19 dek 15:34musahibe

“Kərkükdə vali türkmənlər arasından seçilməlidir” – Iraqlı millət vəkili

“Kərkükdə vali türkmənlər arasından seçilməlidir” – Iraqlı millət vəkili İraqa səfərim çərçivəsində bu ölkənin millət vəkili Hasan Turanla Kərkükdəki qərargahında görüşüb, kifayət qədər geniş söhbət elədim. Hasan Turan İraq parlamentinə İraq Türkmən Cəbhəsindən (İTC) seçilib, amma fəaliyyətinin məğzində partiyanın deyil, türkmən xalqının maraqları dayanır. Demək olar ki, ümummilli məsələlərdə digər türkmən liderlərlə birlikdə müzakirə aparılır, qərarlar verilir. İŞİD-dən sonrakı İraqın qurulmasından, Kərkükün bu günü və gələcəyi mövzusunda, kürdlərin məsələlərindən, türkmənlərin xaricə çıxışından və sair – hər mövzuda danışdıq. Gəlin bu mehriban türkmən millət vəkili ilə söhbətimizi misralara çevrilmiş müsahibəmizdə birlikdə oxuyaq:

- Türkmənlər İraqda üçüncü əsas xalq olmasına baxmayaraq hər zaman problemlərlə üz-üzə qalıb. 2003-cü ildən əvvəl Səddamın yaratdığı sıxıntılar, sonra isə Amerikanın gətirdiyi süni problemlər insanları narahat etməkdədir. Amerika İraqı işğal edəndən sonra ölkədə siyasət şiə-sünni-kürd faktoru üzərində qurulub. Türkmənlər isə ümumiyyətlə, bütün məsələlədə bir xalq olaraq kənarda saxlanılıb. Bu gün də bu belədir: türkmənlər ölkə əhalisinin təxminən 10 faizini təşkil eləsələr də, dövlət və hökumət strukturlarında çox cüzi təmsil olunmaqdadırlar. Xüsusən də nəzərdən qaçırmayaq ki, kürdlərlə ərəblər arasında yerləşən böyük Türkməneli coğrafiyasında yaşayırıq. Türkməneli torpaqları isə hər cür sərvətlə, o cümlədən, neft və təbii qazla zəngindir.

- Zənginlik də heç vaxt xalqlara xoşbəxtlik gətirmir...

- Doğrudan da, təbii sərvətlərin bolluğu problemlərimizi bir az da artırıb. Kürdlər hər zaman bölgələrimizə iddialı olublar. 2005-ci ildə kürd tərəfi Bağdaddakı şiə qruplarla razılaşaraq Türkməneli bölgəsini konstitusiyada mübahisəli ərazi adlandırıblar. Kürdlərin məqsədi nəyin bahasına olursa olsun, türkmən torpaqlarını İraq Kürdüstanına qatmaqdır.

- Niyə məhz Kərkük və çevrəsinə israr edirlər?

- Bu ərazilər böyük neft mədənləri ilə zəngindir. Əgər kürdlər Kərkük vilayəti, Tuz Hurmatu, eləcə də Mosul vilayətinin neftlə zəng bəzi rayonlarını əldə etməzlərsə, öz dövlətlərini qura bilməzlər. Kürd muxtariyyəti mövcud sərhədləri daxilində dövlət olaraq inkişaf edəcək iqtisadi qüvvəyə maılik deyil. Onlar həmişə qazancını-gücünü bizim ərazilərdən alıblar.

- Bəs niyə uzun illər ərzində türkmənlər haqlı olduqlarına dair Bağdadda məsələ qaldırmayıblar?

- Niyə ki, 2003-cü ildən 2017-ci ilədək qapısını döymədiyimiz dövlət qurumu qalmadı. Amma təəssüf ki, şikayətlərimizi kimsə dinləmədi. Əksinə, bu müddətdə Kərkük ciddi şəkildə demoqrafik dəyişikliyə uğradı. Hesab edirik ki, bu illər ərzində Kərkükə ən azı yarım milyon kürd yerləşdirilib.

- Yəqin bu Ərbilin keçirdiyi son referenduma hazırlıq olub...

