19 may 12:27musahibe

Müsəlmanların parçalanmasına yol verilməyəcək - Şeyx məhkəmə çəkişməsinə aydınlıq gətirdi

Müsəlmanların parçalanmasına yol verilməyəcək - Şeyx məhkəmə çəkişməsinə aydınlıq gətirdiGürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov digər bir dini qurum tərəfindən məhkəməyə verilməklə yanaşı, sosial şəbəkələrdə təhqir və təhdidlərlə üzləşib. Ramin İgidov məhkəməyə verilmə və bunun arxasında hansı məqsədlərin dayandığı ilə bağlı Avrasiya.net-in suallarını cavablandırıb.

- Gürcüstanda təmsil etdiyinizi dini idarə ilə başqa dini qurum arasında məhkəmə məsələlərinin olduğunu eşitmişik, bu məsələlər nə ilə bağlıdır və hazırda nə yerdədir?

- Bəli təəssüflər olsun ki, belədir. Məlumat olaraq nəzərinizə çatdırım ki, əsas üç məsələdə məhkəməyə şikayət olunub. Şikayət edən tərəf də Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (UGMADİ) adlı təşkilatdır. Birinci məhkəmə dövlətimizn 2014-cü ildə sabiq baş nazirin sərəncamı ilə 4 dini konfessiyalara - içərisində də müsəlmanlara Sovet totalitar rejimi dövründə dəymiş zərərlərin qismən qarşılanması məqsədi ilə pul vəsaitin ayırmasından sonar başladı. O zaman (həmin ildə yaranan) Dini Məsələlər üzrə Dövlət Agentliyi (DMDA) Gürcüstanda Ədliyyə Nazirliyi tərəfindən (QHT-dən fərqli) İctimai təşkilat olaraq qeydiyyatdan keçmiş üç təşkilatların sədrləri ilə görüş keçirdi.

Nazirlər Kabinetində keçirilən görüşdən məqsəd (Dövlətlə dini İacmalar arasında vasitəçi orqan olan) Dini Agentliyin baş nazirin yeni sərəncamı ilə təşkilatları xəbərdar etmək idi. Orada sovetlər dövründə müsəlmanlara dəyən zərərin qismən qarşılanması proqramında bizim iştirak etməyimizin necəliyi də bəhs olundu. Üç təşkilat Bütöv Gürcüstan Müsəlmanları İdarəsi (BGMİ), Bütün Gürcüstan Müsəlmanlar Birliyi (BGMB) və Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (UGMADİ) bu proqramı həyata keçirmək üçün ya bir təşkilat ətrafında birləşməli idi, ya Təmsilçilik Şurası təşkil edib aralarından bir subyekti təmsilçi olaraq təyin edib təşkilatlar arasında birgə işləməli və ya da bu proqramda iştirak etməkdən imtina edilməli idi.

O zaman UGMADİ-nin sədri (indiki sədr Mir Təqi Əsədovun atası Mir Hüseyn Əsədov idi) bu məsələ haqda Nazirlər Kabinetində davamlı görüşlərlərdə oldu. Sonda iki təşkilat BGMİ və BGMB arasında daxili memorandum anlaşılması əsasında Təmsilçilik Şurası üzərində razılıq əldə olundu. Ancaq üçüncü təşkilat olan UGMADİ o zaman digər iki təşkilatlarla razılaşıb birləşə bilmədi. Atası öncə razılaşsa da onun qərarına müdaxilə edən Mir Təqi Əsədov iki təşkilatın qərarı ilə razılaşmadan imtina etdi. İki təşkilat, yaranan Təmsilçilik Şurasında BGMİ-nin dövlətlə tərəf müqabil olmasını və Təmsilçilik Şurasının TŞ rəhbərliyinin Şeyx Ramin İgidovaverilməsini qərara aldı. Ancaq UGMADİ-ni təmsil etdiyini bildirən Mir Təqi Əsədov bu iki subyektin (əksəriyyətin) qərararı ilə razılaşmadan imtina etdi. Orada deyiləndə ki, fikirinizi yazılı şəkildə bildirin O, əhəmiyyət vermədən yazılı bildirməkdən də imtina etdi.

