21 dek 11:26musahibe

2018-də dünyanı nə gözləyir?

2018-də dünyanı nə gözləyir? 2017-ci ilin sonlarında dünyada baş verən siyasi proseslər 2018-ci ildə vəziyyətin daha da gərginləşəcəyini deməyə əsas verir. Xüsusən Qüds ətrafında cərəyan edən olaylar yeni münaqişə ocaqlarının yaranma ehtimalını artırır.

Politoloq Qabil Hüseynli Axar.az-a müsahibəsində 2018-ci ildə dünyada hansı siyasi proseslərin gedəcəyi ilə bağlı proqnoz verib.

- 2018-ci ildə dünyada nə kimi siyasi dəyişiklər gözlənilir?


- Builki hadisələrin sonluğu göstərir ki, gələn il dünyada qarşıdurma meyilləri artacaq. Məsələn, gələn ilin fevralından ABŞ-ın Rusiyaya qarşı yeni və daha ağır sanksiyaları işə düşəcək. Bu isə Rusiya-ABŞ gərginliyini daha yüksək zirvəyə qaldıracaq. Hətta bəzi ekspertlər Rusiya və ABŞ arasında Avropa qitəsi üstündə ciddi qarşıdurmaların olacağını proqnozlaşdırır. ABŞ-ın da dünya təhlükəsizliyi üçün ən ciddi təhdid kimi gördüyü ölkə Rusiyadır. Son dövrlər Rusiyada imperialist davranışlar və məsələlərə imperialist yanaşmalar artıb. Bu özünü Ukraynada, Avropa qitəsinə münasibətdə, eləcə də bəzi beynəlxalq təşkilatların işinə müdaxilədə açıq şəkildə göstərir. Məsələn, ABŞ-da belə hesab edirlər ki, Rusiya Avropa qitəsi ölkələri arasında ziddiyyətləri dərinləşdirmək yolu ilə Avropa Birliyini parçalamaq, hətta NATO-ya belə müdaxilə etmək fikrindədir. Bu bir faktdır ki, ABŞ-la Rusiya arasındakı gərginlik günbəgün artır. Bunun bir səbəbi ABŞ-dakı seçkilərə Rusiyanın kiberhücumlarla qarışması, məsələnin Trampın xeyrinə həll edilməsi üçün səylər göstərməsi ilə bağlı olan iddialardır. Bu araşdırmalar hələ də davam edir.

- Suriya məsələsində də ABŞ Rusiyanın bəzi addımlarından narazı qalıb. 2018-ci ildə Suriyada münaqişələrin yenidən aktivləşməsini müşahidə edəcəyikmi?

- Suriya məsələsinin yenidən qızışacağını proqnozlaşdırmaq mümkündür. Bu isə bölgədə gərginliyin yeni mərhələyə qədəm qoyacağına bir işarədir. Məsələlərə Türkiyənin də müdaxiləsini nəzərə alsaq, deyə bilərik ki, Türkiyə özü də bu qaynar hadisələrin içərisində olacaq. Bu, Türkiyənin Yaxın Şərq problemlərində aktiv rol oynamasına gətirib çıxaracaq. Amma bununla yanaşı, ABŞ və Türkiyə arasındakı münasibətlərin bəzi nöqtələrdə gərginlik səviyyəsinə çatacağını da söyləmək mümkündür. Çünki Qüdslə bağlı Trampın son səfeh mövqeyinə qarşı müsəlman dünyasının yönləndirilməsində Türkiyənin və Prezident Rəcəb Tayyib Ərdoğanın rolu böyük oldu. Hər halda bu, NATO-daxili münasibətlərə və Türkiyənin ABŞ-la münasibətlərinə gərginlik gətirəcəkdir. Buraya əgər Rza Zərrab məhkəməsini və məhkəmədə söylənilənləri də əlavə etsək, məsələnin kifayət qədər ciddi olduğu qənaətinə gəlmək mümkündür.

- Şimali Koreya və ABŞ arasında olan gərginlik 2018-ci ildə necə davam edəcək?


- Dünyanın digər bir ölkəsi Çin də sürətlə inkişaf etməkdə və onun siyasi ambisiyaları artmaqdadır. Çin Asiyanın parlamaqda olan ulduzu, yaxud da yeni pələngi kimi meydana çıxır və özünün sənaye və hərbi potensialı ilə yeni siyasi ambisiyalara düşməsinə gətirib çıxarır. Əlbəttə, bu bölgədə Şimali Koreya məsələlərini yaddan çıxarmaq olmaz. Çünki bu məsələnin 2018-ci ildə mütləq həll edilməli olduğunu düşünürəm. Söhbət bu ölkənin nüvə sınaqlarına, ballistik raketlər sınağına son qoyulmasından gedir ki, hakim rejim çətin ki, buna getsin. Bu da ABŞ-ın Yaponiya və Cənubi Koreyanın iştirakı ilə Şimali Koreyaya qarşı hərbi əməliyyatlara başlama ehtimalının ola biləcəyi fikrini gücləndirir.

- 2017-ci ildə separatizm meyillərindən çıxış edən ölkələrin sayında artım hiss edildi. 2018-ci ildə separatizm zəminində meydana çıxmış münaqişələrin həll perspektivləri necə olacaq?

- Postsovet məkanındakı münaqişələr aktuallığı ilə seçilir. Bu məsələlərdə Kremlin tutduğu qərəzli mövqe ucbatından bu münaqişələr heç cür danışıqlar yolu ilə irəliləyə bilmir. Bu danışıqları dondurulmuş münaqişələr şəklini alır. Amma Dağlıq Qarabağ məsələsini Azərbaycanın səyləri və addımları nəticəsində donmuş münaqişələr silsiləsinə aid etmək olmaz. Çünki burada bir hərəkətlilik var. Azərbaycan tərəfi proseslərin sürətləndirilməsini tələb edir, əks təqdirdə öz ərazi bütövlüyünü hərbi güclə təmin edəcəyini də istisna etmir. Qeyd edim ki, 2018-ci ildə də separatizm meyillərinə qarşı dünyada artan cəhdlərin şahidi olacayıq. Bu məsələdə Avropa Birliyi öz nümunəsini göstərdi. Yəqin ki, BMT və digər beynəlxalq təşkilatlar da bu məsələ ilə əlaqədar siyasi həmlələrini, siyasi təzyiqlərini daha da artıracaq.

- 2018-ci ildə hansı yeni problemlərin yaranacağını müşahidə edəcəyik?

- Dünyanın bir çox qaynayan problemləri var. Bunlar ekoloji problemlər, iqlim dəyişiklikləri, insanların qida məhsullarına artan ehtiyacıdır ki, bütün bunlar qlobal problemlər şəklində getdikcə daha da gərginləşəcək. Bu isə inkişaf etmiş ölkələrlə geridə qalmış ölkələr arasında uçurumun daha da dərinləşməsinə gətirib çıxaracaqdır ki, bunlar özü də dünya siyasətinə təsir edən amillərdəndir. Bir sözlə, dünyada olan çoxlu problemlər var ki, öz həllini tələb edəcək, dünyanın taleyi supergüclərin, o cümlədən ABŞ və Rusiyanın bir-birinə münasibətindən xeyli dərəcədə asılı olacaq.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