05 yan 16:08musahibe

"Biz ən gözəl illərimizi Azərbaycanda keçirdik" - İrfan Sapmaz

"Biz ən gözəl illərimizi Azərbaycanda keçirdik" - İrfan Sapmaz“Ən gözəl günlərimiz Azərbaycanda keçib”

İrfan Sapmaz imzası Azərbaycan jurnalistikasında öz izini qoyub. Uzun illər ölkə mediasında yer alan tanınmış jurnalist son illər karyerasını müharibə bölgələrində davam etdirir. “Müharibə reportyorluğu”nun sayseçmə imzalarından biri hazırda Ramallahda ölümlə üz-üzə dayanıb. Bir neçə gün öncə onun gözünün qabağında bir reportyorun yaralanması hadisəsi dünya xəbər agentliklərinin əsas mövzularından biri idi. Bəli, o, həm xəbərçiliklə məşğul olur, həm də ölüm-dirim mücadiləsi verir.

İ.Sapmaz “Yeni Müsavat”a müsahibəsində bu məqamlara toxundu, jurnalistika sirlərini bizimlə bölüşdü. Söhbətimizə son dönəmlərdəki hərəkət trayektoriyası ilə başladıq.

-Mən yenidən “Doğan” xəbər agentliyinə qayıtdım. Daha öncə də “Doğan” qrupunun Azərbaycan, keçmiş sovet ölkələri təmsilçisi idim. 12 il boyunca Azərbaycanda yaşadığım dönəmlər oldu. Ondan sonra da müxtəlif telekanallarda - TRT, TGRT kimi kanallarda çalışdım. Daha sonra “Doğan” agentliyindən mənə bir təklif gəldi. Bu agentlik yeni bir sistem qurur. İşin açığı, “Doğan” bir qədər zəifləmişdi. Onun üçün məni də çağırdılar. Dünyadakı qaynar müharibə bölgələrinə göndərmək üçün təklif verdilər. Bilirsiniz ki, 35 illik jurnalist fəaliyyətimin 30 ili bu bölgələrdə, reportyorluq etməklə keçib. Onun üçün də bu təklifi qəbul etdim və başladıq. Başlayan kimi də Malayziyaya, Myanma sərhədinə qədər getdim. Ardınca İraqa yollandım. İraqa getdiyim zaman İraq ordusunun rəhbəri ilə bir müsahibəm oldu. Ondan öncə də Kərkükdə idim. Amma orda çox qala bilmədim. Çünki Kərkük kürdlərin əlində idi. Hər hansı bir yerdə qala bilmədim. Otellər onların nəzarətində idi, türkmənlər də təhlükəsizliyimi təmin edə bilmədikləri üçün Kərkükdən çıxmaq məcburiyyətində qaldım. Orda da xeyli təhükəli mərhələləri keçdim. Yanımda snayperlə bir maşını vurdular, insan ölümlərini gördüm. Bir aya yaxın Bağdad-Kərkük ərazisində qaldım. Ardınca Liviyaya gəldim. Fələstin isə hər zaman qarışıq idi. Sonradan ora gəldim. Trampın Qüds qərarı ilə buralar qarışdı. Bir ay öncə Qüdsə gəldim, buradakı olayları təqib etdim. Daim küçə çatışmaları var. Ardınca isə Ramallaha gəldim. Bura da Qüdsdən yarım saatlıq məsafədə olan bir yerdir. Hazırda Ramallahdayam. Burada hər gün, müxtəlif bölgələrdə toqquşmalar var. Mən də burdakı atışmaları izləyirəm. Bölgə olduqca qaynardır. Xüsusən jurnalistlər üçün olduqca təhlükəlidir.

-Keçən həftə bir jurnalistin vurulma anını da çəkib yaymışdınız.

-Bəli. Biz onunla bərabər idik, yan-yana dayanmışdıq. Bir tərəfdə fələstinli nümayişçilər İsrail əsgərlərini daşlayırdılar. O biri tərəfdə də İsrail əsgərləri var idi. Biz, həmin qəzetçi və bir qrup könüllü fələstinli səhiyyə işçiləri ilə bərabər divarın dibində, o atışmanın ortasında qaldıq. Daha sonra qaçdıq, amma həmin jurnalist bir qədər arxada qalmışdı. Mən də kameranı o tərəfə tutmuşdum, çünki orada İsrail əsgərləri var idi. O anda kamerama vurulma anı da düşdü, saniyə-saniyə görüntülədim.

-Əslində həmin anda çox qarışıq duyğular yaşadığınız bəllidir. Məsələn, bir tərəfdə həmkarınız ölümlə üz-üzədir, yaralanıb. Amma o biri tərəfdə siz peşənizi yerinə yetirməlisiniz. Peşə borcu və insanlıq arasında qalanda hansı hissləri keçirirsiz?