Sonra nəzərdə ututlmuş məbləği iki təşkilatın iştirakı ilə yaranan TŞ-nın vəsaitinə köçürmək istəyərkən Dini Məsələlər üzrə Dövlət Agentliyi (DMDA) son olaraq 2014-cü ilin noyabr ayında məktub ünvanlayaraq üçüncü sübyektin də yaranmış TŞ-na qoşulmasını tövsiyə etdi. Əgər 10 gün ərzində qoşulmadıqları təqdirdə imtina etmiş hesab olunacaqları söylənildi. O zamana qədər sədr dəyişikliyi edən UGMADİ yaranan TŞ-ndakı təşkilatların sədrləri ilə görüşüb TŞ-na qoşulma sahəsində çalışmaqdansa DMDA-ya cavab məktubu ünvanlayaraq müəyyən şərtlərlə birləşməyə razı olduğunu bildirdi. (Yeri gəlmişkən onu da qeyd edim ki, onların da sonar fikirlərini dəyişib təmsilçilik Şurasına qoşulmaq istəyindən Şuranın sədrinin xəbəri belə olmadı.)

Sonra da iki dini qurumla razılığa gəlib TŞ-na üz olmayan UGMADİ təşkilatı Dini Məsələlər üzrə Dövlət Agentliyini nədən iştirak etmədilər deyə mülkü məhkəməyə verdi. DMDA-ya da biz sizə məlumat vermiş, tövsiyə də etmişdik ki, razılığa gəlib qoşulasız deyə cavab verdikdə heç bir əhəmiyyəti olmadı. İndi də arada qalan əsas dini qurumlar oldu.

Nəhayət, mülkü məhkəmə proseslərinin sonunda onların əleyhinə qərar verdikdən sonra şikayətçi təşkilat UGMADİ mülkü məhkəmənin qərarı ilə razılaşmayıb Apelyasiya məhkəməsinə də müraciət etdi. Apelyasiya məhkəməsi onların indi də TŞ-na qoşulmaq haqlarının olduğunu bildirərək tələblərini təmin olunmasının mümkünlüyü haqda qərar verdi. Bu zaman sosial şəbəkələrdə təhqirlərə və təhdidlərlə məhkəməni udduqlarını söyləyən UGMADİ-nin əməkdaşlarına TŞ-nın sədri tərəfindən normalda qoşulmada heç bir problemin olmadığı söylənildi. Ancaq onların indi TŞ-na qoşulmalarını xoşməramlı hesab etməyən BGMİ-nin şeyxi Ramin İgidov TŞ-da olduqları halda aşağıdakı bəndlərə əməl edəcəklərinə söz verməklə dağıtmağa deyil əl-ələ veib xidmət göstərmək üçün qoşulmalarının isbat etmələrini istədi.

1.Şiə və Sünnü müsəlmanların ayrı idarədə və icma olaraq tanınması sahəsində Konistitusiya məhkəməsindən əl götürülsün. (Çünki qoşulduğu təmsilçi təşkilatda hər iki məzhəb mövcuddur. Necə ola bilər həm İdarə ilə birgə TŞ-na qoşulsun və həm də içəridən parçalamağa çalışılsın;

2. İki təşkilat birləşərkən memorandum əsasında fəaliyyət proqramı təşkil edərək konpesiyasiyanın xərclənmə sahəsində qərarvermə hüququnu iki sədrə deyil (dinimizin tələbinə görə) regionları təmsil edən ruhanilərə vermişdir. Onlar da qoşulduqları halda təklif etdikləri ruhanilərin əlavə olunması ilə bu qərara razı olacaqlarına söz versinlər.

3.Qoşulduqları halda (iki təşkilatın rəyi ilə qərara alınan) TŞ-nın sədrinin BGMİ-nin şeyxi olduğu ilə razılaşıb bundan sonra bu sahədə məhkəmələrdən əl götürsün.

Bu şərtlərlə razılaşmayan UGMADİ-nin məqsədlərində ziddiyyət hesab edən TŞ-nın sədri olan BGMİ-nin şeyxi (yəni mən) bu dəfə Ali məhkəməyə üçüncü subyektin birləşməməsinin alınmaması üçün müraciət etdi. Nəhayət Ali Məhkəmə prosesləri neçə aylar sürdükdən sonra sonda qərarında onların şikayətini məqbul hesab etməyib öncəki məhkəmələrin də qərarlarını yanlış hesab etdi. Və bu haqda gələcəkdə heç bir şikayət etmək haqlarının olmadığını bildirdi.

- İkinci məhkəməyə geçməzdən öncə soruşmaq istərdik ki, UGMADİ-nin sədri iddia edir ki, siz onların adından imza atmısız? Bir də onların təşkilatına (UGMADİ-yə) Təmsilçilik Şurasından ayrıca dövlət vəsaitindən büdcə veriləcək bu doğrudurmu?

