21 may 21:24iqtisadiyyat

AXC-nin gömrük siyasəti

AXC-nin gömrük siyasətiAzərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti nəinki ölkəmizin, eyni zamanda bütün Şərq aləminin dövlətçilik və demokratiya tarixində ilk böyük hadisə idi. Mövcud olduğu 23 ay ərzində müstəqil Azərbaycan Cümhuriyyəti həmin dövrdə dövlət idarəçiliyinin təşkili və idarəetmə orqanlarının formalaşdırılması sahəsində müəyyən işlər görüb. Ən əhəmiyyətlisi budur ki, iqtisadi təhlükəsizliyin, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal-ixrac əməliyyatları üzərində dövlət nəzarətinin hüquqi əsaslarının yaradılması, gömrük sərhədinin qaçaqmalçılıq hallarından mühafizə edilməsi kimi xüsusi əhəmiyyətə malik məsələlərin həllində milli maraqlar prioritet təşkil edib. Azərbaycan Xalq Cümhuriyyəti tarixinin əsaslı şəkildə öyrənilməsində tədqiqat obyektindən kənarda qalmış məsələlərdən biri də ən mühüm dövlət atributlarından biri olan gömrük xidmətinin təşkili istiqamətində fəaliyyəti, gənc, müstəqillik yoluna yenicə qədəm qoymuş dövlətin gömrük siyasətinin işlənilib-hazırlanması sahəsində əldə etdiyi təcrübədir. İqtisadi təhlükəsizliyi təmin edən, həyati əhəmiyyət daşıyan məhsulların kənara çıxarılmasına imkan verməyən və xarici ticarət əməliyyatlarını nəzarətə alan bir qurumun yaradılması zəruri idi.

Milli dövlət quruculuğu prosesinin tərkib hissəsi olan gömrük işi sahəsində AXC-nin həyata keçirdiyi təşkilati tədbirlər və qanunvericilik bazasının yaradılması ölkənin iqtisadi-siyasi problemləri ilə sıx bağlı olduğuna görə araşdırılması vacib olan problemlərdən biridir. Araşdırılan tarixi sənəd və materiallar AXC Parlamenti və hökumətinin dövlətin əsas atributlarından Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 244 ərzaq malları və on min pudlarla neft məhsulları keçirilirdi. Pambıq, taxıl, tütün və digər məhsulların nəzarətsiz ixracı daxili bazarın məhdudlaşmasına, daha doğrusu, əhalinin ərzaqla təminatına mənfi təsir göstərirdi. İqtisadi təhlükəsizliyi təmin etməyə qabil, strateji məhsulların ixracını, bütövlükdə xarici ticarət əlaqələrini tam nəzarətə götürən bir qurumun yaradılması zəruri idi. Ölkə Parlamentinin gömrük işi sahəsində qəbul etdiyi qanunlar, hökumətin verdiyi ayrı-ayrı qərar və sərəncamlar, qonşu ölkələrlə bağlanmış iki və üçtərəfli sazişlər, regional və beynəlxalq əhəmiyyətli tədbirlərdə və yerli əhəmiyyətli müşavirələrdə göstərilən səylər bu istiqamətdə məqsədyönlü işlərin görüldüyünü sübut edir.

