21 noy 17:15musahibe

"Xalq Cəbhəsi"nin baş redaktoru: “Biz bazara işləmirik”

"Xalq Cəbhəsi"nin baş redaktoru: “Biz bazara işləmirik”"Xalq Cəbhəsi" qəzetinin ilk sayının çapdan çıxmasından 16 il ötür. Qəzet ilk dəfə 20 noyabr 2001-ci ildə çap edilib. Qəzetin ilk baş redaktoru Vüsalə Mahirqızı olub. Qəzetə müxtəlif illərdə Bəhmən Faziloğlu və Cavanşir Həsənli rəhbərlik edib.

2006-ci ildən etibarən isə "Xalq Cəbhəsi" qəzetinə Elçin Mirzəbəyli rəhbərlik edir.

Modern.az saytı ilə həmsöhbət olan Elçin Mirzəbəyli bildirib ki, qəzet 20 noyabrda çapdan çıxsa da, həmin tarix Qarakənddəki vertolyot faciəsinin ildönümü ilə üst-üstə düşdüyündən, kollektiv ildönümünü bir gün sonra, yəni noyabrın 21-də qeyd edir.

- Elçin müəllim, “Xalq Cəbhəsi” qəzeti ilə yollarınız necə birləşdi?

- Artıq 12 ilə yaxındır ki, bu qəzetdə fəaliyyət göstərirəm. Amma bundan əvvəl də, mətbuat orqanı yarananda müəyyən yazılarla çıxış etmişəm. Eyni zamanda, kollektivlə də hər zaman iç-içə olmuşam. Bu baxımdan birgə fəaliyyətdə hər hansı problem olmadı. Əvvəllər də bir ailə idik. Bu gün də qəzetin təkcə hazırkı kollektivi ilə deyil, vaxtilə burada çalışanların hər biri ilə münasibətlərimizi qoruyub saxlayırıq.

- Hər şey olduğu kimi qalmır və istər-istəməz zamanın tələblərinə uyğun olaraq dəyişilir. Bəs “Xalq Cəbhəsi” qəzeti zamanla ayaqlaşaraq, hansısa dəyişikliyə uğrayıbmı?

- Bu gün informasiya texnologiya dövrünü yaşayırıq, yeni resurslar yaranır, internet media daim inkişafdadır. Bu baxımdan çap mediası üçün təbii ki, müəyyən problemlər qalır. Dövlətin verdiyi dəstək , eyni zamanda dostlar sayəsində ayaq üstə qalmağa, yeni dəyişikliklərə uyğunlaşmağa çalışırıq. Amma dəyişməyən informasiya siyasətimizdir. Yəni ölkə maraqlarına, dəyərlərinə , tariximizə, Güney Azərbaycana, bütövlükdə türk dünyasına olan münasibətimiz eynidir. Bunlar dəyişməyən məqamlardır və zamanın tələblərindən asılı olmayacaq.

- Hazırda Azərbaycanda kifayət qədər media qurumları, o cümlədən qəzetlər fəaliyyət göstərir və rəqabət var. Maraqlıdır, “Xalq Cəbhəsi” qəzetinin rəqabət bazarında yeri necədir?

- Biz bazara deyil, mənəviyyata işləyən insanlarıq. Buna görə də bizim mənəvi müstəvidə yerimizi dar edən kimsə yoxdur. Həmkarlarımızla da gözəl şəkildə anlaşırıq. Azərbaycanın peşəkar media qurumları ilə - fərqi yoxdur çap və ya internet media qurumları - kifayət qədər yaxşı əlaqələrimiz var.

- Ümumiyyətlə qəzetin 16 illik fəaliyyətini necə qiymətləndirirsiniz?

- Yüksək qiymətləndiririk. Bütün çətinliklərə baxmayaraq keçdiyimiz şərəfli yol, qəzetin ilk baş redaktoru Vüsalə xanımdan, həmin dövrlərdə bizim qəzetdə çalışan insanlardan başlamış, bu günə qədər işləyən hər bir kəsə təşəkkür edirəm. Sevinirəm ki, vaxtilə “Xalq Cəbhəsi” qəzetində çalışan, ona rəhbərlik edən və ya əməkdaşlıq edən şəxslər bu gün Azərbaycan mətbuatında öz yerlərini tutublar. Onlar harada olmaqlarından asılı olmayaraq bizim ailənin üzvü olaraq qalacaqlar.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 12:15
Dünən, 10:41