15 okt 06:57musahibe

Qurban Qurbanov: Mahir Mədətov paltardəyişmə otağında ağlayırdı

Qurban Qurbanov: Mahir Mədətov paltardəyişmə otağında ağlayırdı46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Futbolçularıma təşəkkür edirəm. Qələbə qazanmasaq da, meydanda bunun üçün əllərindən gələni etdilər. Sadəcə, xeyli sayda qol epizodundan istifadə edə bilmədik. Bu, normaldır. Bu cür oyunla hətta məğlub olsaydıq da, razı qalacaqdım”.

Bu fikirləri Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov evdə Malta ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Qalibiyyət üçün nə çatmadı?

- Qol çatmadı. Gərginlik var idi. Deməzdim ki, bacarıqları yoxdur. Hər epizodda düzgün oynayırdılar. Epizodlara görə irad bildirmədim.

- Farer adalarındakı oyundan sonra heyət eyni qaldı. Azərbaycanlı oyunçular 3 gündən bir belə matçlarda çatdırmırlar. Hansısa dəyişikliklə bunu rahatlaşdıra bilərdinizmi?

- Farer adalarındakı heyətdən 1 nəfəri dəyişmək fikrində idim. O da Təmkin Xəlilzadə idi. Ona görə yox ki, Rahil Məmmədli zəifdir. Sadəcə, matçdan əvvəl Təmkinin qızdırması var idi. Oyunda da ehtiyat edərək meydana buraxdım. Futbolçuların fiziki durumundan razı qaldım. Oyun sürətli getdi, sürətli hücumlar oldu. Amma futbolçuların çoxu bu rejimə öyrəşirlər. Sadəcə, bəziləri uyğunlaşa bilmir. Onlar da bunu dərk etməlidirlər.

- Oyunun sonuna yaxın bəzi oyunçular çatdırmırdı. 3-cü əvəzetməni etməməyinizin səbəbi nə idi?

- Məni 13 saatlıq yol yox, ordan bura dönmək narahat edirdi. Çünki oyunçuların tez bərpasına ehtiyac var. Təəssüf ki, oyundan sonra gündüz saat 12-də Bakıya çatdıq. Bundan narahat idim. Belə hallarda bəzən çox dəyişiklik etdikdə, xüsusən də, rəqib meydanında oyun quranda istədiyin alınmaya bilər. Bir-birilərini yaxşı başa düşürdülər. Oyunu tam əldən verə bilərdik, bu üzdən 3-cü əvəzetməni etmədim.

- Rəqib həmkarınız Rey Farruciya Azərbaycan millisini fantastik komanda adlandırdı. Burada kinayə var, yoxsa bunu doğru ifadə sayırsınız?

- Bilmirəm, bunu hansı fikirlə deyib. Amma bugünkü oyuna görə komandamız rəğbətə layiq idi.

- Kamran Ağayev kapitan olmağa layiq idimi, qapıda Səlahət Ağayevə niyə şans vermədiniz?


- Biz təcrübəyə daha çox önəm veririk. Kamran millidə ən çox oyun keçirənlərdən biridir və əsas qapıçımızdır. Kamranın çox yaxşı oyunları olub. Sadəcə, bu gün və səfərdəki matçlarda texniki səhvlərə yol verdi. Səlahəti oynatmaq olardı. Bəzən belə oyunlarda milli komanda təcrübəsinə daha çox ehtiyac olur.

- Fitə basılan Mahir Mədətovun yerinə başqa oyunçunu meydana buraxa bilməzdiniz?

- Mahirə azarkeşlər tərəfindən həddən artıq təzyiq var. Mən sosial şəbəkələrdə olmuram, amma eşidirəm. Mahir ən hərəkətli oyunçularımızdan biri idi. Biz futbolçunu mütləq qazanmalıyıq. Bu gün qol ötürməsini də o verdi. Bu futbolçulara xalq olaraq ehtiyacımız var. Mahir oyundan sonra paltardəyişmə otağında oturub ağlayırdı. Həmişə öz futbolçularımın yanındayam. Onların nələr keçirdiklərini məndən yaxşı heç kim bilməz. Ötən tur Mahirin, bu gün isə Pavel Paşayevin qaşı partladı. Bu futbolçulara güvənmək lazımdır. Başqa oyunçularımız yoxdur. Onları itirmək istəmirəm. Əksinə, daha yaxşı futbolçu etmək, peşəkar etmək istəyirəm. Onların hər biri həddən artıq məsuliyyətlidirlər. Bəzən soyuqqanlı olmaq gərəkən epizodlarda çətinlik çəkirdilər. Bizim futbolda çatışmayan cəhətlər çoxdur. Amma istəyirik ki, onları itirməyək. Nə qədər onlara ehtiyacımız var, daha çox yapışmalıyıq.