Qısa müddət ərzində Cümhuriyyət dünyanın bir sıra ölkələri, o cümlədən Osmanlı dövləti, İran, İngiltərə, ABŞ, Fransa, İtaliya, Gürcüstan, Dağıstan və Orta Asiya ilə iqtisadi əlaqələr qurmağa nail olmuş, bir sıra dövlətlərlə ticarət müqavilələrinin bağlanması barədə razılıq əldə edib. Azərbaycanın müstəqilliyi elan edildikdən sonra yeni yaranan dövlətin maliyyə vəziyyətinin yaxşılaşdırılması hökumətin qarşısında duran mühüm vəzifələrdən biri idi. Azərbaycan hökuməti ilk mərhələdə daxili ehtiyatları qorumaq məqsədilə bir sıra strateji malların – neft, pambıq, yun, ipək, tütün və başqa xammalın ixracına yalnız ölkə üçün zəruri məhsulların bərabər qiymət və miqdarda gətiriləcəyi təqdirdə razılıq verirdi. İxrac məhdudiyyətləri və bir çox hallarda isə daşımalar sahəsində yaranan çətinliklər xarici ticarətin genişlənməsinə və müvafiq olaraq gömrük gəlirlərinin artımına mane olurdu. Dövlət büdcəsi aşağıdakı vergi növləri hesabına formalaşırdı: 1) müstəqim vergilər, o cümlədən torpaq, daşınmaz əmlak, sənaye, kapital qoyuluşu, hərbi mükəlləfiyyət, notarial və dövlət gəlir vergiləri; 2) qeyri - müstəqim vergilər, o cümlədən neft və neft məhsullarından, tütün, şəkər və çay istehsalı gəlirlərindən tutulan vergilər, gömrük vergisi və ödənişləri; 3) möhür haqqı (kargüzarlıq və sənəd yazışmalarından gəlirlər); 4) dövlət inhisarına aid vergilər, o cümlədən mədən gəliri, poçt-teleqraf xidmətindən, balıqçılıq, pambıqçılıq və meşə təsərrüfatından gələn gəlirlərdən daxil olan vergilər; 5) yük daşımalarından daxil olan vergilər, o cümlədən dəmiryolu daşımalarından daxil olan vergilər. Bütövlükdə, 1919-cu ilin sonu – 1920-ci ilin əvvəllərinə gömrük yığımlarının həcmi dövlət büdcəsinin gəlirlər hissəsinin təqribən 12-14 faizini təşkil edirdi.

Gömrük xidmətinin formalaşdırılması sahəsində ilk tədbirlərdən biri Milli Şuranın 10 avqust 1918-ci il qərarı ilə Azərbaycan Mərkəzi Gömrük İdarəsinin və Poylu gömrükxanasının Ticarət və Sənaye naziri tərəfindən təklif olunan ştat cədvəlinin layihəsinin təsdiq edilməsi idi. 1918-ci il sentyabrın 4-dən başlayaraq Azərbaycandan xaricə müxtəlif yük və malların çıxarılmasına Ticarət, Sənaye və Ərzaq naziri və ya Mərkəzi Gömrük İdarəsi rəisinin icazəsi ilə həyata keçirilirdi. Yenicə formalaşmaqda olan gömrük xidmətinin idarəetmə strukturunda bir sıra dəyişikliklər edildi. Cümhuriyyətin qərb, şimal-qərb və cənub sərhədlərində gömrük məntəqələri təşkil olundu. Naxçıvan general-qubernatorluğunun maliyyə şöbə sinin nəzdində gömrük bölməsi yaradılmışdı. Bakı gömrüyü Azərbaycan ərazisində keçmiş Rusiya imperiyasının ən iri gömrük müəssisəsi idi. Azərbaycan hökuməti Bakıya köçdükdən az müddət sonra buradakı gömrükxananın fəaliyyəti imperiya dövründə olduğuna nisbətən daha da geniş ləndi. 1919-cu ildən başlayaraq, Azərbaycan hökumətinin gömrük siyasə tinin daha təkmilləşmiş mərhələsində aşağıdakı dəyişikliklərin həyata keçirilməsi zəruri sayıldı: birincisi, xaricə çıxarılan malların sərbəst mübadiləsinin aparılması üçün sahibkarlara əlverişli imkanların yaradılması; ikincisi, mal ixracına görə icazə alınması qaydasının ləğvi (müvəqqəti tarifə olan 2 saylı əlavə) və ya bu qaydanın xaricə çıxarılması müvəqqəti qadağan edilən mallara aid edilməsi; üçüncüsü, hökumətin bəzi idxal mallarının gömrük vergisindən müvəqqəti azad edilməsi haqqında 1918-ci il 21 oktyabr tarixli qərarın icrasının dayandırılması; dördüncüsü, fiskal maraqları əsas götürərək, Azərbaycandan ixrac edilən mallara gömrük tarifində cüzi düzəlişlər etməklə müvəqqəti qüvvədə saxlanılması; beşincisi tarifə edilən qeydlərin 1-ci maddəsi aşağıdakı redaktədə verildi: «tarif siyahısında qeyd edilməyən mallar sərhəddən gömrük vergisi tutulmadan buraxılır».