- 15 dekabrda da canlı yayım edirdim. Həmin vaxt bir fələstinli nümayişçi yanımdan hoppanıb, israilli əsgərlərin yanına keçdi, onlardan birinin boğazına yapışdı. Mən onu saniyə-saniyə, canlı yayımla bütün dünyaya çatdırdım. Kəsmədim yayımı, amma baş verənləri saniyə-saniyə çatdırdım. Görüntü ilə yanaşı, şərhlərimi də verdim. Şiddətli bir atışma vardı. Sonradan öyrəndik ki, o gəncin üzərində intihar kəməri var imiş. Ancaq içi boş olduğu üçün yalnız qorxutmaq istəyirdi.

Hisslərimə gəlincə, məsələn, fələstinli gənclə bağlı durumda bizim edə biləcəyim nəsə yoxdur. Səhiyyə qrupu var, onlar duruma müdaxilə edirlər. Həmin anda mənim “yayını dayandırım, hadisəyə müdaxilə edim” demək şansım yoxdur, bu işi professional həkimlər edirlər. O anda mənim bir qəzetçi olaraq edə biləcəyim ən yaxşı şey bu olayları canlı-canlı dünyaya çatdırmaqdır. Elə də etdim. O məşhur sual var: qəzetçi olaraq bir insanı xilas etmək imkanınız olsa, onu xilas edərsiz, ya peşənizi icra edərsiz? Açığı, mən 30 ildir bu peşəni icra edirəm. Heç zaman belə bir situasiya ilə qarşılaşmadım. Belə bir seçim qarşısında qalsam, nə edərəm, onu da bilmirəm. İndi texnologiya çox inkişaf edib. Mənim yanımda görüntü çəkəcək bir neçə sistemim var. Dəbilqəmin üzərində kiçik qobro kameram var. O kameralar hər zaman açıqdır. Bundan başqa, telefonlarımız da var. Yəni, çəkilişə fasilə verməmək mümkündür. Elə bir durum olarsa, o günün şərtlərinə uyğun olaraq, həmin insanı xilas etmək istəyərəm. Çünki insan həyatı hər şeydən önəmlidir.
"Biz ən gözəl illərimizi Azərbaycanda keçirdik" - İrfan Sapmaz
-Bu arada öz həyatınız da təhlükə altındadır. Allah qorusun, amma hər an bir gülləyə qurban gedə bilərsiz. Bunu bilə-bilə qaynar müharibə bölgələrində jurnalistlik etmək ölümün üstünə getmək kimi gəlmirmi sizə?

-Haqlısız, çox təhlükəli situasiyada fəaliyyət göstəririk. Arada qalırsan, Allah göstərməsin, nə olacağını da bilmirsən. Allaha sığınaraq gedirik. İnancımız olmasa, müharibə jurnalistliyi elə asanlıqla həyata keçiriləcək peşə deyil. Qəzetçilər olaraq arada qalırıq. Amma birilərinin bunu etməsi lazımdır. Dünyada bu peşəni icra edən jurnalistlər var. Təbii ki, zamanı gələndə biz də kabinet işində olacağıq. Amma hələlik buna fürsət vermirlər. (gülür) Bunu qürur, özündən razılıq olaraq demirəm. Amma hazırda Türkiyədə, eləcə də dünyada 30 ilə yaxın bir dönəm müharibə jurnalistikası ilə məşğul olan çox az sayda jurnalist var ki, bunlardan biri də mənəm. 1 aya yaxındır ki, Fələstində bu işlə məşğulam və bütün dünya televiziyaları bizim xəbərlərimizi, çəkdiyimiz videoları yayımladılar.

-Siz peşənizi bu qədər sevdiyiniz üçün hər gün bir müharibə bölgəsində, atışmanın ortasında ola bilirsiniz. Amma bir özəl həyatınız da var. Xanimınız, övladlarınız sizin bu seçiminizlə bağlı nə düşünürlər? Hər yerə sizinlə gəlirlərmi, yoxsa sizi “ürəkləri ağzında” , uzaqdan izləyirlər?

