18 mar 18:17medeniyyet

Rza Rzayevin “Geyilməmiş ayaqqabılar”ına bir neçə söz

Rza Rzayevin “Geyilməmiş ayaqqabılar”ına bir neçə sözBu günlərdə bir çoxunun “Dolu” filmindən “Drakon” obrazı ilə, mənim isə 6-7 il olar ki, tanıdığım Rza Rzayev rejissor kimi ilk filmini – “Geyilməmiş ayaqqabılar”ı təqdim etdi. Qeyd edim ki, filmin nümayişinə dost kimi getmişdim. Çünki... “Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də çətin”... Bu günə qədər mədəniyyətdən, xüsusi ilə hansısa filmdən nə isə yazacağım ağlımın ucundan da keçməzdi. Amma gözəl bir deyim var ki, “Heç vaxt “heç vaxt” demə”... Nə isə...

Ölkəmizdə ciddi kino sahəsində böyük boşluq yaşanırdı. Hərçənd son dövrlər bir sıra filmlər çəkilib. Ancaq “Geyilməmiş ayaqqabılar” kimi film çəkilməyib. Tamaşaçı gözü ilə, bir az da irəli gedərək deyim ki, “Drakon”un olduğu “Dolu” da bu qədər təsirli alınmayıb. Rza Rzayev 26 ilə sığışacaq sözləri musiqi və görüntü vasitəsiylə dəqiqələrə sığdırıb. O ki, deyirlər: “Bəzən susmaq hər şeyi deyir”. “Geyilməmiş ayaqqabılar” da yox səviyyəsində olan dialoqlar istisna olmaqla, sözsüz-söhbətsiz hər şeyi deyir...

Hər bir əsər hansı dildə, hansı vasitəylə, hansı mövzuda ərsəyə gətirilməsindən asılı olmayaraq müəllifin xarakterini əks etdirir. Necə ki, “Geyilməmiş ayaqqabılar”da rejissorun xarakteri aydın sezilir...

Təqdimatdan əvvəl rejissor jurnalistlərə bərk-bərk tapşırırdı ki, “tənqiddən çəkinməyin”, “şəxsi münasibətləri bir tərəfə qoyub, mütləq tənqid edin”. Amma film o qədər möhtəşəb, iliyə təsir edən formada çəkilib ki, tənqid etmək mümkün deyil. Ancaq filmdə balaca Həsrət xaç formasında sərilmiş kilimin üzərində başını anasının (aktrisa Gülzar Qurbanova) dizlərinə qoyduğu kadr məni bir az qayğılandırdı. Çünki yaxşı nəyimiz varsa oğurlamağa adət etmiş ermənilər Məryəmlə Hz. İsanı xatırladan bu görüntüdən istifadə edib filmin onlara məxsus olduğunu deyə bilərlər?. Hər halda, turist cəlb etmək məqsədilə Şəhidlər Xiyabanı yaxınlığında inşa edilmiş “Alov qüllələri”nin də Ermənistanda olduğuna dair turizm nəşrlərində məlumatlar yaydıqlarını xatırlayanda, hay tayfasından hər şey gözləmək olar.

İxtisasca politoloq olan rejissor filmdə Qarabağ oynunu diplomatik dillə elə ifadə edib ki, sözə zərrə qədər də ehtiyac yoxdur. Məsələn, üzərində Qarabağ yazılmış topla futbol üzrə İran millisinin formasını daşıyan uşaq ATƏT-in həmsədri olan dövlətlərin – Fransa, Rusiya və ABŞ-a “pas” ötürür. Bir qədər oyundan sonra ABŞ və Rusiya millisinin formasında olan uşaqlar ayaqlarını topun üzərinə qoyaraq dairə vururlar. Topun sahibi Həsrət isə bu vəziyyətə nifrətlə tamaşa edir. Sonra Türkiyə millisinin formasını geyinmiş uşaq topu yerdən götürərək Həsrətə verir. Bu an dünyanın siyasi mənzərəsi əks olunur. Yəni İran Rusiyanın, Fransa isə ABŞ-ın yanında oturur. Türkiyə isə onların əksi istiqamətində gözləri dolmuş vəziyyətdə çarəsizliyini nümayiş etdirir. Film həm də onu təlqin edir ki, Qarabağın azadlığı üçün bir yol var, bu da MÜHARİBƏDİR!

Film nə qədər təsirli alınıbsa, onun ərsəyə gəlməsi də bir o qədər təsirlidir. Məsələn, milli-mənəvi dəyərlərə sadiq olan yaradıcı heyət kimi, xalqımızın dərdini anlayıb şərik olan musiqi müəllifi, rusiyalı bəstəkar Viaçeslav Şulin də qonorarından imtina edib. Lakin 150 manat borclu olduğu halda yaradıcı heyəti 50 manat da borclu çıxaran taksi sürücüsü kameranı girov saxlayıb. Hələ çəkiliş zamanı süni maneələrdən demirəm... Əslində bu da təbiidir. Hər kəs millət, Vətən təəssübü çəksəydi, o zaman dilbər guşələrimiz düşmən tapdağında olmazdı...

Son olaraq “Geyilməmiş ayaqqabılar” kimi bir əsər yaradan Rza Rzayev başda olmaqla bütün yaradıcı heyətə, xüsusi ilə azərbaycanlıların dərdini dərk edib möhtəşəm musiqi əsərini ərsəyə gətirən və bunu bizim “kişilər”dən fərqli olaraq pulsuz edən rusiyalı bəstəkar Viaçeslav Şulinə dərin təşəkkürü bildirir, uğurlarının davamlı olmasını diləyirəm..
Rza Rzayevin “Geyilməmiş ayaqqabılar”ına bir neçə söz
Məhərrəm Ağalaroğlu
Oxucu İnformasiya Agentliyinin baş redaktoru
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