Gömrük xidməti ilə sərhəd mühafizəsinin səlahiyyət və funksiya- Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 246 larının əlaqələndirilməsi, xüsusilə qaçaqmalçılıq hallarının qarşısının alınmasında birgə fəaliyyətin qaydalarının müəyyən edilməsi istiqamətində də iş aparılırdı. Azərbaycanın dövlət sərhədlərinin mühafizəsinin təşkili haqqında təşəbbüslərə hələ 1918-ci ilin oktyabr ayından başlanılmışdı. Parlamentin «Azərbaycan Cümhuriyyətinin gömrük münasibətlərini tənzimləmək üçün sərhəd mühafizəsinin təşkil edilməsi haqqında» 18 avqust 1919-cu il tarixli qanunu ilə yeni güc strukturunun yaradıldı. Cümhuriyyətin gömrük sərhədinin mühafizəsi 5 zonaya bölünmüşdü: Bakı, Lənkəran, Qarabağ, Gəncə və Zaqatala sərhəd rayonları. Sərhəd rayonlarının formalaşması işinə 1919-cu ilin sentyabrından başlanmış və həmin ilin noyabrında qismən başa çatdırılmışdı.
AXC-nin gömrük siyasəti
AXC hökuməti gömrük şöbəsi ilə sərhəd mühafizəsinin işinin əlaqələndirilməsi üçün kompleks tədbirlər həyata keçirmişdir. Milli kadrların sərhəd xidmətinə cəlb edilməsinə xüsusi fikir verilirdi. Müsadirə edilən qaçaq malların, sərhəddən qanunsuz keçirilən at və digər qoşqu vasitə- lərinin, mal-qaranın, tez xarab olan ərzaq və digər malların qiymətləndirilməsi, onların hərracından əldə edilən gəlirlərin qısa müddətdə dövlət xəzinəsinə keçirilməsi sərhəd mühafizə məntəqələrinin gömrükxanaya bilavasitə yaxın məsafədə yerləşməsini zəruri edirdi. Gömrük buraxılış məntəqələri və sərhəd mühafizəsi dəstələrinin dövlət sərhəd xətti boyu yerləşdirilərkən optimal məsafənin saxlanılması gözlənilirdi. Bu, qaçaqmal- çılığa qarşı mübarizə işinin qarşılıqlı surətdə əlaqələndirilməsinə imkan verirdi. Arxiv fondunda sərhəd-postlarının yerləşdirilməsini əks etdirən, sərhəd mühafizə şöbəsində hazırlanan və nəzarət məntəqələrinin dislokasiyasına aid xəritə-sxem aşkar edilmişdir (1919-cu il).

Azərbaycanın Cümhuriyyət dövrü gömrük siyasətinin əsas xüsusiyyətlərini belə ümumiləşdirmək olar:

1. AXC yarandığı gündən bütün çətinliklərə və təzyiqlərə baxmayaraq xarici ticarətin gömrük-tarif tənzimlənməsi sahəsində müstəqil siyasət yeridirdi. Milli gömrük xidmətinin yaradılması dövlət quruculuğunun bu sahəsində tarixi ənənələrin bərpası, yüz illərlə mövcud olmuş gömrük işinin yeni tarixi şəraitdə davam etdirilməsi demək idi.

2. Azərbaycan hökuməti gömrük işi və gömrük sərhədinin qorunması ilə bağlı məsələlər hüquqi əsaslar üzərində qurulurdu.
Gömrük işinin qanunverici bazasının yaradılması üçün xeyli iş görüldü, bilavasitə gömrük işinin təşkilinə aid onlarla qanun və qərarlar Parlament və hökumət səviyyəsində hərtərəfli müzakirə edilərək qəbul edilirdi.

