15 yan 11:07musahibe

"Dedim xahiş edirəm, əmr edin, qoşunları Bakıya yeritməsinlər"

"Dedim xahiş edirəm, əmr edin, qoşunları Bakıya yeritməsinlər"Bu həftə Azərbaycan xalqının başına gətirilən faciələrdən daha birinin – 20 Yanvar qırğınının 28-ci ildönümü tamam olacaq. Çox təəssüflər olsun ki, 1990-cı ildə Azərbaycan xalqının milli azadlıq mübarizəsinin qarşısını almaq üçün işğalçı sovet ordusunun həyata keçirdiyi dəhşətli hadisələrin cinayətkarları hələ də cəzasını almayıb.

Azərbaycanın eks-prezidenti, həmin hadisələr zamanı hökumətə rəhbərlik etmiş Ayaz Mütəllibov “Yeni Müsavat”ın suallarını cavablandırıb.

– Ayaz müəllim, bu həftə 20 Yanvar faciəsinin növbəti ildönümü qeyd olunacaq. İstərdim həmin qırğına qədərki hadisələri xatırlayasınız. Ermənilərin Bakıdan çıxarılması prosesinin arxasında kimlər dururdu? Burada qırğına zəmin yaratmaq istəyən “KQB”-nin rolu var idimi? Hesab etmək olarmı ki, məhz bu hadisələrdən istifadə edib Bakıya ordu yeritdilər?

– Əlbəttə. O vaxt Bakıda azı 250-300 min erməni yaşayırdı. Əslində azərbaycanlıların Ermənistandan qovulmasının qarşılığında bu, biz tərəfdən müsbət qiymətə layiq hərəkət idi. Şəxsən mən Ermənistan rəhbərliyinə dəfələrlə dedim ki, siz azərbaycanlıları, Ermənistan vətəndaşları olan insanları vətənlərdindən qovdunuz, bizsə hələlik burdakı erməniləri güc-bəla ilə saxlayırıq. Niyyətiniz nədir? Gəlin Azərbaycandakı ermənilərin də durumuna fikir verin. Qaytarın azərbaycanlıları, biz də bilək ki, siz həqiqətən də bu məsələnin həllinə can atırsınız. Deyirdilər ki, yox, bilirsiniz, qonşuların arasında xırda bir mübahisə olsa da, deyəcəklər millətlər arasında gərginlik var. Bu kimi bəhanələr… Dedim biz bir ildir dözürük ki, siz bu məsələni özünüz dərk edib həll edəcəksiniz, çünki axırı pis ola bilər. Ondan sonra da məlum hadisələr baş verdi, 12 yanvarda Bakıda ermənilərə qarşı həmin hadisələr təşkil olundu. “KQB”nin, ya kimin vasitəsilə təşkil olunduğunu deyə bilmərəm. Ancaq faktiki olaraq bir neçə erməniyə zərbə vuruldu və bu hadisələr qanqaraçılığa səbəb oldu. Təsəvvür edin, azı 100 minə qədər azərbaycanlı Ermənistandan Bakıya gəlmişdi. Onların işlə, yaxud yaşayış yeri ilə təmin edilməsi məsələsi mümkün deyildi. Ona görə ermənilərə deyirdik ki, qaytarın bunları, çünki sizin vətəndaşlardır. Həm də onlar indiyədək sizə ziyan vurmayıblar. Bu, alınmadığı üçün biz də erməniləri dövlət səviyyəsində Azərbaycandan çıxarmağa məcbur olduq. Çünki bunun axırı pis olardı. Kimsə təxribat vasitəsilə, ya başqa yolla ədavəti qızışdırsaydı, onda ermənilər necə ki, Türkiyəni bu vaxta qədər rahat qoymurlar – bizi də bu hadisələrə görə ittiham edəcəkdilər. İndi də deyinirlər, ancaq əsasları yoxdur. Çünki biz erməni sakinlərə pislik etməmişik, əksinə, kömək etmişik ki, canlarını qurtarsınlar.

– Nemət Pənahlı müsahibəsində deyib ən böyük səhvlərimdən biri bu olub ki, 17 yanvardakı görüşdən sonra Ayaz Mütəllibov və Primakovu girov götürməyib…

-(Əsəbi halda) Əşi, axmaq-axmaq danışmasın. Qoy özünə, törətdiyi əngəllərə baxsın! Nə danışır? Nə ixtiyarı var belə sözləri işlədir? Kimdir o?

– O zaman sizin aranızda hansısa problemlər yaranmışdımı, mübahisəniz olmuşdumu?

