08 avq 09:37musahibe

Sərdar Cəlaloğlu: “Qarabağı azad etməyə Surət Hüseynov imkan vermədi”

Sərdar Cəlaloğlu: “Qarabağı azad etməyə Surət Hüseynov imkan vermədi”Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat” qəzetinə ölkə daxilində və ətrafında baş verən hadisələrdən, cərəyan edən proseslərdən danışıb. Avrasiya.net həmin söhbəti təqdim edir.

- Sərdar bəy, müxalifət “böhran dənizi”ndə üzür. Sanki 14 aydan sonra prezident seçkiləri keçiriləcək ölkənin müxalifəti deyil...

- Azərbaycanda ümumən siyasi durğunluqdur. Ölkə iqtidarının özü durğun vəziyyətdədir. Müxalifət cəmiyyətin bir parçası olaraq, həmin böhranı yaşamaqdadır. Müxalifət bir araya gəlmir, partiyalar güclənmir, ölkənin həyatında əhəmiyyət olan hadisələrlə bağlı müxalifətin birmənalı mövqeyi yoxdur. Xalq da müxalifətə bir o qədər də rəğbət göstərmir. Bütün bunların hamısı demokratik düşərgənin böhranda olduğunu göstərir. Ölkədə təkcə müxalifətin fəaliyyəti ilə bağlı böhran yoxdur. Ümumi böhranı biz də yaşayırıq. Qlobal böhran hazırda cərəyan edir ki, bu da təkcə Azərbaycanla bağlı deyil. Digər tərəfdən də iqtidarın apardığı yanlış siyasət nəticəsində böhranla üzləşmişik ki, bu da cəmiyyətin bütün sferalarını əhatə edib.

- Siyasi liderlər arasındakı soyuqluq da bu böhrana səbəb ola bilərmi?

- Xeyr. Siyasətdə subyektiv amillərin o qədər də təsiri yoxdur. Şəxsiyyətin tarixdə rolu olsa da, daim deyirlər ki, şəxsiyyət həlledici deyil, həlledici olan tarixdir. O cümlədən, ictimai-siyasi hadisələrdə şəxsiyyətlərin rolu olsa da, amma həlledici deyil. Ölkədə ciddi proseslər gedərsə, xalq aktiv olsa, onlar ya subyektiv maraqlarını gizlətməli olacaqlar, ya da ifadə etsələr belə əhəmiyyəti olmayacaq. Amma o qədər dərin böhran var ki, liderlərin ancaq subyektivliyi qalıb. Obyektiv siyasi proseslər olmadığına görə, adama elə gəlir ki, subyektiv amillər aparıcı rol oynayır.

- Günlər öncə müxalifətin gizli toplantısı keçirildi və kifayət qədər rezonans doğurdu. Sanki xalq müxalifətdən nəyisə gözləyir, amma bunu görə bilmir...

- Əvvəl elə idi ki, iki lider çayxanada oturanda belə cəmiyyətdə böyük sensasiya yaradırdı. İndi isə elə bir durğunluq var ki, bütün siyasi liderlərin bir araya gəlməsindən belə xalq heç nə gözləmir. Tutaq lap bir qərar verək, indiki böhranlı vəziyyətdə belə bu qərarın heç bir əhəmiyyəti yoxdur. O görüş barədə verilən məlumatda gözləmə mövqeyi yarandı. Çünki o görüşdən ciddi qərarla çıxa bilmədik. Sadəcə yığışdıq, hər kəs öz mövqeyini bildirdi. Xalqın da bu görüşə reaksiyası adevkatdır.

- Bəzi məlumatlara görə, o görüşdə siyasi liderlərin bəziləri arasında anlaşılmazlıq yaranıb. Xüsusilə, görüşün kimin tərəfindən təşkil olunması bəzi müzakirələr yaradıb. Hətta iqtidar tərəfindən sifarişli görüşün də ola biləcəyi vurğulanıb...

