir addım da o tərəfə keçilmir. Məlum məsələdir ki, Azərbaycan birmənalı şəkildə istər Kazan protokolları, istər Vyana protokolları, istərsə də Sankt-Peterburq görüşlərinin nəticələri ilə bağlı bütün məsələlərdə özünə lazım olan dərəcədə güzəşti edib. İlk növbədə, Azərbaycanın ərazi bütövlüyü məsələsidir. İşğalçı qoşunlar ərazini tərk etməlidir. Bu proseslər baş verəndən sonra Dağlıq Qarabağla bağlı hər hansı bir güzəşt haqqında danışıla bilər. Azərbaycan mərhələli şəkildə problemin həll edilməsinə hazırdır. Ermənistan tərəfi bizim qoyduğumuz tələblərə cavab verməlidir və unutmamalıdır ki, hərbi yolla öz ərazilərində anti-terror əməliyyatları aparılması hüququ məhz Azərbaycandadır.
loading...
XƏBƏR LENTİ