– Yox. Sadəcə olaraq Primakov Mərkəzi Komitənin büro iclasında bizi tənqid etdi ki, siz idarəçiliyi itirmisiniz, vəziyyəti nizamlaya bilmirsiniz. Mən də dözmədim, o zaman baş nazir idim, siyasətlə məşğul olmurdum, işim təsərrüfatçılıq idi. Dedim, bilirsiniz nə var, siz bizi ittiham edirsiniz ki, guya bu işlə məşğul olmuruq. Ancaq əslində Azərbaycanda sizin ucbatınızdan belə vəziyyət yaranıb. Siz ölkəni idarə edə bilmirsiniz. O adam susdu, bir söz demədi. Başqa bir epizod da oldu. Deyəsən, ayın 19-u idi. Moskvadan gələn adamlar Vəzirovun kabinetindəydilər, yaranmış vəziyyəti müzakirə edirdilər. Moskvadan gələnlərin biri məndən soruşdu ki, Ayaz müəllim, siz bu vəziyyətə necə baxırsınız? Əlimi pəncərəyə tuşladım – həyətdə yığışan adamlar “istefa” tələb edirdilər – dedim bilirsiniz camaat orda nə tələb edir: “istefa”. Biz istefa verməliyik, çünki biz sizin, ya başqasının ucbatından idarə edə bilmirik. Bu narazılığın kökünü də siz bizdən yaxşı bilirsiniz, Qarabağ məsələsi olmasaydı, indiki hadisələr baş verməyəcəkdi, sakitlik hökm sürəcəkdi. Amma faktiki olaraq indi biz ölkəni idarə edə bilmirik.

– Belə çıxır ki, danışıqların gərgin keçməsi Bakıya ordu yeridilməsinə səbəb oldu?

– Hə də. Bunlar Xalq Cəbhəsinin rəhbərliyi ilə söhbət etdilər ki, Qorbaçovun əmri var, qoşunlar yeridiləcək. Ona görə də gəlin meydanı boşaldın, çünki siz hakimiyyətə qarşı əl qaldırmısınız. Sözün doğrusu, biz Xalq Cəbhəsini qeydiyyata alanda qol çəkdiyimiz sənəddə qeyd olunmuşdu ki, Xalq Cəbhəsi konstitusion dövlətə qarşı çıxış etməyəcək. Ancaq faktiki olaraq kimin xoşuna gəlir, ya gəlmir, o zaman SSRİ bir dövlət kimi rəsmən var idi. Qorbaçov da bundan istifadə etdi. Ümumiyyətlə, o zaman Azərbaycan siyasi meydanında iki qüvvə qarşıdurmada oldu: Azərbaycan tərəfdən Xalq Cəbhəsi, Moskva tərəfindən də Kreml. Biz, ozamankı hökumət heç nə edə bilmirdik, bizə qulaq asan yox idi.

– Hesab etmək olarmı ki, hakimiyyətin iradəsizliyi öz sözünü deyib?

– İradəsizlik deyil e. Siz niyə bu sözü işlədirsiniz? Hap-gopla biz nə edə bilərdik? Silah mərkəzdəydi, bizdə ordu yox idi. Biz nə edə bilərdik? İradəsizlikdən danışmaq çox rahatdır. Ancaq ozamankı vəziyyəti göz önünə gətirsəniz, bizi anlaya bilərsiniz, bağışlayın bu sözümə görə. O zaman bizim hökumətin imkanları sıfır dərəcəsindəydi. Ona görə ki, Moskva gəlib lövbərini salmışdı. Mən Primakovun üzünə o sözləri dedim. Bundan artıq nə deyə bilərdim?

– Yəni 20 Yanvar qırğını baş verməyə də bilərdi?

– Əlbəttə. Söhbət ondan gedirdi ki, Bakı qarnizonunun ətrafına yığışan adamlar oranı boşaltsınlar. Adamlar dağılışsa, qırğın olmazdı.

– Belə çıxır ki, Vəzirovun Bakını tərk etməsindən siz də xəbərsiz olmusunuz?

– Yox, məlumatsız olmamışam. Həsən Həsənov zəng edib məndən soruşdu. Dedim mənim xəbərim yoxdur, o, 1-ci katibdir, siz də katib. Onu siz billməlisiniz ki, 1-ci katib hardadır, məndən niyə soruşursunuz? 18-dən 19-na keçən gecə mən öz kabinetimdə oturmuşdum. Ancaq Nazirlər Sovetinin binasında mən və köməkçimdən başqa heç kim yox idi.

– Vəzirov da sizə xəbər vermədən Bakıdan qaçmışdı, eləmi?

– Yox, mənə nə Vəzirov, nə başqası bir söz demişdi. Yanvarın 19-u gecəsi, təqribən 10 radələrində məndən bir neçə nəfər xahiş etdilər ki, Ayaz müəllim, biz eşitmişik ki, Bakıya qoşun yeridəcəklər. Amanın günüdür, Moskvaya zəng edib bunun qabağını alın. Mən də onların yanında SSRİ-nin baş naziri Rıjkova zəng etdim. Dedim xahiş edirəm, əmr edin, qoşunları Bakıya yeritməsinlər, böyük fəlakətlə üzləşəcəksiniz. Bunu bilin ki, Bakıda yarım milyon rus əhali var, onları pis vəziyyətə qoymayın! Çünki sovet ordusu rus ordusu kimi qəbul olunur, ona görə də buna yol verməyin! O da mənə dedi ki, siz idarə edə bilmirsiniz. Dedim bəli, biz idarə edə bilmirik. Ancaq bu idarə edə bilməməyin nəticəsi acı olacaq, bunun qabağını siz almalısınız. Mənim bu işdə nə gücüm var, nə də imkanım. Sonra Yazova zəng etdim. Yazov onda 4-cü ordunun qərargahında idi. Dedim ki, mən indicə Rıjkovla da danışdım… Mənim dediklərimi Rıjkov öz kitabında qeyd edib.