- Bir deyim var, “keçi can hayındadır, qəssab piy axtarır”. Piy axtarmağa adət etmiş şəxs nəinki keçi can hayında olanda, özü də bu şəklə düşəndə piy axtarır. Bu baxımdan deyə bilərəm ki, Azərbaycan müxalifətinin özü can hayında olanda belə piy axtarma cəhdləri olur. Sonuncu görüşdə də bunabənzər hallar oldu. Guya kimsə bu görüşlə nəsə mesaj verir kimi narahatçılıqlar oldu. Bunlar da təbiidir. Kimsə siyasi addım atırsa, onun arxasında təbii ki, siyasi maraqları olmalıdır. Bu zaman da görüşdə iştirak edənlər çalışırlar ki, gözəgörünməyən maraqlara xidmət etməsinlər. Biz də hər zaman müxalifət bir araya gələndə bu cür problemlər ortaya çıxır.

- Son günlərin əsas “qəhrəmanı” Surət Hüseynovdur. Onunla bağlı müdhiş iddialar səslənir. Xüsusilə, Rusiyanın onun vasitəsilə ilə hərəkətə keçdiyi barədə deyilənlərlə bağlı nə düşünürsünüz?

- Surət Hüseynov, ondan sonra Ayaz Mütəllibov və ondan qabaq da Rəhim Qazıyev və bu kimi şəxslərin birdən-birə fəallaşması əslində, Azərbaycana bir mesajdır. Bunlar 1993-cü ildə ölkədə faciələr yaşatmış insanlardır. Onların hamısı ruspərəst qüvvələrdir, vaxtı ilə Rusiyanın maraqlarına xidmət ediblər. Bilavasitə Kremlin dəstəyi ilə bu şəxslər Əbülfəz Elçibəyi deviriblər. Əslində bu gün AXC hökuməti və Elçibəy haqqında danışmaq çox absurddur. Cəmi bir il hakimiyyətdə qalmış qüvvədən danışırlarsa, o zaman biz də Xruşşov dövründən danışaq. İndiki hadisələrə görə Xruşşov dövrünü ittiham edək? İmkanlar və resurslar da fantastik dərəcədə fərqlidir. Qardaş Türkiyə başda olmaqla, o vaxtlar Elçibəy hakimiyyətinin getməsində maraqlı olan qüvvələr ola-ola o hakimiyyətdən necə qəhrəmanlıq gözləmək olardı? Bunların hamısı siyasətdən başı çıxmayan, Dağlıq Qarabağ münaqişəsinin nə olduğunu bilməyən kəslərə ünvanlanıb. Əslində “qızım sənə deyirəm, gəlinim eşit” misalında Elçibəy hakimiyyətinə ünvanlanmış misal indiki ölkə iqtidarına istiqamətlənib. Onsuzda AXC iqtidarı yoxdur, Elçibəy də vəfat edib. Sadəcə, Rusiya hazırda öz adamlarını danışdırır və onların dili ilə niyyətini göstərir. Rusiya Azərbaycana qarşı həmin şəxslərin vasitəsilə təzyiqlər etmək istəyirlər. O şəxslər ki, bu hakimiyyətdən narazıdırlar. Bu hadisələrin mahiyyəti ondan ibarətdir. Bir məqamı deyim, o zaman əslində, Elçibəyin Qarabağı azad etməsinə Surət Hüseynov imkan vermədi. İndiki hakimiyyətin Qarabağı azad etmək istəyinin olmaması fikrini formalaşdırmaqla, Surət Hüseynovun guya Qarabağı azad etmək imkanlarının olduğu fikrini ortaya atmaqla mesajlar verirlər.

- Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya gələn il Surət Hüseynov tipli şəxslərin vasitəsilə Azərbaycana təzyiq edəcək?

- Dəfələrlə demişəm ki, bu prezident seçkilərində Rusiya əvvəlki seçkilərdəkindən tam fərqli siyasət apara bilər. Bu istiqamətdə Rusiya çox sərt addımlar atacaq. Əvvəlki illər kimi Milli Şura yaradıb, hakimiyyətə xox gəlmək yox, lazım gəlsə, hərbi, iqtisadi və başqa təzyiqlər də edəcək. Bu zaman təbii ki, aktyorların biri də ruspərəst qüvvələr olacaq, həm hakimiyyətin yüksək eşalonunda təmsil olunanlar, həm də Surət Hüseynov, Ayaz Mütəllibov, Rəhim Qazıyev kimi şəxslər. Bir çox şəxslərin də bu proseslərə qoşulacaqlarını gözləməliyik.

