26 fev 13:14musahibe

”Azəbaycan mənim ürəyimdə yaşayır”

”Azəbaycan mənim ürəyimdə yaşayır”Bu gün elə bir insanla müsahibə elədim ki, o, şəxsən mənim həyatımda heç vaxt unudulmayacaq. O, uzun illər əvvəl Azərbaycanda səfir olub və biz jurnalistləri özündən ayırmayıb, səmimi və qayğıkeşliyi ilə hamımıza mənəvi kömək olub. Bu insan Rumıniyanın Azərbaycandakı keçmiş səfiri, professor Tahsin Cəmildir.

Tahsin Cəmil bu gün də öz vətənində - Rumıniyada yaşayır, Avropanın ən məşhur universitetlərindən birində dərs deyir. Hətta Azərbaycana sevgisinin sübutu olaraq çalışdığı universitetin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasına da nail olub. Nə isə, gəlin bu böyük elm adamı və keçmiş diplomatın bu günki həyat və fəaliyyəti ilə elə öz dediklərini oxuyaraq tanış olaq…

- Həmişəki kimi, həyat yoldaşım Nafiyə xanımla birlikdə Buxarestdə yaşayıram. Qızım Edis yoldaşı Decanla birlikdə İsveçdədirlər və artıq 11 ildir ki, ordadırlar. Hər ikisi həkimdir, orda böyük bir xəstəxanada çalışırlar. Nəvəm Denis Buxarestdəki “Carol Davila” adında Tıbb Universitetinin ikinci kurs tələbsidir. Onu da deyim ki, onun ata-anası da həmin universietin yetirmələridir. Nəvəm çox fəal tələbədir, hər dəfə imtahanlarda yüksək uğurlar qazanır. Hamımız onun nailiyyətlərinə görə çox sevinirik. Bir baba kimi nə arzu edə bilərəm: Allah ömür versin, şərdən-bəladan qorusun onları - elə siz azərbaycanlı qardaşlarımı da.

- Yenə universitetdə çalışırsınız, yoxsa başqa bir sahədə fəaliyyət göstərirsiniz?

- Artıq 10 ildir ki, Kluj-Napoka Universitetində işləyirəm. Çox qədim, həm də verdiyi təhsili ilə məşhur olan universitetdir. Mən bu ali təhsil müəssisəsinin professoruyam. Allaha çox şükürlər, verdiyim dərslərdən və elmdən başqa heç bir işim yoxdur.

- Yadımdadır ki, «Babeş-Bolyai» Universitetində Türkologiya və Orta Asiya Araşdırmaları İnstitutu qurmuşdunuz və o vaxt böyük məqsədləriniz vardı - Rumıniya ilə türk xalqları arasında elmi körpü qurmaq istəyirdiniz. Bu müstəvidə işləriniz davam edirmi və ümumiyyətlə, məqsədlərinizi davam etdirəcək yetirmələriniz varmı?

- Əlbəttə, 2009-cu il oktyabrın 30-da, o zamankı rektorumuz, keçmiş təhsil, sonra isə xarici işlər naziri olmuş professor Andrey Marga və o vaxtlar əziz dostum və qardaşım, Azərbaycanın Rumıniyadakı keçmiş səfiri Eldar Həsənovun da iştirakıyla Türkologiya və Orta Asiya Araşdırmaları İnstitutuun rəsmi açılışı olmuşdu. Həmin institut mənim təşəbbüsümlə qurulduğu üçün hörmətli rektorumuz elə məni ora direktor təyin elədi. Ondan sonra təyin olunan və hələ də rektor vəzifəsində çalışan məşhur tarixçi alim, akademik İoan-Aurel Pop da mənim həmin instituyun direktoru vəzifəsində saxladı. Yəni bu gün də Türkologiya İnstitutunun direktoruyam. Onu da deyim ki, 2017-ci ilin dekabr ayından etibarən institutumuzun adı rəsmən dəyişdirilərək indiki kimi – Türkologiya İnstitutu adlandırılıb. Hər il yayımladığımız “Studia et Documenta Turcologica” adlı dərgimizin bu il 5-ci sayı çap olunmaq üzrədir.

- Dərgilərinizdə nələr yazılır, nədən bəhs olunur?

- Məsələn, ötən il yayımlanan 4-cü sayımızda təxminən yüz səhifəlik bir bölümü çox mötəbər dostum, məşhur şair, rəhmətlik Bəxtiyar Vahabzadənin anadan olmasının 90-cı dönümünə həsr olunmuşdu.

- Türkdilli ölkələrin və onların elm-təhsil müəssisələrinin institutunuza münasibəti necədir, əlaqə saxlayırsınızmı?


- Təəssüf ki, Türkiyə, Azərbaycan və Tatarıstandan başqa heç bir ölkə institutumuza və dərgimizə maraq göstərmir. Biz Qazaxıstan və Türkmənistanın Rumıniyadakı səfirliklərinə dəfələrlə müraciət etdik, Astanaya və Aşqabata məktublar, hətta nümayəndələr göndərdik, təəssüf ki, heç bir cavab ala bilmədik. Ona görə də artıq Qazaxıstan və Türkmənistandan, eləcə də onlar kimi biganə davranan digər ölkələrdən cavab gözləməkdən vaz keçmişik. Ulu dostum, rəhmətlik Əbülfəz Elçibəy son nəfəsindək inanırdı ki, türk dünyası birləşəcək. Amma nə edək, Nikolay İlminskinin bölücü metotları indinin özündə də dağıdıcı təsirini göstərir.