- Elədir, Kürdüstanda keçirilən referendum prosesinə Kərkükü də qatdılar. Amma Allaha çox şükürlər olsun ki, son vaxtlar hökumət türkmənin dediklərinə inanmağa başlayıb. Referendumdan sonra Bağdadda anladılar ki, 2003-cü ildən bəri türkmənlərin dedikləri həqiqətmiş, kürdlər Kərkükdə demoqrafik vəziyyəti dəyişməklə ölkənin parçalanmasına hazırlıq görürlərmiş. Kürdüstanın İraqdan ayrılsaydı, Türkiyə də parçalanacaqdı, İran da, Suriya da. Özü də Kürdüstanın xain planının puç olmasında türkmənlərin böyük rolu olub. Biz millət vəkili olaraq Bağdadda, eləcə də digər türkmən siyasətçilər və ziyalılar Kərkük vilayəti ərazisində kürdlərin separatçı planlarına qarşı genişmiqyaslı mübarizə apardıq. Sonda da İraq ordusu bölgəyə yerləşərək nəzarəti ələ keçirdi. Oktyabrın 16-da atılan addımlardan məmnunuq, amma daha çox işlərin görülməsini istəyirik. Bu işlər hansılardır? Birincisi, təhlükəsizliyin Bağdad tərəfindən təmin olunmasını istəyirik. İkincisi, Kərkükdə ortaq idarəetmə formasının tapılmasıdır.

- Ortaq idarəetmədən söz düşmüşkən, Kərkükdə vəzifələr necə bölünməlidir?

- İdarəetmə strukturları türkmənlər, kürdlər və ərəblər arasında müvafiq olaraq 32 faiz səviyyəsində bölünməli, qalan dörd faiz isə xristianlara verilməlidir. Bu, biz türkmənlərin təklifidir. Hesab edirik ki, təklifimiz qəbul olunmazsa, bölgəmizdə təhlükə varlığını qoruyacaq.

- Seçkilərdən nə gözləyirsiniz, 4-5 ay qalır...

- Bəzi problemlərimiz var, Türkməneli bölgəsində yaşayan minlərlə türkmən ailəsi ölkənin başqa yerlərinə, hətta xaricə miqrasiya edib. Seçkidən əvvəl onların öz yurdlarına qayıdışı təmin edilməlidir ki, müsbət nəticə ala bilək. Yalnız Təlafər bölgəsindən yarım milyondan artıq türkmən İŞİD-in hücumları nəticəsində ev-eşiyini ataraq İraqın dörd bir tərəfinə səpələnib, bir hissəsi isə Türkiyədə məskunlaşıb.

- Daha İŞİD yoxdur, niyə əhali geri qayıtmağa tələsmir?

- Bir sıra problemlər var. Əvvəla, İŞİD geri çəkilərkən çox yeri minalayıb və hazırda onların tapılıb, zərərsizləşdirilməsi prosesi gedir. Sonra da ki, infrastruktur xəsarət alıb, evlər, məktəblər, xəstəxanalar bombalanaraq dağıdılıb, içməli su yoxdur, elektrik xətləri sıradan çıxdığı üçün enerji qıtlığı yaşanır və sair. Deməli, insanların geri dönüşünə qədər bu problemlərin də həll edilməsi vacibdir. Əks təqdirdə önümüzdə keçiriləcək seçkilərdə türkmənlər zərər görə bilər. Biz bu barədə narahatlığımızı Bağdad hökumətinə də bildirmişik, BMT-nin Bağdaddakı ofisinin rəhbərinə də. İnşallah, seçki gününədək qeyd elədiyim problemlərin aradan qaldırılmasına çalışacağıq.

- Sosial çətinliklər çox, üstəlik, türkmən qaçqınlar böyük arealda məskunlaşıblar. Belə olduğu halda onları necə tapıb, bir araya gətirəcəksiniz?

- Bu ilin may ayında türkmənlər olaraq qurultay keçirdik və orada Türkmənelinin bütün ərazisini əhatə edən doqquz nəfərlik koordinasiya şurası yaratdıq. Həmin heyət İraqla yanaşı Türkiyə və İranda da görüşlər keçirib, inşallah, yaxın zamanlarda Azərbaycana da gələcəyik.

- İrəlidə seçkilərin olacağını deyirsiniz. Maraqlıdır, hazırda türkmənlərin ölkə parlamentində neçə millət vəkili var və növbəti seçkidə neçə mandat qazanılacağını düşünürsünüz?