Futbolçularımı yaxşı tanıyıram. Bütün iradları öz üzərimə götürməyə razıyam ki, futbolçular oyunlara rahat hazırlaşsınlar. Bu gün böyük xarakter göstərdilər.

- Gözəl futbola baxmayaraq, Azərbaycan yığması xal itirir. Bəlkə Cəbəllütariq kimi, baxımsız oynayaraq xal qazanmaq daha yaxşıdır?

- Nadir halda belə oynadığın zaman xal alarsan. Gözəl futbolla qalib gəlmək daha yaxşı olar. Yaxşı komanda yaratmağı bacarmalıyıq. Yaradıcı oyuna üstünlük verməliyik. Bəzən rəqib buna imkan vermir. 3-4 matçdan bir rəqib yaxşı oynamağına imkan vermir.

- Qrupda 2 oyun qalıb və heyət də məlumdur. Bu komandanın play-off-a çıxmağa gücü çatacaq?

- Mən komandaya inanıram. Hamımızın gözü bu turnirdədir. Amma əvvəl də bildirmişdim: Desək ki, qrupdan çıxa bilməyəcəyik, Avropa və dünya çempionatında iştirak etməyəcəyik, futbol oynamağa ehtiyac yoxdur. Bəzən gözləmədiyin halda daha yaxşı nəticə verirsən. Ola bilər ki, qarşıdakı matçlarda 1-2 dəyişiklik olsun. Bu gün istədiyim xarakteri oyunçularda gördüm. Oyundan-oyuna daha güclü kollektiv olacağıq. Qarşıdakı oyunlara da uduzmaq üçün çıxmayacağıq. Futbolçular bunu dərk edirlər. Texniki səhvlərə görə alınmaya bilər. Amma oyunçularıma güvənirəm.

- Azarkeşlər sonda millinin oyununu fitə basdı. Sizcə, bu, normaldır?

- Ola bilər, normaldır. Qalib gəlməyimizi istəyirdilər. Azarkeşlərə həmişə hörmətlə yanaşmışıq. Hər oyunumuzu dəstəkləməyə gəlirlərsə, bəzən onların buna haqqı var. Amma oyuna görə futbolçular buna layiq deyildilər. Bəlkə məni fitə basırdılar? Futbolçulara mən bu gün irad bildirmədim. Hər bir fikrə də hörmətlə yanaşırıq.

- Milli rahat epizodlarda qol vurmağa çətinlik çəkir. Bunun səbəbi nədir?

- Ustalıq deməzdim. Bu gün Avropa futbolçuları ilə ustalıq baxımdan fərqimiz var. Əvvəlki matçda 3 qol vurduq. Həmin oyunçular bu gün qol vura bilmədilər, hansı ki, buna bacarıqları var. Yenə də xal qazandıq və rəqibimiz də heç-heçə edib. Futbolçularıma "Peşəkar deyillər, ustalıq səviyyələri aşağıdır" demək istəmirəm. Bu gün olmadı, qarşıdakı matçlarda alınacaq.

- Farer adalarında hesabın 1:1 olduğu elan edildikdə hansı hissləri keçirdiniz?

- İnanın ki, eşitmədim. Mən ümumiyyətlə, belə şeylərə fikir vermirəm.

- Premyer Liqada elə futbolçu varmı ki, onun milliləşdirilməsini istərdiniz?

- Ehtiyac olsaydı, qanunlara uyğun olaraq milliləşdirərdik. Hazırda belə bir fikrim yoxdur.

- Heyətdə "Neftçi”nin futbolçularına şans verməməyiniz bu klubun azarkeşlərinin narazılığına səbəb olur...

- Azarkeşləri bilir ki, "Neftçi”yə həmişə rəğbətim olub və olacaq da. Çünki futbolçu kimi ən yaxşı karyeram "Neftçi”də olub. Peşəkar futbola orada başlamışam və legioner həyatına da "Neftçi”dən yollanmışam. İnanmıram ki, bu klubun azarkeşləri belə fikir bildirsinlər. Çağırdığımız oyunçular klubda əsas heyətdə oynamırlar. Rəhman Hacıyev, Namiq Ələsgərov oynamır. Emin Mahmudovu əvvəlki iki görüşdə əsas heyətdə oynatmışdım. Məni tanıyan belə fikir söyləməz. Təkcə "Neftçi” yox, digər klublar da deyə bilərlər ki, oyunçumu çağırıb, oynatmırlar. Amma klubların özləri məndən az şans verirlər. Bəlkə sabah yenə "Qarabağ” oyunçularına daha çox şans verəcəyəm. Amma bu, o demək deyil ki, hansısa oyunçunu kənara atıram. İnanmıram ki, millidə hansısa futbolçu qərarımdan narazıdır. Çalışıram ki, hamının haqqını verim. (Report)
loading...
XƏBƏR LENTİ