14 may 11:06musahibe

“Cümhur” ittifaqı ilə birlikdə olmağımız mümkün deyil” – Cem Toker

“Cümhur” ittifaqı ilə birlikdə olmağımız mümkün deyil” – Cem TokerTürkiyədə seçki öncəsi prosesdə iştirak edəcək tərəflər arasında mübarizə o qədər güclənib ki, onların bir-birini ən ağır formada ittihamlaması, bir-birini zəiflətmək və seçicinin gözündən salmaq üçün arxivi qarışdırıb, tutarlı dəlillər tapmaq səyləri adi hal alıb. Bunun qarşısında gözlənilməz, hətta deyərdim ki, olduqca eksklüziv bir hadisə baş verdi: heç kimin ağlına gəlmədiyi halda Liberal Demokrat Partiyasından (LDP) Cem Tokerlə Cümhuriyyət Xalq Partiyası (CXP) arasında təkliflərdən ibarət bir görüşüş gündəmə atıldı.

C.Toker CXP-yə təklif verib ki, Liberal Demokrat Partiyası “Millət” qrupunun timsalında onları dəstəkləməyə hazırdır, yetər ki, onun da parlamentə seçilməsinə yardım göstərilsin. Yəni CXP parlamentdə bir yerin LDP-yə ayrılmasına yol açsın. Təklif deyəsən Kamal Kılıçdaroğluna xoş gəlib və LDP sədri Gültəkin Turpançı ilə görüş də keçirib. Amma hələlik, bir kürsünün LDP-yə verilib-verilməyəcəyi məsələsinə konkret cavab verilməyib. Ona görə də, LDP-nin CXP ilə eyni səngərə atılmaq istəməsinin məqsədini öyrənmək üçün təklifin sahibi, LDP-nin keçmiş sədri Cem Tokerlə əlaqə saxlayıb, ona bir neçə sual yönləndirdim:

- Millət vəkili seçilmək üçün niyə CXP-dən yardım istədiniz? Əvvəlcədən CXP sizə bu yönümdə bir mesaj-filan ötürmüşdümü?

- Yalnız CXP ilə deyil, dostlarımız və partiyamızın rəhbərliyi, hansı ki, mən indi rəhbərlikdə təmsil olunmuram, bu günlərdə İyi Partiya ilə də əlaqə qurmağa çalışdılar. Məsələ ondadır ki, məhz CXP rəhbərliyindən müraciətimizə cavab verdilər və görüşmək təklifimizi qəbul etdilər. Ona görə də partiyadan bir heyət CXP ilə görüş keçirib, vəziyyəti onlara başa saldı. Bilirsiniz, BDP və digər partiyaların seçki haqları Yüksək Seçki Şurası və Prokurorluq tərəfindən qanunsuz şəkildə əllərindən alınıb. Biz də həm onların hüquqlarını qorumaq, həm də CXP-nin mövqeyini gücləndirmək üçün dedik ki, Məclisdə bir kürsünün Liberal Demokratlara verilməsi yaxşı olardı. Hələlik, bu təklifimizə CXP-dən cavab verilməyib. Gözləyirik, görək necə olacaq. Dünən qatıldığım televiziya proqramında da soruşdular, dedim ki, mütləq Liberal Demokrat Partiyasından bir nəfərin Məclisdə olması lazımdır. Əgər CXP-dən belə bir təklif gələrsə və Liberal Demokrat Partiyasının rəhbərliyi bu kürsünü mənə layiq görərsə, məmnuniyyətlə qəbul edərəm.

- Niyə AKP və ya MHP ilə müttəfiq olmaq istəmədiniz? Məncə onların iqtidar olma şansı “Millət” ittifaqı ilə müqayisədə daha böyükdür və arxalarında gedən kütlə də daha izdihamlıdır. Hətta hesab edirəm ki, seçkilərə az qalmış “Millət” ittifaqında mütləq bir sapma və ya parçalanma baş verəcək. Bu da “Cümhur” ittifaqının xeyrinə olacaq. O zaman niyə “Millət” və “Cümhur” ittifaqları arasında seçiminiz birincinin üzərində durdu?