- Bizim ən böyük sıxıntımız odur ki, türkmənlər müəyyən ərazidə yığcam məskunlaşmayıb. Suriya sərhədlərindəki Təlafərdən İran sərhədinədək böyük bir coğrafiyada yerləşən Türkməneli bizə həm də özü kimi geniş imkanlar açır. Yəni geniş coğrafiyada yaşadığımızı isbatlayır, amma eyni zamanda, bəzi yerlərdə seçki qanununa əsasən milli kimliyini təsbit etməkdə çətinlik yaradır. Bütün bunlara baxmayaraq, indiki parlamentdə türkmən millət vəkillərinin sayı 10-dur, amma növbəti seçkilərdə bu sayı yüksəltməyə çalışacağıq. Ən azı 15 millət vəkili seçəcəyimizi düşünürük.

- İraqın əhalisi 36 milyon, türkmənlərin isə 3 milyondan artıq olduğunu nəzərə alsaq, bu ümumi əhalinin 10 faizinə bərabərdir. Deməli, parlamentdəki millət vəkillərinin də 10 faizi türkmənlər olmalıdır. Bu cür ədalətli bölgünü əldə etmək üçün nə kimi fikriniz var? Bəlkə sizin də iştirakınızla qeyd etdiyim formada bölgünü təsdiqləyən qanun qəbul olunmalıdır?

- Bu gün İraq parlamentində etnik azlıqlara bəlli sayda kvota ayrılıb. Məsələn, xristianlara beş kürsü verilib. Amma biz belə kvotanı qəbul eləmirik. Çünki bu halda türkmənlər ölkədə üçüncü iri xalq statusunu itirir və etnik azlığa çevrilir. Təəssüf ki, bizi dəstəkləyənlər qədər, parlamentdə əleyhimizə çıxanlar da var. Biz sadəcə, millət vəkillərinin sayını artırmağı deyil, həm də siyasəti yaxşı bilən, savadlı, yüksək mədəniyyətə malik insanların parlamentə seçilməsini istəyirik.

- Bayaq dediniz Kərkükdə yerli hakimiyyətin bölünməsinə dair təklifləriniz var. Bu barədə Bağdad hökumətini məlumatlandırmısınızmı və əlbəttə, reaksiya necə olub?

- İraq ordusu Kərkükü nəzarətə götürəndən sonra baş nazir Heydər əl-İbadiyə məktub yazıb vilayətdə 32 faiz modeli üzərində bir idarəetmə sisteminin yaradılmasını təklif elədim. Sağ olsunlar, ötən həftə bir komissiya yaradılıb, Kərkükün müvəqqəti valisini mənim məktubumla əlaqədar Bağdada dəvət ediblər, hazırda iş gedir. Dünən də mənimlə əlaqə saxlayıb bəzi sənədləri istədilər. Ümid edirəm ki, yaxın gələcəkdə bu müstəvidə İraq hökuməti bəzi önəmli addımları atacaq.

- Eşitdiyimə görə, Kərkükdə vəzifələrin bölünməsi məsələsində başqa fikirlər var. Məsələn, vali kürd, məclis sədri ərəb, polis rəisi türkmən...

- Biz türkmən tərəfi olaraq o təklifi qəbul etmərik. Bu, kürdlərin təklifidir. Biz isə, bayaq dediyim kimi, baş nazirə də yazıb istəyimizi bildirmişik ki, Kərkükdə vali türkmənlər arasından seçilməlidir. Mövqeyimizdən geri çəkilmək fikrimiz də yoxdur.

- Bəs qarşı tərəfin reaksiyası necə oldu təklifinizə?

- Hələlik heç bir cavab verilməyib. Amma hesab edirəm ki, hökumətin bu yönümdə baxışları müsbətdir.

- Qonşu ölkələr Kərkükdə idarəetməni necə görmək istəyir? Türkiyə ilə İranı nəzərdə tuturam...

- Ən böyük dəstəyi Türkiyədən görürük. Bu da təbidir, çünki eyni dili, mədəniyyəti paylaşırıq.

- İraqda ən böyük təhlükə, məncə, məzhəbçilikdir və bundan türkmənlər də təsirlənir. Bu barədə nə deyə bilərsiniz?