- Əvvəla mən qərarlarıma təmsil etdiyim TŞ adından və BGMİ-nin İdarınin şeyxi kimi imza atıram. Kiminsə adından imza atmağa nə haqqım var, nə də buna ehtiyacım. Mir Təqi Əsədovun dediyi əgər onların TŞ iştirak etmədiklərini bildirməkdirsə bəli, yuxarıda söylədiyim bir daha söyləyirəm ki, üçüncü subyektin yəni onların təşkilatı olan UGMADİ-nin TŞ-na qoşularaq üzv olması baş tutmadı və onlar əksəriyyətin qəbul etdiyi şəraitdə birləşmədən imtina etdilər.
Onlara ayrıca büdcə verilməsinə gəlincə deyə bilərəm ki, mən bunu Dövlətin Dini qurumundan eşitməmişəm və məhkəmənin qərarında da belə bir sözə rastlaşmamışam. Tutaq ki, doğrudur və dövlət ayrıca dəstək olmaq istəyir. Bunun mənə aidiyyatı yoxdur. Fikirimi soruşulsa da - bu qərara da narazı deyiləm.

- İkinci məsələ bildiyimiz qədər Konistitusiya məhkəməsinə verilmiş iki məzhəbin bir arada olmaması və ayrı İcma olaraq tanınması haqdadır?

- Bəli, elədir. Öncə qeyd etmək istəyirəm ki, Azərbaycanla birgə Gürcüstanda da 19-cu əsrdən müsəlmanlar bir arada İslam dini adına dini icma olaraq təmsil olunmaqdadırlar. Gürcüstanda yaşayan azərbaycanlılar bu haldan hər zaman məmnun qalmış və hətta şiə, sünnü kəlmələrinin işlədilməsini məzhəb ayrı-seçkiliyi salmaq kimi hesab edərək ikrah hissi ilə qarşılamışlar. Təəssüflə, təşkiltaında 430-dan çox ruhani birləşən, iki məzhəbin, dini İslam olan müxtəlif millətlərin və etnik qrupların bir arada olduğu BGMİ-nə “nə haqla müsəlmanlar adından danışırsız” deyən UGMADİ təşkilatı Azərbaycanlı müsəlmanların fikirini nəzərə almadan onların məzhəb adına parçalanmaları üçün Konistitusiya məhkəməsinədə şikayət etmişdir. Bu hərəkətlərinə bəraət qazandırmaq üçün isə iki səbəb söyləyirlər. Deyirlər əvvəla nədən katoliklər, protestantlar və provaslavlar xristianlıq adı altında deyil ayrıca icmadılar, biz isə bir yerdəyik. İkinci sözləri isə budur ki, sabah bir özünü sünnü hesab edən radikal məzhəbə mənsub birinin cinayət törətdikləri halda nədən onun suçu mənim məzhəbimidə əhatə etsin və onun əziyyətini çəkmiş olum.
Bu iki səbəb də yersizdir. Birinci ona görə ki, katolik və provaslavlardan fərqli olaraq müsəlmanlar tarixən bir olmuş və bu unikallıq sahəsində də dünyaya nümunə olaraq vəhdətlərini dinin əsasları əsasında qorumuşlar. Və ayrıldıları halda heç kim İslam icması əvəzinə birinə Şiizm (Şiəlik) və digərinə isə Sünnizm (Sünnülük) çağrılmasını istəməz, Çünki hər iki qardaş məzhəb özünü müsəlman hesab edib belə tanınmasını istəyir. Bir də ki, məzhəb fərqliliyi bizim daxili məsələdir və qardaş məzhəbin işləri ilə də ilgilənən şəxslər, şərq və qərb üçün müftilər fəaliyyət göstərir.

İkinci səbəbə gəlincə, onu deyim ki, Allah eləməsin ki, ölkəmizdə belə qruplaşmalar yaransın. Tutaq ki, nə vaxtsa olsa da ədalət tələb edir ki, cinayəti törədənin özü məsuliyyətə cəlb olunmalıdır. Yoxsa təmsil etdiyi din, məzhəb və ya millət suçlanmamalıdır. Əgər İslamafobiya siyasəti aparmaq məqsədi ilə dinimizlə düşmənçilik siyasəti yürütmək istənildikdə isə məzhəbə belə baxılmaz. Necə ki, dünyanın müəyyən yerlərində İslamla düşmənçilik edənlər müəyyən radikal təkfirçi qruplaşmanın etdiyini heç zaman “bunu sünnü ya şiə etdi” deməyib “müsəlman terroru” deyə xəbər yayıblar.

- Üçüncü məhkəmə məscidlə bağlıdırmı? Ümumiyyətlə məscidlərin mülkiyyət problemləri nələrdir?