- Surət Hüseynovun açıqlamalarından susan müxalif qurum Milli Şura oldu ki, hələ də susqunluqlarına davam edirlər...

- Milli Şura kimi oxşar proyekt ortaya çıxıbsa, təbii ki, bunlardan bir-birinə qarşı kəskin münasibət gözləmək düzgün deyil. Milli Şuranı da, indiki yaranan situasiyanı da Rusiya təşkil edib. Bu baxımdan da Milli Şuranın Surət Hüseynovun dedikləri ilə bağlı mövqe ortaya qoymayacağı normaldır.

- Son günlər ölkə daxilindəki əsas mövzulardan biri də məmur övladlarının özbaşınalıqları oldu... “Qaçqınkom” rəhbəri Əli Həsənovun nəvəsinin törətdiyi məlum hadisə bu mövzunu yenidən gündəm etdi.

- Bütün bu hadisələrə səbəb ölkədəki yanlış kadr siyasətidir. O qədər yanlış insanlar yüksək vəzifələrdə təmsil olunublar ki... Baxın, bir şəxs öz ailəsini normal tərbiyə edə bilmir. Oğul bir hadisə, nəvə başqa bir hadisə törədir. Belə şəxs necə yüksək vəzifə tutub, dövləti təmsil edə bilər? Millətin tərbiyəsində və maarifləndirilməsində bu şəxslər necə iştirak edə bilərlər? Bu qudurğanlığın səbəbi nədir? Bütün bunlara səbəb büdcədən oğurlanmış, ölkəni çapıb talamaq yolu ilə əldə olunan pullardır. Hamımız yaxşı bilirik ki, “Qaçqınkom”da hansı cinayətlər baş verib. 18 yaşlı şəxs necə o pulları, avtomobili əldə edə bilər? Cinayət yolu ilə əldə olunmuş gəlir yeni cinayətlərə xərclənə bilər. Məmur övladları ki cinayət törədirlər, bu onu göstərir ki, onların valideynlərinin fəaliyyəti cinayətdir. Ölkədə banklar iflasa uğrayır, biznes fəaliyyətləri çökür, amma sən demə 18 yaşlı birində o qədər qeyri-adi qabiliyyət var ki, orta təhsili ilə milyardlar əldə edib. Özünü və ailəsini idarə edə bilməyənləır vəzifələrdə təmsil olunurlar. Hələ bizim bilmədiyimiz çoxsaylı cinayətlər var. Hələ xaricdə bu tipli şəxslərin övladlarının necə qudurğan həyat yaşadıqlarını demirəm. Məmur övladlarının qudurğanlığına bir səbəb də ölkədə təhsil ala bilməyən, müalicə olunmayan, kasıb həyat yaşayanların sərvətini çapıb-talamalarıdır. Görünən odur ki, Azərbaycanda ən böyük təhlükə məmurlar və onların övladlarından gəlir. Bundan öncə bir nazirlikdə baş verən cinayətlər hər kəsə çox şeyi dedi. Öz ailələrində cinayətkarlar yetişdirənlər vəzifələrdə təmsil olunurlar. Çox böyük fəlakət yaşayırıq. Ona görə böhrandan çıxa bilmirik ki, bu cür şəxslər vəzifələrdə təmsil olunurlar. Sonra da çıxıb xalqa əxlaqdan dərs deyir, özlərini ideal valideynlər kimi təqdim edirlər. Amma fakt odur ki, bunlar nə özlərini, nə də təmsil etdikləri qurumu idarə edə bilmirlər. Bunların bir məqsədi var ki, əllərinə imkan düşən kimi çapıb-talasınlar, övladlarına harın həyat yaşatsınlar. Belə ailədə böyük uşaq cinayətkardan başqa heç nə ola bilməz. Hansı ki, məmurun övladı bu cür hadisə törədir, dərhal işindən azad olunmalı, məsuliyyətə cəlb edilməlidir. Yoxlanmalıdır ki, məmur övladının bu qədər harınlamasına səbəb olan faktor nədir? Bu sərvət necə əmələ gəlib? Atası, babası oğurlamasa, bu sərvət onun əlinə necə keçə bilər? Onlar haqqında ciddi ölçü götürülməlidir. Deyir ki, oğlu ataya cavabdehlik daşımır. Bəs o zaman bir müxalifətçi həbs olunan kimi niyə qohumları həbs edilir, işdən azad olunur? Bir də necə olur ki, övlad atasına görə vəzifə tutur, amma cinayət edəndə cavabdehlik daşımırsınız? Azərbaycanda çox təhlükəli “yeni elita” formalaşıb. Yenə bunların valideynlərini sovetlər az-çox tərbiyə etmişdilər, bunlar lap dəhşətdirlər. Gələcək üçün faciələrimiz daha təhlükəli olar. Çünki bu məmur övladları səhəri gün valideynlərini vəzifələrdə əvəzləyə bilərlər.