- İnstitutunuzun məqsədi-qayəsi nədir, konkret nə kimi işlər görür?

- Türk ölkələri arasında, xüsusilə yuxarıda da adlarını çəkdiyim ölkələr – Türkiyə, Azərbaycan və Tatarıstan arasında körpü rolunu oynayırıq. Buna baxmayaraq, elmi araşdırmalarımız, dərs və konfranslarımız bütün türk dünyasını əhatə etməkdədir və gələcək də belə olacaq. Yəni məqsədimiz türk dünyasını ümumilikdə, həm də fərdi şəkildə Rumıniyaya və bütün elm aləminə tanıtmaqdır.

- Məqsədlərinizi davam etdirəcək davamçılar yetişdirmisiniz?

- Yanımda iki könüllü əməkdaşım var: doktor Adina Fodor vədoktor Marqarita Aslan. İkisi də türk dilində əla danışır. Hətta doktor Adina Fodor keçən il Türkiyədə səkkiz aylıq kurs keçərək türk dilini mükəmməl şəkildə mənimsəyib. Təbii ki, uzun illər öncədən dostum olan professor Kalin Felezeu ilə də əməkdaşlıq etməkdəyik. Demək istəyirəm ki, gələcək üçün mütəxəssislər hazırlayırıq. Amma iş yalnız bununla yekunlaşmır. Türk dünyasının maraqlı dövlət və ayrı-ayrı təşkilatları bu müəssisəyə sahib çıxmalı, onun yaşaması və inkişafına hərtərəfli dəstək verməlidirlər. İsmayıl Qaspıralının yaxşı bir sözü var: Dağıtmaq asandır, qurmaq çətin.

- Bir zamanlar Azəerbaycanda səfir olaraq çalışdınız. Maraqlıdır ki, bu gün xatirinizdə ölkəmizlə bağlı nələr yaşadırsınız? Ümumiyyətlə, sonradan Bakıya yolunuz düşdümü, yaxud Rumıniyada yaşayan və işləyən azərbaycanlılarla hər hansı təmasınız varmı? Yadımdadır, bir vaxtlar müsahibələrinizdə deyirdiniz ki, hətta Bakıya səfir göndərilməzdən öncə də Musa Qasımlı, Nəsib Nəsibli, Hadı Rəcəbli və sair kimi dostlarınız olub...

- Azəbaycan yaddaşımda deyil, ürəyimdə yaşayır. Ona görə də Azərbaycan və azərbaycanlılar hər zaman və harda oluramsa olum, mənimlədir. Bakıda sonuncu dəfə 3-4 il əvvəl olmuşam.Ora bir beynəlxalq forumda iştirak eləmək üçün dəvət olunmuşdum. Təəssüf ki, azərbaycanlı köhnə dostlarımdan bir çoxunu görə bilmədim və sonrakı illərdə də heç vaxt qarşılaşmadıq. Buna baxmayaraq, əminamanlıqda olduqlarını bilirəm və bu məni sevindirir.

- Azərbaycanın Rumıniyadakı səfirliyinin tədbirlərində iştirak edirsiniz?

- Əlbəttə edirəm. Azərbaycanın Buxarestdəki səfiri ilə çox yaxşı münasibətlərim var. Çünki onunla çoxdan tanışıq. Amma səfirlyin yeni əməkdaşlarını tanımıram. Yeri gəlmişkən, bu yaxınlarda cənab səfir mənə təşəkkür məktubu da göndərib, çox sevindim, sağ olsun.

- Çoxdan bir dissertant tələbəniz vardı – Fəxri Kərimli, əlaqələriniz davam edirmi? Yəqin bilirsiniz, o, hazırda Çexiyada yaşayır...

- Fəxri mənim sevimli doktor tələbəm, hətta deyim ki, mənəvi övladımdır. Onunla və digər azəbaycanlı doktor tələbələrim olan İqbal Hacıyev və Jalə İsmayılla da fəxr edirəm. Fəxri keçən həftə Praqadan zəng eləmişdi, xeyli söhbətləşdik. Jalə ilə email vasitəsilə məktublaşırıq, İqballa isə burada – Buxarestdə görüşürük.

- Son müsahibəmizdə demişdiniz ki, köhnə xatirələrinizdən ibarət kitab yazmağa başlamısınız. Kitab çap olundumu və orada Azərbaycanla bağlı nələr yazdınız?

- Hələ yazıb bitirməmişəm. Amma inşallah ki, bu uğurlu təsadüfdür – məhz bu gün kitabın Azərbaycanla bağlı bölümünü yazıb tamamladım. Azərbaycanla bağlı hissə tam 87 səhifədir. Bütövlükdə kitab 15 hissədən ibarətdir. Təxminən 500 səhifəsini yazmışam, əlavə 80-100 səhifə də yazmağı planlaşdırıram. Kitab “Tarixin yollarında” adlanır. Ona görə ki, həm özüm tarixçiyəm, həm də xüsusilə son otuz ildə tarixdə iz qoyanlar arasında keçirdiyim günlərdən qalan xatirələr toplanıb. İnşallah bu yay onu çap etdirəcəyəm.

Vüsal Tağıbəyli
loading...
XƏBƏR LENTİ
Bu gün, 11:40