- Bəli məscidlə bağlı da şikayət olunubdur. Öncə məlumat üçün bildirim ki, Gürcüstanda olan 300-dən çox məscidin üçdə ikisinin sənədlərində problemlər vardır. Əksər problemli məscidlər isə Qərbi Gürcüstanın payına düşür. 2011-ci ildə (mən məsuliyyətdə olduğumdan öncə) keçmiş hökümətin zamanında heç bir hüquqi varisi və reyistr qeydiyyatı olmayan məscidlər avtomatik olaraq dövlət mülkiyyəti kimi İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin balansında qeydiyyata düşdü. (Məncə həmin dövrdə əsas səhv ictimaiyyətə açıqlanmadan belə addımın atılması idi. Buna görə də yanlış anlaşılmalaravə qısqanclıqlara səbəb oldu.)
Dövlət qanununa görə Dini məkanların da Tarixi abidələr kimi dövriyyədə olması dayandırılmışdır. Yəni bir quruma bağışlaya, və ya sata bilməz. (Bu qanun qonşu ölkələrdə də belədir.) Buna görə də 49 il müddətində istifadə üçün qərb və şərqi Gürcüstanın və məzhəb, millət və regionların bir arada olduğu aidiyyatı dini qurum hesab etdiyi Bütöv Gürcüstan Müsəlmanları İdarəsinin sərəncamına verdi.

Ona qədər rəsmi xəritədə belə görnməyən və hüquqi ünvanı olmayan məscidlərimizə yeni komunal xətti çəkildikdə (qaz, işıq və su verildikdə) və onları təmir etdikdə müəyyən problemlərlə üzləşirdik. Çünki qeydiyyatı olmadığından abonentlik ala bilmirdik. Buna görə də İdarənin sərəncamına verilməsi üçün şərqi və qərbi Gürcüstanın müftilərinin də təklifi ilə Dini Məsələlər üzrə Dövlət Agentliyinin vasitəçiliyi ilə İqtisadiyyat Nazirliyinə müraciət etdik. DMDA-da bu məsələ ilə bağlı komissiya təşkil edilərək bu günə qədər 160-dan çox məscid artıq müsəlman İcmasını təmsil edən İdarənin sərancamına verilmişdir. Onlardan şərqi Gürcüstanın payına düşən sənədsiz, qeydiyyatı olmayan 17-məsciddən biri olan İmam Əli (ə) adına Marneuli şəhərindəki məscid də təmsil etdiyim dini İdarənin (hüquqi ünvanı Tbilisi Cümə məscidi olmaqla) BGMİ-nin sərəncamına verildi. UGMADİ-nin bu dəfəki məhkəməyə şikayəti isə BGMİ-nin sərəncamından çıxıb İmam Əli adına məscidin nəzdində fəaliyyət göstərən və məscidi idarə edən Şuranın sərəncamına verilməsi ilə bağlı oldu.

Mənim fikrimcə, məscidin mülkü qeydiyyatından və sərəncamından çox onların statusu, (məscid kimliyi) tarixi haqqında çalışmaq lazımdır. Məqsədim məscidlərin problemsiz olaraq ibadət yeri kimi fəaliyyət göstərməsidir. Mən onlara bildirmişəm ki, sözü gedən məscidin məhkəmə prosesi bitdikdən sonra BGMİ-nin sərəncamından çıxarılması haqda müraciət edəcəm.Çünki İmam Əli adına məsciddə fəaliyyət göstərən din xadimi və dindarlardan ibarət şuraya məscidi düzgün idarə edəcəklərinə şübhəm yoxdur. Hətta həmin məsciddə İmam Əli adına Xeyriyyə fondunun gördüyü xeyriyyə işlərini də alqışlayır, müsbət qiymətləndirirəm. Əgər o zaman qədər məhkəmə onların tələblərini təmin edərsə də müsbət qarşılayaram. Onsuz da nə o və nə də digər məscidin heç bir işinə BGMİ zorla müdaxilə etməmiş, əksinə ehtiyac olduğu halda dəstək vermiş, yardım göstərmişdir.

- Bilmək istərdik ki, Gürcüstan Müsəlmanları İdarəsi olaraq dövlət tərəfindən ayrılan vəsaiti nələrə xərcləyirsiz? Bu neçə ildə nə işlər görmüsüz?