- “Cümhur” ittifaqı ilə birlikdə olmağımız mümkün deyil. Liberal Demokrat Partiyasının AKP və MHP, eləcə də BBP ilə bir ittifaqda yer alması, fəaliyyət göstərdiyimiz 24 il ərzində müdafiə etdiyimiz və uğrunda mübarizə apardığımız dəyərlərin inkar olunması deməkdir. Bu bizim siyasi etibarımızı heçə endirər, həm də xalqın – seçicinin qarşısında öhdəliyimiz var, qarşı çıxa bilmərik. Partiyamızın heç bir üzvü də “Cümhur” ittifakı ilə münasibətlərə isti yanaşmır.

- Tutaq ki, CXP sizə dəstək verdi, hətta millət vəkili seçilməyinizə də yardım göstərdi. Sonrası necə olacaq, LDP-nin məramı CXP-nin məqsəd və məramı ilə uzlaşırsa, niyə indiyədək əməkdaşlıq etmədiniz və millət vəkili seçimlərinə bərabər getmədiniz?

- Əgər CXP-dən Liberal Demokrat Partiyasına millət vəkili seçimi üçün təklif gəlisə, əvvəla, onlar bilir ki, Liberal Demokrat Partiyasının 24 illik məramı, dəyərləri hansılardır, necədir. Bizim istəklərimiz, siyasi yolumuz, əleyhinə çıxdığımız məsələlər, millət vəkili olduğumuz təqdirdə Məclisdə nəyə tərəfdar olacağımız, nəyin əleyhinə çıxacağımız da bəllidir və bunu hamı bilir. LDP heç vaxt bu gün bir söz, sabah başqa söz deməyib və həmişə də dediyini edib. CXP də məhz bunları bildiyi üçün təklif edəcək bizə...

- Türkiyədəki mövcud solyönümlü partiya və quruluşlar niyə bir araya gələrək öz aralarında cəbhə yaratmadı, məncə bu daha maraqlı olardı. Bütün Avropada mövcud olan sollar Türkiyə parlamentinə də girə və hökumətdə öz mövqeyini ortaya qoya bilərdi...

- Bunu mən də sual edirəm ki, CXP-nin Liberal Demokrat Partiyasından əvvəl Ecevitin “AKP”si olan DSP-yə, hətta solyönümlü TKP-yə təklif göndərməsi lazım idi. Proqramda da dedim ki, LDP solyönümlü cəbhəyə aid deyil. Solyönümlü partiyalar başqadır və zənn edirəm ki, hazırda onların arasında güclü çəkişmələr yaşanır. Ola bilsin CXP-də düşünürlər ki, son anda hər necə olsa da, solyönümlülərdən səs alacaqlar. Onların yerinə danışmış olmayım, bu mənim şəxsi fikrimdir.

- LDP sədri Gültəkin Turpancı nə deyir sizin CXP-yə verdiyiniz təklifə? Partiyanızın mövqeyi necədir bu məsələdə?

- Hər bir plan və proqramımızı məhz partiyamızın rəhbəri Gültəkin Turpançının icazəsi və dəstəyi ilə həyata keçirir, ondan xəbərsiz addım atmırıq. O cümlədən, CXP ilə görüşü də özü keçirib və qarşıdan hansısa partiya ilə görüş keçiriləcəksə, bu da mütləq sədr Gültəkin Turpançının icazəsi və dəstəyi ilə olacaq. Çünki o da hər birimiz kimi, görüdüyü işləri, yürütdüyü siyasəti şəxsi maraqları üçün deyil, məhz partiyamızın məqsədləri naminə edən liderdir.

Vüsal Tağıbəyli
loading...
XƏBƏR LENTİ