3. Gömrük xidməti əsasən üç vəzifəni yerinə yetirirdi: birincisi, ölkənin iqtisadi təhlükəsizliyi (yerli istehsalın xarici rəqabətdən qorunması, daxili bazarın kütləvi tələbat mallarına olan ehtiyacının tənzimlənməsi); ikincisi, sərhədlərin mühafizəsinin təmin edilməsi, ölkənin maddi və mədəni dəyərlərinin xarici ölkələrə daşınması və qaçaqmalçılıq hərəkətlərinə qarşı Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) 247 mübarizə (polis funksiyası); üçüncüsü, xarici ticarət dövriyyəsinin qeydə alınması (statistik hesabatların hazırlanması).

4. Azərbaycan hökuməti xarici ticarət əlaqələri yaradarkən dünya bazarında xammal və sənaye mallarının çatışmazlığını nəzərə almağa, xüsusilə gömrük siyasətini düzgün istiqamətdə qurmağa çalışırdı. Əsas vəzifələrdən biri həvəsləndirmə tədbirləri tətbiq etməklə (gömrük ödəniş- lərinin geri qaytarılması, aksiz dərəcələrinin, dəmiryolu tariflərinin aşağı salınması, idxala proteksionist yanaşma tədbirləri və s.) ticarət dövriyyəsində ixracın həcminin idxala nisbətən üstünlüyünə nail olmaq idi.

5. Mövcud tarixi sənədlər AXC hökumətinin qonşu dövlətlərlə gömrük əməkdaşlığı sahəsində konkret işlər görməsinin təsdiq edir. Bu istiqamətdə Osmanlı və İran dövlətləri, Gürcüstan Respublikası və Şimali Qafqazın Dağlı Xalqlar İttifaqı Respublikası ilə bağlanan müqavilə və sazişlər xarici ticarətin siyasi-iqtisadi və hüquqi tənzimlənməsinin milli maraqlar üzərində qurulmasına təminat verirdi.

6. Yaxın və uzaq xarici dövlətlərlə iqtisadi əlaqələrin bərabərhüquqlu əsaslar üzərində qurulması Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasətinin əsas meyarlarından birini təşkil edirdi. Azərbaycan Parlamenti və hökuməti bu sahədə qanun layihələri hazırlamaqla kifayətlənmir, dünyanın bir sıra ölkələri, o cümlədən Osmanlı dövləti, İran, İngiltərə, İtaliya, Fransa, ABŞ, qonşu dövlətlərdən Gürcüstan, Dağlılar Respublikası, Orta Asiya vilayətləri ilə iqtisadi əlaqələr yaradılmasına çalışırdı.

7. İqtisadi təhlükəsizlik məsələləri və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi Azərbaycan hökumətinin gömrük siyasətinin əsas prioritetlərindən biri oldu. Ağır təsərrüfat dağınıqlığı, kəskin siyasi, hərbi, diplomatik və ideoloji təzyiq altında fəaliyyət göstərilməsinə baxmayaraq, xarici ticarət-iqtisadi əlaqələrinin milli maraqlara söykənən prinsipləri müəyyənləşdirildi: a) Azərbaycan əhalisinin ehtiyacı üçün lazım olan malların ölkəyə axınının sürətləndirilməsi; b) malların möhtəkirlik məqsədilə ölkə ərazisindən çıxarılması qarşısının alınması; c) ölkə iqtisadiyyatının və maliyyə mənbəyinin əsasını təşkil edən neft məhsullarının xaricə daşınması və satışının tənzimlənməsi və ç) ixrac və idxal əməliyyatları üzrə sahibkarlardan daxil olan müraciətlərin müzakirə edərək zəruri qərarların qəbul edilməsi.

