02 may 10:50medeniyyet

UNESCO-da “Mənəvi yenilənmə və mədəni miras: keçmişdən gələcəyə türk dili” mövzusunda Beynəlxalq Forum keçirilib

UNESCO-da “Mənəvi yenilənmə və mədəni miras: keçmişdən gələcəyə türk dili” mövzusunda Beynəlxalq Forum keçirilibParisdə Beynəlxalq Türk Akademiyası (TWESCO) və UNESCO-nun birgə təşkilatçılığı ilə təşkilatın mənzil-qərargahında “Mənəvi yenilənmə və mədəni miras: keçmişdən gələcəyə türk dili” mövzusunda Beynəlxalq Forum keçirilib.

Forumun açılışında Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov Prezident İlham Əliyevin iştirakçılara ünvanladığı təbrik məktubunu oxuyub.

Məktubda qeyd edilir ki, 20 ölkədən alim, türkoloq və rəsmi şəxslərin bir araya gəldikləri bu forumun işi türkdilli dövlətlər və xalqlar arasında münasibətlərin dərinləşməsinə töhfə verəcək. Əlamətdar haldır ki, “Mənəvi yenilənmə və mədəni irs: keçmişdən gələcəyə türk dili” kimi aktual mövzuya həsr olunan bu forum məhz ümumdünya maddi və qeyri-maddi mədəni irsin qorunmasında xüsusi xidmətləri olan UNESCO-nun mənzil-qərargahında keçirilir. Bu cür forumlar xalqlar arasında təmasların artması, alimlərin və müvafiq elm mərkəzlərinin əməkdaşlığının genişlənməsi üçün yaxşı imkanlar açır. Azərbaycan türkdilli dövlətlər və xalqlar arasında bütün sahələrdə əlaqələrin inkişafını daim dəstəkləyir və bu işə hər zaman töhfələr verməyə çalışır. Dövlətimizin başçısı inandığını bildirib ki, forum çərçivəsində aparılacaq fikir mübadiləsi və müzakirələr türk dillərinin aktual problemlərinin həllinə, bu sahədə əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsinə, bütövlüdə isə əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcək. Azərbaycan Prezidenti türkdilli dövlətlər və xalqlar arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafını təşviq edən Beynəlxalq Türk Akademiyasının fəaliyyətini və təşəbbüsünü təqdir edib.
UNESCO-da “Mənəvi yenilənmə və mədəni miras: keçmişdən gələcəyə türk dili” mövzusunda Beynəlxalq Forum keçirilib
Anar Kərimov çıxışında forumun türk xalqları və ölkələri arasında əməkdaşlığın, eləcə də dünya sivilizasiyasının inkişafına böyük töhfələr verəcəyini bildirib. O qeyd edib ki, türk dili Avropadan Asiyaya qədər geniş məkanda yayılan bir dildir.

Türkdilli ölkələrin UNESCO yanında daimi nümayəndələrinin rəhbərləri çıxış edərək forumun əhəmiyyəti haqqında danışıblar.
Qazaxıstanın və Qırğızıstanın UNESCO-dakı səfirləri Prezident Nursultan Nazarbayev və Prezident Sooronbay Jeenbekovun Foruma ünvanladıqları təbrik məktublarını oxuyublar.
UNESCO-da “Mənəvi yenilənmə və mədəni miras: keçmişdən gələcəyə türk dili” mövzusunda Beynəlxalq Forum keçirilib
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli çıxış edərək forumun türk dillərinin qorunmasına və türk dilində danışan xalqlar arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. O, mədəniyyətin inkişafında, milli dəyərlərin, eləcə də xalqların mənəvi dəyərlərinin qorunmasında və zənginləşməsində, mədəniyyətin, ədəbiyyatın nəsildən-nəslə ötürülməsində, xalqların birliyində dilin böyük rol oynadığını diqqətə çatdırıb. O qeyd edib ki, 125 il bundan öncə, 25 noyabr 1893-cü ildə tanınmış danimarkalı alim Vilhelm Tomsen runik əlifbasının açarını tapdı və tarixdə ilk dəfə olaraq türk yazılı abidələrini oxudu. Bu elm aləmi üçün çox böyük tapıntı idi, Külteqin yazılarının sirri çözülmüşdü. Onun oxuya bildiyi ilk kəlmələr “Tenqri”, “Türk” və “Külteqin” sözləri oldu. Bununla da, o zamandək mövcud olan, türklərin sivilizasiyadan kənar, heç bir mədəniyyət və kültür yaratmayan xalq olması fikri tamamilə alt-üst oldu. Bu il 100 illik yubileyini beynəlxalq səviyyədə qeyd etdiyimiz tanınmış türkoloq V.Radlov isə Kül Tegin, Bilgə Xaqan və Tonyukuq kitabələrini oxudu.

