08 fev 21:07iqtisadiyyat

Minimum əməkhaqqının artımından yüzminlərlə vətəndaş faydalanacaq

Minimum əməkhaqqının artımından yüzminlərlə vətəndaş faydalanacaqAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamına dəyişiklik edilməsi barədə” 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn bildirib ki, ölkəmizdə işçilərin maddi-sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi aparılan sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Məhz sözügedən Sərəncam da bu məqsədlərə xidmət edir və ondan 600 minədək vətəndaşın faydalanacağı gözlənilir: “Prezidentin Sərəncamı ilə minimum aylıq əməkhaqqının 38,4 faiz artırılması əhalinin gəlirlərinin artırılması, rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır. Minimum əməkhaqqının hazırkı artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Belə ki, dövlət sektorunda işləyən 450 min nəfər və özəl sektorda işləyən 150 min nəfər bu Sərəncamdan faydalanacaq. Yəni dövlət sektoru üzrə 450 min işçinin əməkhaqları 30 faiz, özəl sektor üzrə 150 min işçinin əməkhaqları 15-20 faiz artacaq. Bununla yanaşı vergi və sığorta yığımları 150-200 milyon manat artacaq. Xüsusən də bu artım nəticəsində qadınların orta aylıq əməkhaqqı kişilərin orta əməkhaqqına yaxınlaşacaq.

Bildiyiniz kimi son illər minimum aylıq əməkhaqqının məbləği davamlı olaraq artırılır. 2004-cü illə müqayisədə minimum əməkhaqqı 6,5 dəfə artaraq 2018-ci ildə 130 manat təşkil edib. Yeni Sərəncamla isə minimum aylıq əməkhaqqının məbləği əhəmiyyətli dərəcə artıb və minimum aylıq əməkhaqqı yaşayış minimumu ilə bərabərləşib. Bildiyiniz kimi ölkə üzrə minimum aylıq əməkhaqqı 130 manat, yaşayış minimumu 180 manat, ehtiyac meyarı 143 manat idi. Ölkə üzrə 400 min şəxs 180 manatdan az əməkhaqqı aldı, onların 67 faizi, yəni 270 mini dövlət sektorunda çalışır. Bu Sərəncamdan sonra isə minimum aylıq əməkhaqqı yaşayış minimumuna bərabərləşdi və orta əməkhaqqının 33 faizini təşkil etdi. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il 10 ay ərzində isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Eyni zamanda ölkə iqtisadiyyatının güclənməsi ilə qarşıdakı illərdə minimum aylıq əməkhaqqının daha da artırılacağı gözlənilir”.

Ramil Hüseyn qeyd edib ki, minimum əməkhaqqının artımı əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək. Eyni zamanda nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinə əsasən müxtəlif amillərə görə işçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qadağan edilir.

Qeyd edək ki, sözügedən Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın. Həmçinin Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
loading...
XƏBƏR LENTİ