13 mar 19:56medeniyyet

BAĞIŞLA, ANA!

BAĞIŞLA, ANA!(Hekayə)

Gözlərini açdı. Pəncərədən süzülən günəş şəfəqləri çöhrəsini nura boyadı. “Deyəsən, yatıb qalmışam günortaya”, -deyə fikrindən keçirdi. Stolun üstünə qoyulmuş saata tərəf boylandı. On birə işləyirdi. Cəld qaxdı, çarpayısını yığışdırıb əl-üzünü yumaq üçün otaqdan çıxdı. İstirahət günü idi. Dünən rəfiqələri ilə şərtləşmişdilər ki, bu gün birlikdə kinoya getsinlər. Seans saat on iki tamamda başlanacaqdı.

... Mətbəxə keçdi. Anası evdarlıqla məşğul idi. Amma Qərənfilin səhər yeməyi stolun üstünə qoyulmuşdu. Üzərinə ağ örtük çəkilmişdi.
-Mənim ağıllı qızım, səhər yeməyin stolun üstündədir- anası qayğıkeşliklə dedi.
Stol arxasında əyləşdi. İştahla yeməyə başladı. Elə bu vaxt beşikdə yatan körpə qardaşı ağlamağa başladı. Ana öz işindən ayrılmağa məcbur oldu.
Qərənfil paltarını dəyişib otaqdan çıxanda anası hələ də körpə qardaşının beşiyi başında idi.
- Qızım, o stəkan-nəlbəkini yu, sonra get, -anası mehribanlıqla dedi.
- Vaxtım yoxdur, gecikirəm...
- Yaxşı, onda gəl qardaşının beşiyini yırğala, mən yuyum.
- Qoymazsan də...
Beşiyi bir-iki dəfə könülsüz yırğalayıb evdən çıxdı.

... Kinoda çoxlu uşaq vardı. Tənbəl Kərimin macəralarından bəhs edən film göstərilirdi. Ona nə iş tapşırırdılarsa, bəhanə axtarır, boyun qaçırırdı. Hətta, onu hədsiz sevib-əzizləyən ağbirçək nənəsinin tapşırığını da yerinə yetirmir, kömək etmirdi. Tamaşaçılar da onun hərəkətlərinə ürəkdən qəşş edib gülürdülər. Təkcə Qərənfilin şöhrəsində şadlıq əlaməti, sevinc hissləri görünmürdü.

Film başa çatdı. Hamı kimi Qərənfil də ayağa qalxdı. Pəjmürdə halda birbaşa evə qayıtdı. Anası evdə yox idi, kiçik qardaşını da götürüb harasa getmişdi. Qərənfil paltarını dəyişib işə başladı. Ev-eşiyi yığışdırdı, hər yanda səliqə-sahman yaratdı. Dibçəklərdəki gülləri suvardı... Sonra da öz otağına çəkilib, müəllimlərinin verdiyi tapşırıqları həvəslə yerinə yetirməyə başladı.

... Qapının zəngi onu öz dünyasından ayırdı. Həyəcan içərisində qapıya doğru addımladı. Anası idi. Elə içəriyə daxil olan anda evdəki səliqə-sahman ananın nəzərindən yayınmadı. Bir qədər təəccübləndi də. Amma bu təəccüb uzun sürmədi. Qız anasının üstünə yüyürdü, onu qucaqlayıb üz-gözündən öpdü. Bircə kəlmə bunu deyə bildi:
-Bağışla ana !...

Əmrah Fəqanoğlu
(Hekayə 1984-cü ildə "Pioner" jurnalında dərc olunub)
loading...
XƏBƏR LENTİ