D.Kıdırəli bildirib ki, UNESCO ilə birlikdə bu forumu təşkil etməkdə əsas məqsəd də türk yazı abidələrinin V.Tomsen tərəfindən oxunuşunun 125, tanınmış türkoloq V.Radlovun 100, habelə, türk dünyasının böyük ədəbiyyat xadimləri Çingiz Aytamtovun 90, Mağcan Cumabayın 125 illik yubileylərini, eyni zamanda Şərqdə ilk
demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyini beynəlxalq səviyyədə qeyd etməkdir.
UNESCO-da “Mənəvi yenilənmə və mədəni miras: keçmişdən gələcəyə türk dili” mövzusunda Beynəlxalq Forum keçirilib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva isə bildirib ki, dilin təhlükə altında olması mədəniyyətin ən vacib parçasını itirməsi deməkdir. Dil milli dəyərlərin formalaşması, yayılması baxımından böyük əhəmiyyət daşıyır. Dilin ölməsi bəşəriyyətin ortaq milli mədəni irsinin itirilməsi deməkdir.
Forumun açılışından sonra mükafatlandırma mərasimi keçirilib.

Tədbir işini panel iclaslarla davam etdirib.

Qeyd edək ki, Forumun bir paneli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu iclasda çıxış edərək ilk demokratik respublika dövründə aparılan dil siyasəti, əlifbanın formalaşması haqqında ətraflı məlumat verib. O bildirib ki, Şərqdə ilk demokratik respublikanın qurucusu olan dövlət xadimləri Azərbaycanın başqa görkəmli ziyalıları ilə birlikdə bütün fəaliyyətləri ərzində Azərbaycan dilinin hüquqları uğrunda mübarizə aparıblar. O zaman türk dili adlanan Azərbaycan dili 1918-ci il iyunun 27-də dövlət dili elan olunub.
UNESCO-da “Mənəvi yenilənmə və mədəni miras: keçmişdən gələcəyə türk dili” mövzusunda Beynəlxalq Forum keçirilib
Bildirilib ki, bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Məhz buna görə də ümummilli lider Heydər Əliyev və onun layiqli varisi Prezident İlham Əliyev sayəsində dil siyasətimiz uğurla davam etdirilir. Konstitusiyamızda Azərbaycan dili dövlət dili elan edilib. Azərbaycan dili, əlifbası günü təsis edilib, dövlət dili haqqında qanun qəbul edilib, dil komissiyası yaradılıb. Bütün bunlar dövlətimizin dilimizə qayğısını və diqqətini əks etdirir.
Qeyd edək ki, “Mənəvi yenilənmə və mədəni miras: keçmişdən gələcəyə türk dili” mövzusunda Beynəlxalq Forumunda Azərbaycanı UNESCO yanında daimi nümayəndəliyin rəhbəri səfir Anar Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və Beynəlxalq Türk Akademiyasının eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Füzuli Məcidli təmsil edib.
loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30