- Sərdar bəy, Rusiya ətrafında olduqca ciddi proseslər gedir. Şimal qonşumuzun varlığı təhlükə altındadır. Bu bizə və regiona nə vəd edir?

- Bir dövlətin qonşuluğundakı ölkə təhlükə yaşayırsa, bu mütləq ona da təsir edəcək. Rusiyanın zəifləməsi ilk növbədə, qonşu dövlətlərin suverenliyinin güclənməsinə səbəb olacaq. Digər tərəfdən Rusiya bu təzyiqlərin altında nəzarət olunmasa, bunun altından çıxacaq və əvvəlki kimi sərhədlərində olan ölkələrə təhlükələr yaradacaq. Amerika təzyiqlər edəndə mütləq bu faktoru nəzərə almalıdır. Rusiya ya Qərbin təzyiqləri qarşısında imperiya siyasətindən imtina etməlidir, ya da əvvəlki radikal siyasətinə davam etməlidir. İmperiya siyasətindən imtina edəcəyi təqdirdə Azərbaycan udacaq. Amma daha təhlükəli radikal siyasət aparsa, bu bizə ciddi təhlükələr yaradacaq. Nəzərə alsaq ki, Dağlıq Qarabağ problemini Rusiya yaradıb. Bu problemin qalmasında da Rusiya maraqlıdır. Bu baxımdan Rusiyanın zəifləməsi problemin həllini sürətləndirəcək. O zaman bir sual meydana çıxacaq. Bu problemin həllində aparıcı olacaq dövlət bunu kimin xeyrinə həll edəcək? Əgər Cənubi Qafqaz Amerikanın nəzarətinə keçsə, burada xristian təəssübkeşliyi önə çıxa bilər. O zaman çox böyük məğlubiyyətlərə uğraya bilərik. Biz münaqişənin həllindən daha çox necə həll olunmasını düşünməliyik. Qərb Ermənistanı Rusiya caynağından çıxarmaq istəyir. Düşmən ölkənin NATO təlimlərinə dəvəti ciddi hadisədir. Əgər Ermənistan Rusiya təsirindən çıxarsa, Qərb Gürcüstana verdiyi dəstəyi bu ölkəyə də verəcək. Belə halda Azərbaycan gücsüzləşə bilər. Azərbaycan bunları nəzərə almalıdır. Hazırda dünyada yeni bir düzənin yaranması yönündə qlobal proseslər gedir. Dağlıq Qarabağ tipli problemlərinin həllində yeganə yol dünya düzənini dəyişməkdir. Vaxtilə BMT-nin icazəsi olmadan bir ölkə digər ölkəyə güldən ağır söz deyə bilməzdi. Amma indi tam əksidir.
loading...
Reklam
XƏBƏR LENTİ
15-08-2017, 10:51
14-08-2017, 12:51