19 apr 19:25medeniyyet

“Sumqayıtda Muğam Mərkəzinin inşası təqdirəlayiqdir” – “Muğam dünyaya xitabımızdır”

“Sumqayıtda Muğam Mərkəzinin inşası təqdirəlayiqdir” – “Muğam dünyaya xitabımızdır”Azərbaycanın milli-mənəvi dəyərləri arasında muğamımızın özünəməxsus yer tutduğu şübhəsizdir. Təsadüfi deyildir ki, milli, tarixi və mədəni kimliyimiz baxımından müstəsna əhəmiyyətə malik olan muğamlarımızın təbliği həm ölkə rəhbərliyi, həm də Heydər Əliyev Fondu səviyyəsində daim diqqət mərkəzində saxlanılan mühüm məsələlər sırasındadır. Bu baxımdan özünün 70 illiyinə hazırlaşan Sumqayıt şəhərində Muğam Mərkəzinin inşasına başlanılması yalnız şəhər miqyasında deyil, ölkə miqyasında mühüm hadisə hesab edilə bilər.

Milli-mənəvi dəyərlərimizdən biri olan muğamımızın təbliği və inkişafı baxımından Sumqayıtda Muğam Mərkəzinin inşası Mənəvi Dəyərlərimizin Təbliği Fondu tərəfindən necə dəyərləndirilir? Muğamımızın təbliği və tərəqqisi baxımından gələckdə bu cür mərkəzlərin Sumqayıtla yanaşı digər şəhərlərimizdə də inşası arzuediləndirmi?

Moderator.az-a açıqlama verən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Sumqayıtda Muğam Mərkəzinin inşasının təqdirəlayiq olduğunu bildirdi:

“Dəyərlərimizin, bütövlükdə mədəniyyətimizin yaşadılması çox vacibdir. Mədəniyyətimizin ən mühüm elementlerindən biri olan muğam sadəcə bizə məxsus dəyər deyil, bütövlükdə bütün bəşəriyyətin ortaq mədəniyyətinə verdiyimiz töhfədir. Yəni, muğam bizim, həm də dünyaya xitabımızdır. Təbii ki, bu cür dəyərlərin qorunması maddi baza tələb edir. Sumqayıt şəhərində muğamı təbliğ edən Mərkəzin inşası təqdirəlayiq addımdır. Belə mərkəzlər insanlara öz dəyərlərini, tarixini, ənənələrini daha dərindən tanımağa və tanıtmağa imkan yaradır. Gələcəkdə bu cür mərkəzlərin regionlarda da inşası mədəniyyətimizin inkişafında mühüm rol oynaya bilər”.

Məlumat üçün qeyd edək ki, son illər Sumqayıtda böyük tikinti-quruculuq işləri həyata keçirilməkdədir ki, bu işlərdən biri də Muğam Mərkəzinin inşası ilə bağlıdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən inşa edilən Muğam Mərkəzinin cari ilin noyabr ayına kimi istifadəyə verilməsi nəzərdə tutulur.
loading...
XƏBƏR LENTİ
SORĞU