31 may 15:44iqtisadiyyat

Vüqar Rəhimzadə: “Cənub Qaz Dəhlizi” dünya enerji xəritəsinin şah damarıdır

Vüqar Rəhimzadə: “Cənub Qaz Dəhlizi” dünya enerji xəritəsinin şah damarıdır“Azərbaycan bu gün regionda lider dövlət kimi qlobal layihələrin əsas təşəbbüskarı və iştirakçısı qismində çıxış edir. Bu mənada enerji layihələrini xüsusi olaraq qeyd etmək gərəkdir. 1994-cü il sentyabrın 20-də təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan “Əsrin müqaviləsi” Azərbaycanın maliyyə imkanlarının daha da artması, ümumilikdə gələcək inkişafı üçün böyük imkanlar açdı. Bu layihənin nəticəsi olaraq Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərləri tikilib istifadəyə verildi. Bununla da ölkəmiz şaxələndirmə siyasətini uğurla həyata keçirərək, öz enerji resurslarının ixracı sahəsində geniş imkanlar qazandı.” Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, “Əsrin müqaviləsi”nin imzalanması müasir Azərbaycan tarixinin əsas məqamlarından birini təşkil edir: “Məhz “Əsrin müqaviləsi” XX əsrin 90-cı illərinin əvvəllərində çox ağır günlərini yaşayan, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə dayanan ölkəmizin gələcəyinə işıq saldı. Bundan sonra uzun illər bu sənədin icrası nəticəsində ölkəmiz siyasi və iqtisadi cəhətdən gücləndi, qüdrətləndi. Tam mübaliğəsiz deyə bilərik ki, bu gün müstəqil Azərbaycan “Əsrin müqaviləsi”nin uğurlarını yaşayır və keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Müəllifi ümummilli liderimiz Heydər Əliyev olan yeni neft strategiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə iqtisadiyyatın neft-qaz sektoru daha da inkişaf edib, böyük uğurlar qazanılıb. Bu uğurlardan ən önəmlisi Trans-Anadolu qaz boru kəməridir

(TANAP) desək, yanılmarıq. Məhz 2012-ci ildə Türkiyə və Azərbaycan TANAP-ın tikintisi ilə bağlı razılığa gəldi. Bəli, TANAP layihəsi də tarixi bir hadisədir. Bu kəmərin tikintisi ilə bağlı razılığın əldə olunmasından sonra XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi”nin konturları göründü. Qeyd edək ki, TANAP-ın tikintisi atrıq tarixi zərurətə çevrilmişdi. Çünki ölkəmiz 1,2 trilyon kubmetr təbii qaz ehtiyatına malik “Şahdəniz” yatağından hasil ediləcək qazın Avropa bazarına ötürülməsini təmin etməli idi. Nəhayət, 2015-ci ildə Türkiyədə “Cənub Qaz Dəhlizi”nin mühüm seqmenti olan TANAP-ın əsası qoyuldu, Azərbaycan və Türkiyənin enerji sahəsində əməkdaşlığı daha da genişləndi və möhkəmləndi.”

Baş redaktor V.Rəhimzadə bildirib ki, bir vaxtlar “Əsrin müqaviləsi” çoxlarına əfsanə kimi görünsə də reallığa çevrildi və Azərbaycanın nə qədər güclü, təşəbbüskar ölkə olduğu bir daha bütün dünyaya bəlli oldu: “Qeyd etdiyimiz kimi, XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi” haqqında da ilk vaxtlar sadəcə fikir, layihə olaraq danışılırdı. Lakin 2014-cü ildə bir daha ölkəmiz öz qətiyyətini, təşəbbüskarlığını, gücünü ortaya qoydu. Məhz “Əsrin müqaviləsi”nin 20-ci ildönümü ərəfəsində bu meqalayihənin əsası qoyuldu. Təntənəli mərasimdə çıxış edən möhtərəm Prezidentimiz, xarici ölkələrin dövlət və hökumət başçıları, digər qonaqlar “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətindən danışdılar, ölkəmizin qlobal layihələrin, o cümlədən böyük enerji projelərinin əsas iştirakçısı və təşəbbüskarı olduğunu vurğuladılar. Qarşıya çıxan əngəllərə, maneələrə baxmayaraq, dövlətimizin başçısının qətiyyəti sayəsində imzalar atıldı, region və ümumilikdə Avropa üçün böyük önəm daşıyan bir layihənin əsası qoyuldu.