– Zəng edəndə sizin yanınızda kimlər var idi?

– Mərkəzi Komitənin katibləri Həsən Həsənov və Telman Orucovun, komsomolun birinci katibi Sahib Ələkbərovun, Mərkəzi Komitənin digər rəsmisi Rauf Axundovun yanında zəng etdim. Baxmayaraq ki, ondan əvvəl Moskvadakı adamlarla danışırdım və xəbərdarlıq edirdim ki, böyük faciələr ola bilər, buna yol verməyin. Ancaq “Salyan kazarması”nın qarşısına yığılan adamları oradan yığışdırsaydılar, vəziyyət başqa cür olardı. Bakıda inzibati binaların fəaliyyəti iflic olmuşdu. Bakı şəhər partiya komitəsinin binasında Xalq Cəbhəsi oturmuşdu, Mərkəzi Komitə mühasirədəydi, Nazirlər Sovetinin binasına qadağa qoymuşdular, təkcə məni işə buraxmışdılar. Odur ki, “konstitusiyalı hakimiyyətə silahlı hücum” ittihamı elan olundu. Bununla nə qazandılar? Bu bəhanəni niyə verirdilər? Bəziləri deyirdilər ki, siz narahat olmayın, Tiflis hadisələrindən sonra Bakıya qoşun yeridilməyəcək, biz gedib sizə silah gətirəcəyik.

– Amma təbii ki, bu hadisələrdə ən böyük məsuliyyəti Qorbaçov və onun komandası daşıyır. Onların nə zamansa məhkəmə qarşısında dayanacağını, cəzalandırılacağını gözləyirsinizmi?

– Şübhəsiz ki, ən böyük məsuliyyəti Qorbaçov daşıyır. Çünki o, ölkə prezidenti və baş katib idi, bütün səlahiyyət də onun əlində idi. Mən bunu özünə də demişəm. Özü də etiraf edib ki, bəli, mən çox şeyi edə bilməmişəm, ancaq bir məsələnin həllində özüm üçün uğurlu nəticə qazanmışam, o da kommunist sisteminin ləğvinə nail olmağımdır. Lakin deyə bilmərəm ki, Qorbaçov nə vaxtsa cəzasını alacaq. İndi Qorbaçov kimdir ki? Bununla belə o, məhkəmə qarşısında dayanmalıdır. Ona qarşı cinayət işi də qaldırılıb, ancaq rəsmi hökumət tərəfindən yox. O vaxt mən bütün yüksək tribunalardan sözünü demişəm. Məsələn, kommunistlərin 28-ci qurultayında mən ağzıma gələni dedim. Biri dedi ki, biz heç gözləməzdik ki, Ayaz Mütəllibov bu sözləri işlətsin. Mən tarixdə ilk dəfə Mərkəzi Komitənin Siyasi Bürosunun üzvlərinin fəaliyyətinə mənfi qiymət verdim. Təbii ki, mən 20 Yanvar hadisələrinin araşdırılması ilə bağlı məhkəmə prosesinin qurulmasını istərdim. Sadəcə, biz bilməliydik ki, o zaman nə qədər canfəşanlığa yol versək, müsbət nəticə əldə edə bilməyəcəyik. Ona görə cəbhəçilər də deyirdik, Moskva yaralı bir ayıdır, ona sataşsanız, bilməliyik ki, bunun əks təsiri olacaq. Qarabağ münaqişəsi sovet Moskvasında başlamışdı. Sən də mərkəzi hökuməti təhqir edirsən. Kimin xeyrinə? Ermənilərin. Ermənilər istəyirdik ki, biz Moskvanın təsirindən çıxaq, biz də onu etdik. Emosionallığa yol verilməməli idi. Çünki siyasətdə emosiya olmamalıdır. Mən də deyirdim ki, Qarabağ münaqişəsinin həllinin açarı Moskvadadır. Bu münaqişəni Moskvada söndürmək lazım idi. Deyirdilər yox e, biz Avropa yolu ilə gedək. Nəticə nə oldu? Moskvada Azərbaycanla dostluğa üstünlük verən xeyli adamlar var idi. İndinin özündə də görürsünüz, nə dolaşığa düşmüşük. İnandığımız Qərb nə verdi bizə? Gəlib-gedirlər, mənasız səfərlərin heç bir faydası yoxdur. Halbuki bizim ixtiyarımız var torpaqları azad etməyə, ancaq deyirlər siyasi yolla həll olunmalıdır…
loading...
XƏBƏR LENTİ