- Türkmənlər arasında həm şiə, həm də sünnilər var, amma bizim üçün ən vacibi etnik kimlikdir. Bizi ancaq etnik kimlik birləşdirir, sünni-şiə dediyimiz halda isə parçalanarıq. Türkmənlərin burada min ildən artıq tarixi var və bütün tarixi etaplarda özlərini məhz türkmən olaraq tanıdıblar. May ayında keçirdiyimiz qurultaydan sonra türkmən xalqı olaraq məzhəbçiliyi bir yana qoyaraq vahid türkmən adı ətrafında birləşdik. Məzhəb hər kəsin özünə aid inanc məsələsidir və onun ictimailəşməsi ziyanımıza ola bilər. Hətta BMT-nin İraqdakı nümayəndəsi ilə görüşdə də, o, mənə dedi ki, türkmənlərin məzhəb məsələsini kənara qoyaraq, xalq olaraq birləşməsini təqdir edir. Çalışacağıq əldə etdiyimiz bu uğuru qoruyaq. Etnik birliyimizi saxlayıb möhkəmləndirməkdə Türkiyə və İrandan, eləcə də Azərbaycandan da kömək göstərməsini istəyirik. Yaxın gələcəkdə İrana səfərimiz olacaq ki, orada məhz bu məsələni danışıb, müzakirə edəcəyik.

- Türkməneilindəki, hətta İraqdakı bütün tanınmış din adamlarını toplayıb, danışmaq, onların vasitəsilə məzhəb ixtilaflarını yoluna qoymaq olar...

- Sizdən əvvəl yanıma Kərkükdəki şiə vəqfinin rəhbəri gəlmişdi. Onların da çoxlu problemləri var. Oturub danışdıq, ümumi çətinliklərdən qurtulmaq yollarını müzakirə elədik. O da bizimlə tam razıdır ki, məzhəb bölücülüyünü bir kənara qoyaraq etnik xüsusda birləşmək lazımdır.

- Azərbaycan təcrübəsindən yararlanmaq lazımdır. Bizdə Qafqaz Müsəlmanları İdarəsi var ki, ona İslam aləmində çox nüfuzlu olan Şeyxülislam rəhbərlik edir. Şeyxülislam şiə olsa da, birinci müavini sünnilərin təmsilçisidir. Dini arenada hər şey beləcə, zərgər dəqiqliyi ilə edildiyi üçün tək-tək hallar istisna olmaqla, məzhəb məsələsi də yoxdur...

- Şükür ki, yoxdur, bu dövlətin inkişafı üçün yaxşı başlanğıcdır. Bizdə də artıq eyni siyasət yürüdülür. Məsələn, Tuz Hurmatuda bir şiə bölgəsi var. İŞİD ora kimyəvi silahdan atəş açmışdı, amma ilk yardıma gedən bizlər olmuşuq. Sünni din adamlarından ibarət heyət yaratdıq, gedib onlarla görüşdülər. Çox razı qaldılar ki, sünnilər köməklərinə ilk çatdılar, təsəlli verdilər və sair. Bizdən sonra da Türkiyə nümayəndələri getdilər ora.

- Türkiyəyə, İrana səfərlərdən söz açdınız, amma Azərbaycanın adını çəkmədiniz. Bakıya səfər planınız varmı?

- Sabah axşama bir toplantımız olacaq, bu məsələləri orda müzakirə edəcəyik. Dediyim kimi, Türkiyədə olmuşuq. Yaxın gələcəkdə İrana səfər edəcəyik. İnşallah, İranda sonra Azərbaycana da gələrik. Hətta arzumuz budur ki, Bakıda prezident tərəfindən qəbul edilək, fikir və arzularımızı ona çatdıraq.

- SSRİ zamanında Bağdadla, xüsusilə İraq türkmənləri ilə sovet Azərbaycanı arasında çox sıx əməkdaşlıq vardı. Özü də bu əlaqələri hər iki tərəfin ədəbiyyatçıları, mədəniyyət xadimləri qururdular. Bu gün isə müqayisə etsək əlaqələr xeyli zəif görünür. Hansı ki, bu ədəbiyyatçıların hər biri ölkələrimizin qarşılıqlı olaraq səfirləri, konsulları rolunu oynayır. Bu gün Azərbaycanda təxminən 50-dək türkmən tələbə təhsil alır, amma heç bir diaspor fəaliyyəti ilə məşğul deyillər...

- Azərbaycanın xarici ölkələrdə ermənilərə qarşı çox güclü diaspor fəaliyyəti var. Xüsusilə də İngiltərə və Amerika kimi ölkələrdə aparılan genişmiqyaslı işləri təqdir edirəm. Bizim də diaspor təşkilatlarına ehtiyacımız var və hesab edirəm bu istiqamətdə ciddi addımlar atmalıyıq.

Vüsal Tağıbəyli
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