- Bizə ayrılan təzminat xarakteli pul vəsaiti Dini Məsələlər üzrə Dövlət Agentliyindən bildirildiyi əsasda bu 4 sahəyə xərcləyə bilərik: 1. Dini məkanların təmiri və abadlaşması; 2. Din xadimlərinin maaşla təmini; 3. Dininin sağlam şəkildə təbliğ və təlimi; 4. Müəyyən xeyriyyə işləri.

1) Nəzərinizə çatdırım ki, BGMİ olaraq bu günə qədər 100-dən çox məscidlərdə təmir işi aparmış, yeniləmiş,yeni tikilməkdə olan məscidlərin inşasına yardımçı olmuş və onlarla məscidlərin müəyyən ehtiyaclarını qarşılamışdır.

2) 430-dan çox din xadimini maaşla təmin etmişdir. Bu proqramdan məqsəd məntəqələrdə məscidlərində fəaliyyətin olması, insanların dini ehtiyaclarının din xadimləri tərəfindən qarşılanması və sovetlər dövründə dəymiş ideoloji zərərin qarşılanması.

3) Təlim və maarifləndirmə sahəsində bir çox proqramlar həyata keçir və keçməkdədir. Bu günə qədər 60-a yaxın Azərbaycan və onlarla da gürcü dillərində dini kitablar və qəzet və jurnallar iri tirajda, gürcü və Azərbaycan dillərində dəfələrlə Qurani-Kərimin tərcüməsi çap olunub. Dini bayram və mərasimlərin hamısını keçirilmiş, müxtəlif dini mövzularda onlarla konfrans və seminarlar, Quran kursları və yarışlar təşkil olunub. Dini web saytlar, internet TV və mobile portalımız fəaliyyət göstərir. Həcc və digər müqəddəs yerlərə ziyarətlər təşkil olunub və olunmaqdadır.

4) Xeyriyyə sahəsində isə demək olar ki, Beynəlxalq Uşaqlar Günü kimsəsiz uşaqlar yurdlarına ehtiyacları olduqları mebel və əşyalar alınır, Beynəlxalq Əlillər Günü və s. vaxtlarda əlilliyi olan vətəndaşlara onlarla əlil arabaları alınıb verilir. Qurban bayramına məntəqələrdə Qurban kəsilərək yoxsul ailələrə verilir və bu sahədə İdarəyə verilən Qurbanlar kəsilib minlərlə ailələrə dağıdılır. Ramazan ayında dindar yoxsul yüzlərlə ailəyə iftarlıq ərzaq kisələri verilir və yeni dərs ili zamanı yüzlərlə yoxsul ailənin uşaqlarına məktəb ləvazimatı alınır və verilən zəkat və yığılan sədəqələr hər ay onlarla müraciət edənlərə bağışlanır.

- Siz problemlərin həllini və arada olan narazılıqların həllini nədə görürsüz?

- Biz hüquqi dövlətdə yaşayırıq hər kəs yanlışlıq gördükdə islahat naminə etiraz və şikayət edə bilər. Amma unudulmamalıdır ki, biz din xadimiyik etirazlar etika çərçivəsində olub tənqidlər təhqirlərə çevrilməməlidir. Hər kəs gəldiyi qərara görə Allah, bəndə və dövlət yanında məsuliyyət daşıyır. Qərarlarda məsum olmadığımızdan yanlışlığa da yol verə bilərik (bunu da ruhanilər öz aralarında müzakirə etməlidirlər). Amma ruhaniləri cılız təhqir və söyüşlərlə günahlandırmaq haqqı heç kəsə verilməyibdir. Fərqli mövqe və düşüncədə olan isə kimisə xəyanətdə ittiham edib dalıyca da Quran ayəsindən sitat gətirənbilməlidir ki, onun fikri vəhy deyil və nə də o səhvdən sığortalanmış doğruluq testi deyil.

Arzu edərdim ki, müxalif olanlar da bir arada hərə bir sahədən yapışıb xalqımızı dininə xidmət göstərəydik.Arzu edərdim ki, müsəlman qardaşlarının dini problemləri nə başqa icmalar (erməni kilsəsi, yəhudi, babdist və s. icmalar) və nə də sosial şəbəkələrdə müzakirə edilməyib orda təhqirlər söylənilməyəydi. Bir halda ki, başqa dinlərin din adamlarının belə məhkəməsi ayrıca gizlin keçirilir. Allahdan son arzum isə budur ki, söylənilən fikirlər və tutulan iradlar nə yersiz inadkarlıq, nə nəfsi istəklər, nə ambisiyalar və nə də xaricdən idarəetmələr xatirinə olmayaydı. Çünki əsas xəyanət o zaman baş verər.
loading...
XƏBƏR LENTİ