-İki qızım var, onlar da mən Azərbaycanda olanda dünyaya gəliblər. Biri tibb, digəri hüquq fakültəsində təhsil alır. Yoldaşım öyrəşib bu vəziyyətə. Uzun illərdir mənim müharibə bölgələrində fəaliyyətimi izləyir, peşəmə necə bağlı olduğumun fərqindədir. Mən Azərbaycanda olanda, Qarabağa da getmişdim. Sizə maraqlı bir əhvalat danışım. 1992-ci il idi, Bakıya yeni gəlmişdim, Bakı Dövlət Universiteti tərəfdə qalırdıq yoldaşımla, yeni evlənmişdik. Əbülfəz Elçibəy o zaman sağ idi və Xalq Cəbhəsi parlamentə doğru yürüşə keçmişdi. O zaman parlamentdə Ayaz Mütəllibov var idi. Atışma səsləri başlayan kimi mən yoldaşıma dedim ki, sən yerə yat, bir də qalxma. Çünki pəncərələrdən güllə gələ bilər. Mən bunu söylədim və sonra prosesləri izləmək üçün evdən çıxdım. O zaman “Hürriyyet”də çalışırdım, fotolar çəkdim, xəbər hazırladım, Elçibəydən müsahibə götürdüm. Axşam evə gəldim, açar da məndə idi. Qapını açdım və gördüm ki, yoldaşım Yasəmən hələ də yerdə uzanıb. Mən ona “atışma səsləri kəsilincə ayağa dur” deməyi unutmuşdum. (gülür) Gəldim ki, yerdədir və qorxusundan ağlayır.
Amma indi texnologiyanın şərtləri o qədər inkişaf edib ki, hər an görüntülü əlaqə saxlamaq mümkündür. Vaxtilə biz Əfqanıstana gedər, 3-4 ay heç kimlə əlaqə saxlaya bilməzdik. Ailəm indi çox narahatdır mənə görə. Amma mən də daim təhlükəsizlik tədbirlərini görürəm, qaz maskam, qoruyucu jiletim var. Olduğum ölkənin şərtlərinə uyğun hər cür tədbirləri unutmuram. Amma edəcək bir şey yoxdur. Bu da bizim peşəmizdir. Onu sevirəm. Dünyaya bir daha gəlsəm, yenə bu peşəni seçərdim.

-Müharibə bölgəsində yaşadıqlarınızı bir kitab halına gətirməyi düşünürsüzmü?

-Bir kitabım Azərbaycanda çıxdı – “Qurdlar süfrəsində Azərbaycan”. Əfqanıstandakı prosesləri anlatdığım bir kitabım da çıxıb. Hazırda isə Azərbaycanda yaşadığım 12 illik dönəmdən bəhs edən kitabımı bitirmişəm. Çox səs gətirəcək bir kitab olacaq – hadisələrin pərdəarxası, bilinməyənlərin öz əksini tapdığı kitab olacaq. Türkiyədə nəşr olunacaq. Daha sonra Azərbaycanda da nəşr olunarmı, onu bilmirəm. Bu arada Azərbaycandan sonra yaşadığım dönəmdəki hadisələri də toparladım, onu da kitab halına gətirəcəm. Bunu niyə edirəm? Çünki yaşadığım bir təcrübə var. Bu təcrübələri kitab halına gətirmək lazımdır. İnsanlara qıraqdan çox əyləncəli görünür bizim peşəmiz. Amma müharibə jurnalistikasının da incəlikləri, sirləri var.

-Azərbaycan həyatınızın önəmli bir hissəsini təşkil edir və artıq bizim ölkəmizlə bağlı daha bir kitab yazmısız. Bəs Azərbaycana yenidən qayıtmağı, burada yaşayıb qəzetçilik etməyi düşünürsüzmü?

-Biz ən gözəl illərimizi Azərbaycanda keçirdik. Həyat yoldaşım Yasəmən hər zaman bunu deyir. Qızlarımız orda doğuldu, böyüdü. Bağçaya, məktəbə ilk orda getdilər. Qarabağın hər qarışında oldum. Şuşanın, Kəlbəcərin, Ağdamın işğalından bir neçə saat öncə orda idim. Önəmli dönəmimiz orda keçdi. Azərbaycanı özləyirik. Təbii ki, ailəmlə ora yenidən gəlməyi, Azərbaycanın 2018-ci ildəki vəziyyətini, dəyişimini, inkişafını görmək istəyirəm. Amma gəlib orada yaşamaq barədə bir şey deyə bilməyəcəm. Açığı, artıq Türkiyədən kənara çıxmaq da istəmirəm. Bunu deməyə də qorxuram. Çünki özümü dərhal başqa bir ölkədə tapıram (gülür).

Ən son olaraq Davosda cənab prezident İlham Əliyevlə də qarşılaşdıq. Məndən “Azərbaycana nə zaman gələcəksən” deyə soruşdu. “Gələcəm, cənab prezident” dedim, amma qismət olmadı, təəssüf ki. Yeri gəlmişkən, mən 2 ay öncə cənab İlham Əliyevdən müsahibə götürmək üçün rəsmi olaraq Prezident Administrasiyasına müraciət etsəm də, hələ cavab ala bilməmişəm. “Doğan Holdinq” olaraq PA-ya məktub da göndərilib, amma xəbər yoxdur.

-Müharibə bölgələrindən kompüter başına, ofis jurnalistikasına keçid üçün nə qədər vaxtınız var?

-Hələ ki, bununla bağlı bir şey deyə bilmərəm. Arzum Türkiyədə, “Doğan” media qrupunda bu işlə məşğul olmaqdır. Amma harda, necə olacağını indidən demək mümkün deyil. Amma mən bir şeyə tam əminəm: qəzetdə, televiziyalarda masa başında olan insanların daha öncə mütləq meydanlarda, hadisə yerində jurnalistika ilə məşğul olması lazımdır. Ancaq o halda hadisəni, xəbəri duymaq, bu işin incəliklərini duymaq mümkündür.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