8. Cümhuriyyət hökuməti idxal mallarından əlavə, ixrac malları üzərində də gömrük rəsmiləşdirməsinin tətbiq edilməsini zəruri saydı. Bu tədbirin mühüm fiskal əhəmiyyəti oldu. Ölkənin xarici ticarət dövriyyəsinin genişlənməsi Azərbaycan hökumətinə dövlət büdcəsinin formalaşmasında gömrük gəlirlərinin payını artırmaq imkanı verdi. Bu dövrün gömrük yığımlarının həcmini əks etdirən məlumatlar ilkin mənbələrə əsaslanaraq ümumiləşdirilmişdir.

9. Sərhədlərin mühafizəsinin formalaşdırılması dövlət quruculuğu prosesinin tərkib hissəsi olub, gömrük nəzarətinin təşkili ilə prosesi ilə üzvi surətdə bağlı idi. Bu dövrdə hər iki qurum Maliyyə Nazirliyi tərəfindən idarə edilirdi. Gömrük orqanları və sərhəd mühafizəsi dəstələri öz səlahiyyətləri çərçivəsində iqtisadi təhlükəsizliyin təmin edilməsi və qaçaqmalçılığa qarşı mübarizə işində eyni məsuliyyəti daşıyırdılar.

10. Araşdırmalarla gömrük xidməti və gömrük baxımından sərhəd mühafizəsinin inzibati-idarəetmə strukturu öyrənilmiş, gömrük və sərhəd mühafizə məntəqələrinin sayı və dislokasiya yerləri dəqiqləşdirilmişdir. Lakin məlum obyektiv və subyektiv səbəblər üzündən milli dövlət quruculuğu, o cümlədən gömrük işi sahəsində tədbirlərin tam ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi mümkün olmadı. Birincisi, AXC-nin azömürlü olması bu sahədə geniş fəaliyyətinə, qəbul edilən bir çox qanunların və struktur dəyişikliklərinin tətbiq edilmə- sinə imkan olmadı. İkincisi, Parlamentin və hökumətin tərkibinin siyasi cəhətdən həddən çox rəngarəng olması xarici iqtisadi siyasət və gömrük siyasəti sahəsində çevik islahatlar həyata keçirilməsini çətinləşdirirdi. Üçüncüsü, xarici ticarətin tənzimlənməsi işinin müxtəlif dövlət qurumlarına həvalə olunması, gömrük nəzarətinin səmərəsinə mənfi təsir göstərirdi. Xüsusən, dəmiryolu stansiyalarında gömrük nəzarətinin həyata keçirilməsində digər təşkilatlarının işə müdaxiləsi pərakəndəlik yaradırdı. Dördüncüsü, daimi ixrac bazarının olmaması, maliyyə böhranı, nəqliyyat çətinlikləri, hərbi və iqtisadi blokadalar bu sahədə işlərin ardıcıl həyata keçirilməsinə imkan vermirdi. Beşincisi, gömrük orqanlarında təcrübəli və peşəkar azərbaycanlı kadrların son dərəcə az olması, bu işə bəzi hallarda qeyri-peşəkarların cəlb edilməsi vəziyyəti ağırlaşdıran amillərdən idi.

Bütün bunlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin gömrük işi sahəsindəki səyləri və həyata keçirdiyi vəzifələr bu gün də nəzəri və praktik əhəmiyyət kəsb edir. Sözsüz ki, Azərbaycanın dövlət quruculuğunun bu mühüm sahəsində əldə etdiyi tarixi təcrübə hərtərəfli öyrənilməyə və təbliğ edilməyə layiqdir. Bu təcrübə Azərbaycanın dövlətçilik ənənələrinin bərqərar olması, dövlətin idarə edilməsində mühüm qurumlardan biri olan gömrük xidmətinin təşəkkülü və inkişafı tarixinin öyrənilməsi baxımından gərəklidir. AXC-nin tarixi təcrübəsi, gömrük quruculuğu sahəsində gördüyü işlər hədər getmədi. Nəhəng sovet imperiyasına qarşı əzmlə mübarizə aparan Azərbaycan xalqı nəhayət, 1991-ci il oktyabrın 18-də müstəqilliyinə qovuşdu.

Ülvi Əfqanlı

“İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir”
loading...
XƏBƏR LENTİ