Bununla yanaşı, ötən il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Bununla da “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinin müddəti 2050-ci ilə qədər uzadıldı. Xüsusi vurğulamaq lazımdır ki, bu sazişin ölkəmizin gələcək inkişafında və maliyyə imkanlarının genişləndirilməsində çox böyük payı var.”

V.Rəhimzadə bildirib ki, xeyli müddət idi ki, Avropa alternativ enerji mənbələri axtarışında idi: “Bu mənada “qoca qitə” üçün “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyəti böyükdür. Çünki Avropaya alternativ mənbə ilə yanaşı, ən əsası etibarlı mənbə və tərəfdaş lazımdır. Sözsüz ki, Azərbaycan bu sırada ən uğurlu nümunədir. Ona görə də “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa üçün də nə qədər əhəmiyyətli olduğunu başa düşmək çətin deyil. Zaman keçdikcə bu sahədə işlər daha da sürətləndirildi, güclü iradə ortaya qoyuldu. Nəticədə “Cənub Qaz Dəhlizi”nin son seqmenti olan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı razılığa gəlindi. 2013-cü ilin fevral ayında TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında Hökumətlərarası Saziş imzalandı. TAP-ın təməlqoyma mərasimi isə 17 may 2016-cı ildə keçirildi. Uzunluğu 878 km olacaq kəmərin 2020-ci ildə fəaliyyətə başlaması gözlənilir. Bu gün kəmərin tikintisi sürətlə və uğurla həyata keçirilir.”

“İki sahil” qəzetinin baş redaktoru 2014-cü ildə “Əsrin müqaviləsi”nin 20-ci ildönümü və “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulması münasibətilə keçirilən təntənəli mərasimdə möhtərəm Prezidentimizin dəyərli fikirlərini xatırladıb: “Bu gün bizim önümüzdə bütün üfüqlər açıqdır, yollar aydındır. Sadəcə

olaraq, biz birgə səylərlə “Cənub Qaz Dəhlizi”nin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik.” Budur, güclü, qüdrətli Azərbaycan cənab Prezindentimiz İlham Əliyevin qətiyyəti sayəsində “Cənub Qaz Dəhlizi”ni reallaşdırmağı bacardı. 4 il öncə Səngəçal terminalında təməli qoyulan “Cənub Qaz Dəhlizi” layihəsinin bir neçə gün öncə, 2018-ci il may ayının 29-da məhz elə eyni məkanda təntənəli açılış mərasimi keçirildi. Bu möhtəşəm tədbirdə iştirak edən nüfuzlu xarici qonaqlar, dövlət və hökumət başçılarının orada səsləndirilən təbrikləri Azərbaycana, ölkəmizin irəli sürdüyü təşəbbüslərə böyük dəstəyin ifadəsi idi. Möhtərəm Prezidentimiz İlham Əliyev mərasimdə çıxışı zamanı haqlı olaraq bildirdi ki, “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı onu göstərir ki, Azərbaycan qarşıya qoyulan bütün hədəflərə çatdı və ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır: “Azərbaycan qazı yeni mənbədir və “Cənub Qaz Dəhlizi” yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir.” Möhtərəm Prezidentimizin bu dəyərli fikirlərinə uyğun olaraq vurğulamaq istəyirəm ki, “Cənub Qaz Dəhlizi” dünya enerji xəritəsinin şah damarıdır.”

V.Rəhimzadə onu da qeyd edib ki, iyun ayında daha mühüm bir hadisə baş verəcək, “Cənub Qaz Dəhlizi” layihəsinin əsas seqmentlərindən biri olan TANAP-ın açılış mərasimi keçiriləcək. Bununla da ölkəmizin ixrac imkanları artacaq, beynəlxalq mövqeyi daha da güclənəcək.
loading...
XƏBƏR LENTİ