08 sen 14:33medeniyyet

Yazıçı olmaq istəməyən yazıçı – Sara Bağırova

Yazıçı olmaq istəməyən yazıçı – Sara Bağırova“İstəyərək ayrılan” çox sevgililəri yola salıb bu dünya. Zamanın tələbi, yaranmış şərait onları “istəyərək” ayırmağa məcbur etmişdi. Eyni ilə Sara Bağırovanın “İstəyərək ayrılmışıq” romanının qəhrəmanları kimi onlar da deyirdi “İstəyərək ayrılmışıq”. Amma həqiqətən istəmişdilərmi? Yox. Sevən insanlar necə istəyərək ayrıla bilər ki? Ancaq sevgilisini xilas etmək, xoşbəxt görmək üçün öz xoşbəxtliyini sevdiyinin səadəti üçün qurban verir. Bəlkə də gələcəkdə “yaşanılmayan illər”ə görə xiffət çəkəcəklər. Amma...

Hər zaman insanın həyatında dərin izlər buraxan “yaşanılmayan illər” müxtəlif insanlarda, müxtəlif səbəblərdən olur. S.Bağırovanın “Yaşanılmayan illər”ində isə şərə düşmüş qardaşını həbsdən xilas etmək üçün qazamatın yolunu tutan oğlanla,məhkəmə zalında eşitdiklərindən dəhşətə gələrək bir daha ana ola bilməyən,dünyalar qədər sevdiyi hamilə həyat yoldaşının ömür yolu əks olunub.

Valideynləri tələbəlik illərindən dost olan gənclərin tanışlığı, oğlanın qarlı-çovğunlu havada sevdiyinin arxasınca getməsi və...

Böyük qardaşına sinif yoldaşı tərəfindən tələ qurulur, şərə salınır, məhkəmədə əxlaqsızlıqda ittiham olunur. Qardaşının adına ləkə gəlməməsi üçün bu ləkəni üzərinə götürən gənc məhkəmə zalında yalançı ittihamçı qadınla qardaşının deyil, özünün bir yerdə olduğunu deyir, ömrünün ən gözəl illəri həbsxanada keçir.
Müəllimə olan xanımı illər sonraməktəbdə bir uşaqla rastlaşır. Ad, soyad və ata adı bu oğlanın şərə qurban getmiş həyat yoldaşının oğlu olduğuna şübhə yaradır. Uşağın anası ilə uzun çəkən söhbətdən sonra həqiqəti öyrənir. Anlayır ki, əri qardaşını xilas etmək üçün özünü qurban edib, şərin güdazına gedib. Qeyd etmək yerinə düşər ki, S.Bağırova “Yaşanılmayan illər”də həyatı qələmə alıb. Paxıllıq, şər, milli-mənəvi dəyərlər, ailənin nə olduğu və Tanrının hökümü “Yaşanılmayan illər”də əks olunub...

“Bir damla ümid” isə hər birimizin zaman-zaman sığındığı duyğuydur. O da yoluna “Bir damla ümid”lə çıxır. El-obanın sərt qanunlarına qarşı çıxaraq təhsil almaq, savadlı olmaq üçün ailəsindən xəlbət saxladığı qonşusunun Bakıdakı ünvanına üz tutur. Tanının böyüklüyü özünü göstərir ki, Rusiyaya getməli olan qonşuları bir gün gecikir və qapını Onun üzünə açırlar...

Tanrı Onun qapılarını açır, düşdüyü çətinlikdən, icarəyə tutduğu kiçik bir daxmada tənha yaşayıb oxusa da əziyyətləri hədər getmir. Polisə düşüb müstəntiqlə tanış olur, ailə qurur, xoşbəxtliyi dadır... Tanrının qanınları burada da özünü göstərir. Valideynlərinin xeyir-duasını almadığı üçün övladını itirir.
Yazıçı böyük ustalıqla erməni hiyləgərliyinə və Azərbaycan hüquq mühafizə orqanlarında çalışanların yüksək peşəkarlığına da diqqət ayırır.

“Əjdaha mağarası”nda yaşananlar isə tam başqa mətləbləri üzə çıxarır. Əxlaqsızlığına görə Tanrının və obasının sakinlərinin qəzəbinə tuş gələrək ucqar dağın yamacına sığınan bacı-qardaşın dünyaya gətirdiyi kişi qeyrətli qızının yaşadıqları insanı düşüncələrə qərq edir. Atası kimi obasından qaçanlara arxa duran qız, “sürülmüşlər” obasının liderliyini üzərinə götürür. Günahkarların toplaşıb oba saldığı bu yerlərə qaçaqmalçılar hücum edir. O isə özünün və obasının ləyaqətini canından üstün tutaraq obasını xilas edir. Ancaq... Valideynlərinin günahı Onu və törəmələrini qarabaqara izləyir, bədbəxtçiliyinə səbəb olur.
“Lövhədəki yazı” isə məktəb illərində baş veriş iki gəncin sevgisini anladır.

Kiçik xülasəsini verdiyim əsərlərin müəllifi, yazıçılıq iddiası olmayan Sara Bağırovanın 60 yaşı tamam olur. O kitablarının “Ön söz”ündə qeyd etdiyi kimi, yazıçı olmaq istəməyib, sadəcə özü ilə danışmamaq üçün düşüncələrini qələmə alıb. Onun əsərlərində həyat, milli-mənəvi dəyərlər, Tanrının qüdrəti və sair məqamlar böyük ustalıqla oxucuya çatdırılır, oxucunun maariflənməyi üçün tərbiyyəvi əhəmiyyət kəsb edir.

Əsərlərinin vurğunu olan oxucu kimi Sara Bağırovanı 60 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, qələminin iti, təbinin tükənməz olmasını diləyir, uzun ömür, can sağlığı, uğur və nəticəsi gözəl olan bütün arzularının gerçək olmasını arzu edirəm.

Məhərrəm Ağalaroğlu
loading...
XƏBƏR LENTİ
Dünən, 19:52