18 okt 14:24iqtisadiyyat

AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubiley tədbiri keçirildi

AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubiley tədbiri keçirildiOktyabrın 18-də AMEA-nın əsas binasında AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubiley tədbiri keçirildi. İclasda AMEA rəhbərliyi ilə yanaşı, Hökumət və Milli Məclisin üzvləri, AMEA institutlarının rəhbərləri və əməkdaşları, ali məktəb rektorları, tanınmış iqtisadçı alimlər, xarici ölkələrdən – Çin, Gürcüstan, Ukrayna, Qazaxıstan və Qırğızstandan qonaqlar iştirak edirdilər.

Qeyd edək ki, tədbirdən əvvəl AMEA rəhbərliyinin, İqtisadiyyat İnstitutunun əməkdaşlarının və xarici qonaqların iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin və görkəmli alim-oftalmoloq Zərifə Əliyevanın məzar abidələri, Şəhidlər Xiyabanı ziyarət olundu, əklil və gül dəstələri qoyuldu.

Oktyabrın 18-i həm də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu gün olduğu üçün tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı. AMEA İqtisadiyyat İnstitunun ən gənc elmi işçisi Vüsalə Qubatovanın apardığı təntənəli iclası giriş nitqi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açdı.

AMEA prezidenti AMEA İqtisadiyyat İnstitutunun 60 ildə keçdiyi məhsuldar və zəngin tarixi inkişaf yolundan, Azərbaycan iqtisad elminin inkişafındakı rolundan, Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi töhfələrdən, burada peşəkar iqtisadçı kadrların və alimlərin yetişdirilməsindən, aparılan elmi tədqiqatların əhəmiyyətindən danışdı. İqtisadiyyat İnstitutunun ötən dövrdəki nailiyyətlərini qeyd edən akademik onun fəaliyyətini yüksək qiymətləndirdi və bundan sonra da Azərbaycan iqtisad elminin və ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə etdi: “Bu İnstitut öz fundamental və tətbiqi tədqiqatları ilə Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfələr vermişdir. İndi bu İnstitut ölkəmizdə iqtisadi tədqiqatların əsas koordinatoru, iqtisad elmimizin flaqmanıdır. Əslində bir elm sahəsi üçün 60 yaş “gənclik” dövrü sayıla bilər. Amma bu 6 onillik ərzində İqtisadiyyat İnstitutu böyük və şərəfli bir yol keçmişdir.”

AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov) son illər institutun həyatında baş verən yeniliklərdən, ilk dəfə əldə olunan nəticələrdən və həyata keçirilən məqsədyönlü islahatlardan, hökumət qurumlarının, xarici elmi dairələrin də diqqətini çəkən fundamental tədqiqatlardan, dövlət proqramlarının hazırlanmasında və icrasında institutun yaxından iştirakından, dövlət qurumları ilə əməkdaşlıq imkanlarından danışdı. Direktor rəhbərlik etdiyi qurumun Azərbaycan iqtisad elminin və Azərbaycan iqtisadiyyatının tərəqqisi sahəsində öz üzərinə düşən vəzifələri yaxşı dərk etdiyini vurğulamaqla yanaşı gələcək hədəflərinin də aydın olduğunu söylədi. Bildirdi ki, yaxın perspektivdə əsas məqsəd İnstitutu Azərbaycanda fundamental iqtisadi tədqiqatların real mərkəzinə, ölkədə iqtisadi tədqiqatların əsas əlaqələndiricisinə, hökumətin kollegial ekspertinə və məsləhətçisinə çevirməkdir.
AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubiley tədbiri keçirildi
Professor Nazim Müzəffərli qürur hissi ilə xatırlatdı ki, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 16 oktyabr tarixli Sərəncamları ilə iqtisad elminin inkişafındakı xidmətlərinə görə AMEA İqtisadiyyat İnstitutunun 7 əməkdaşı - 5 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, 2 nəfər isə “Tərəqqi” medalı ilə təltif ediliblər. O, bu ali diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə etdi.

Tədbirdə çıxış edən, “Tərəqqi” medalı ilə təltif olunan AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tofiq Hüseynov da belə yüksək mükafatlara görə Azərbaycan Respublikasının Prezidentinə və AMEA-nın rəhbərliyinə öz minnətdarlığını bildirdi.

Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun fəxri doktoru, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü Vladimer Papava, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Çin Sosial Elmlər Akademiyası İqtisadiyyat İnstitutu Elmi Şurasının sədri, professor Pey Çanhun, AR Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Ukrayna Milli Elmlər Akademiyası İqtisadiyyat və proqnozlaşdırma İnstitutunun direktoru, akademik Valeriy Mixayloviç Qeyets, AR İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Qazaxstan Respublikası Təhsil və Elm Nazirliyi nəzdində İqtisadiyyat İnstitutunun direktoru, Qazaxstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Azimxan Abilkairovic Satıbaldin cıxış edərək öz təbriklərini çatdırdılar, ürək sözlərini bölüşdülər, AMEA İqtisadiyyat İnstitutunun kollektivinə gələcək fəaliyyətində daha böyük uğurlar arzuladılar.

Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə tərəfindən Çin SEA İqtisadiyyat İnstitutu Elmi Şürasının sədri, professor Pei Çanhunqa AMEA İqtisadiyyat İnstitutunun Fəxri doktoru diplomu təqdim olundu.

Təntənəli iclasda bir neçə xarici elmi mərkəzlə birgə tədqiqatlar aparılması haqqında müqavilələr imzalandı. AMEA İqtisadiyyat İnstitutu ilə A.Rondeli Fondu, həmçinin Qazaxstan Respublikası Təhsil və Elm Nazirliyi nəzdində İqtisadiyyat İnstitutu arasında birgə tədqiqatların aparılması haqqında müqavilələr bağlandı. Habelə AMEA İqtisadiyyat İnstitutu ilə Ukrayna Milli Elmlər Akademiyası İqtisadiyyat və Proqnozlaşdırma İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalandı.

İclasda gənc iqtisadçılar arasında İqtisadiyyat İnstitunun 60 illiyinə həsr olunmuş, NBCBank-ın baş sponsorluğu və “Nicos” kosmetika şirkətinin sponsorluğu ilə keçirilmiş elmi məqalə müsabiqəsinin qalibləri də elan olundu, onlara diplom və pul mükafatları təqdim edildi (üçüncü yer üçün hər biri 500 AZN olmaqla 3 mükafat, ikinci yer üçün hər biri 1000 AZN olmaqla 2 mükafat və birinci yer üçün 1500 AZN məbləğində 1 mükafat).

Təntənəli iclasdan sonra AMEA Mərkəzi Elmi Kitabxanada “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Tədbirdə Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin İqtisadiyyat İnstitutunun direktoru, akademik Satibaldin Azimxan “4-cü sənaye şəraitində iqtisad elminin əsas istiqamətləri”, Qırğızıstan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri namizədi Azık Orozonova “Turizmin rəqəmsallaşması iqtisadi artımın faktoru kimi” və AMEA İqtisadiyyat İnstitutundan iqtisad üzrə fəlsəfə doktoru Leyli Allahverdiyeva “Xarici ticarət sub-indeksinin dəyişilməsi: səbəb və iqtisadi əhəmiyyəti” mövzusunda təqdimatla çıxış etdilər. Sonra iqtisadi artımın təmin edilməsi, iqtisadi fəaliyyət sahələri və sosial müdafiə sistemi və sosial rifahin yaxşılaşdıılması bölmələri üzrə konfransda iştirak edən alimlərin və gənc tədqiqatçıların məruzələri dinlənildi.
loading...
XƏBƏR LENTİ